Parlamentdə büdcə zərfinin müzakirəsi başa çatıb Siyasət

Parlamentdə büdcə zərfinin müzakirəsi başa çatıb

Millət vəkillərinin təkliflərini dəyərləndirmək üçün hökumətə dekabrın 16-dək vaxt verilib

Milli Məclisin plenar iclası keçirilib. İclasda 5 məsələ - "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında" "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında", Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il üçün xərclər smetası haqqında, Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında qanun layihələri müzakirə olunub.
Millət vəkili Fazil Mustafa deyib ki, ölkədə işsizliyin artması insanları kriminal aləmə sövq edir. Onun sözlərinə görə, hökumət yaranmış vəziyyətdə yeni iş yerləri açmaq və insanların məşğulluğunu təmin etmək istiqamətində ciddi tədbrilər planı həyata keçriməlidir: "Əks təqdirdə, bu işsizlik ciddi fəsadlara gətirib çıxaracaq. Mən bu günlərdə rayonların birində yas mərasimində idim. Insanlar işsizlik problemindən narahatlıqlarını dilə gətirirdilər. Bildirirdilər ki, işsizlik artıq gənclər arasında narkomaniyaynın inkişaf etməsinə təkan verməklə yanaşı, onları kriminal aləmə də sövq edir. Ona görə də bu problemin qarşısının alınması təkcə polisin gücü daxilində deyil. Gərək hökumət də bu istiqamətdə ciddi tədbirlər həyata keçirsin. Hansı yolla yeni iş yerləri açılmalıdır, hökumət bu məsələyə ciddi yanaşmalıdır. Yoxsa gələcəkdə bunun fəsadları pis ola bilər".
Deputat Rafael Cəbrayılovun fikrincə, cəmiyyətin bir hissəsi var ki onlar Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsini səbirsizliklə gözləyirlər: "Bu, da təbii haldır. Çünki onlar cəmiyyətin həssa təbəqələridir və dövlətin humanist siyasətinə daha çox ehtiyacları var".
Sosial siyasətin ölkəmizdə əsas prioritet sahə olduğunu deyən R.Cəbrayılov işsizliyə görə icbari tibbi sığortanın tez həyata keçirilməsini edilməsini təklif edib: "Ölkəmizdə son illər ünvanlı sosial yardımlarla bağlı müsbət istiqamətdə dəyişikliklər var. Bildiyiniz kimi ölkədə ünvanlı sosial yardımların verilməsi üçün meyar 116 manat götürülüb və bu yardım əmək qabiliyyətli insanlara verilmir. Bu, düzgündür. Lakin işsizliklə bağlı problemləri nəzərə alsaq, çətin iqtisadi dövrdə iş tapa bilməyənlərə kömək etmək olar. Elə ailələr var ki, onların evlərinə əmək haqqı qismində gəlir daxil olmur və onlar iş tapa bilmirlər. Belə insanlara müvəqqəti kömək etmək lazımdır. Şərti də olsa belə şəxslərə ünvanlı sosial yardım verilə bilər".
Deputat əmək pensiyalarının hesablanması ilə bağlı bəzi bölgələrdə ciddi problemlərin də olduğunu vurğulayıb: "Pensiya alanlarla müvafiq qurumlar arasında pensiyaların hesablanması ilə bağlı xoşəgəlməz hallar olur. Hətta bu problemlər məhkəmə çəkişmələrinə də gətirib çıxarır. Bəzən insanlar məhkəmələrdə udsalar da, onların yerinə yetirilməsi ilə əlaqədar problemlər ortaya çıxır. Bu baxımdan düşünürəm ki, nazirlik bununla bağlı məsələləri ciddi nəzarət də saxlamalı və məhkəmə qərarlarının yerinə yetirilməsinə diqqət edilməlidir".
Deputat Bəxtiyar Əliyev diqqətə çatdırıb ki, vaxtilə deputatlar və digər kateqoriyadan olan insanlar üçün mənzillər də tikilirdi: "Baş nazir Artur Rasizadənin 2006-cı ildə verdiyi sərəncamla kompensasiya verilmək şərti ilə yüksək məbləğdə dövlət vəsaiti hesabına deputatlar üçün binaların tikilməsi də nəzərdə tutulmuşdu". Bəxtiyar Əliyev deputatlar üçün tikilməsi nəzərdə tutulan evlərə ayrılan milyonların hara getdiyini Baş nazir Artur Rasizadədən soruşub: "Üstündən 10 il keçib və dövlət büdcəsindən milyonlarla vəsait hansısa şirkətlərə ayrılıb. Amma 10 il keçməsinə baxmayaraq, o şirkətlər hələ də bu mənzilləri tikib insanlara verməyib. Ona görə də mən Baş nazirə burada müraciət edirəm: Cənab Baş nazir, sizin sərəncamınızla ayrılmış o milyonların 10 il keçməsinə baxmayaraq, hələ də hara xərcləndiyi açıqlanmayıb və bu istiqamətdə işlər görülməyib. Bunun araşdırılmasına göstəriş verin. Nədənsə bu məsələ indiyə kimi öz həllini tapa bilmir".
Spiker Oqtay Əsədov isə Bəxtiyar Əliyevin müraciətinə belə reaksiya verib: "Bəxtiyar müəllim, siz 2002-ci ildə deputatlar üçün tikilən mənzillərdən danışırsınız? Orada növbədə olan deputatların 80 faizi ya pullarını, ya da mənzillərini alıblar. İndi də binanın tikintisini başa çatdırırlar. Bina başa çatanda kimin ki orada mənzili var, onu da alacaqlar. Orada problem olmayıb".
Millət vəkili Zahid Oruc şəhid ailələrinə verilən müavinətlərin ailə üzvləri arasında bölünməsi ilə bağlı narahatlığını ifadə edib: "Şəhid ailələrinə 220 manat müavinət verilir. Bu vəsait qayınata, qayınana və şəhidin həyat yoldaşı arasında bölünür. Bununla da, şəhid ailəsinə düşən vəsait azalır. Təklif edirəm ki, bu vəsait şəhidin həyat yoldaşına verilsin".
Deputat Qənirə Paşayeva 1-ci qrup əlillərin üzləşdiyi problemlər, çətinliklər barədə danışaraq hökuməti 1-ci qrup əlillərə verilən müavinətlərin və təqaüdün yaşayış minimumundan çox olması üçün artırmağa çağırıb: "Məlum olduğu kimi, 1-ci qrup uşaqlıqdan əlillərə, eləcə də 1-ci qrup əmək stajı olmayan ümumi səbəbdən əlillərə verilən müavinətin məbləği yaşayış minimumundan çox aşağıdır və cənab Prezidentin onlara təqaüd verilməsi barədə qərarından sonra 1-ci qrup əlillərin aldığı ümumi məbləğ ölkə üzrə yaşayış minimumuna bərabər olmuşdu. Amma devalvasiya, qazın, işığın və bir sıra məhsulların qiymətinin artması fonunda əlillərin aldığı vəsait onların ehtiyaclarını qarşılaya bilmir. Üstəlik 2017-ci ildə ölkə üzrə yaşayış minimumu 140 manatdan 155 manata qaldırılır və demək 1-ci qrup əlillərin aldığı müavinət və təqaüd birlikdə yenə ölkə üzrə yaşayış minimumundan aşağı olacaq. Ona görə də yaxşı olardı ki, 1-ci qrup əlillərə verilən müavinət və təqaüd birlikdə ən azı ölkə üzrə yaşayış minimumu səviyyəsindən yuxarıya qaldırılsın. Və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova da sualım elə budur ki, 2017-ci ildə bu məsələ nəzərdə tutulurmu?
Çünki 1-ci qrup əlillər ağır xəstəliklərdən əziyyət çəkən insanlardır, iş imkanları yoxdur. Bütün bunları nəzərə alaraq 1-ci qrup əlillərə verilən müavinətlərin artırılmasına ciddi ehtiyac var. 1-ci qrup əlillərin vəziyyəti doğurdan da çətindir və hökumətdən xahiş edirik ki, onların müavinətlərinin artırılması məsələsinə baxsınlar və həllinə kömək etsinlər".
Millət vəkili fiziki imkanları məhdud on səkkiz yaşına çatmayan əlil uşaqların aldığı 67 manat müavinətin də çox aşağı olması barədə danışıb və onun ölkə üzrə ən azı ehtiyac meyarı məbləğinə qaldırılmasının vacibliyini vurğulayıb. "Bu uşaqların ehtiyaclarını, sağlamlığı, təhsili, təlimi və s. istiqamətlərı də nəzərə alsaq ailələrin üzərinə düşən çətinlikləri görə bilərik. Onların gündəlik ehtiyacları ilə yanaşı, dərmanlarının alınması, müalicəsi və s. kimi ehtiyacları böyükdür və 67 manat onları qarşılamaq üçün çox azdır. Ailələrin bu məsələ ilə üzləşdiyi çətinlikləri nəzərə alaraq bu müavinətlərin artırılmasına böyük ehtiyac var. Səlim müəllimdən bilmək istəyərdik ki, 2017-ci ildə bu məsələ diqqətdə olacaqmı? Çünki bu məbləğin artırılması çox vacibdir. Əlil uşaqların ehtiyacını aldıqları 67 manat müavinət demək olar ki qarşılamır və onlara dəstəyin artırılması vacibdir".

Millət vəkili yaşa görə müavinətlərin artmasının vacibliyinə də toxunub. "Mən bu günlərdə Tovuzdan səfərdən gəlirəm. Kənddə bir pensiyaçı sakinimiz məndən soruşur ki, Qənirə xanım siz pensiyaçı ananıza kömək edirsinizmi? Deyirəm, bəli, edirəm. Deyir, amma mənim övladım sağ deyil, dünyasını dəyişib və indi onun da balalarına mən dəstək olmalıyam, bəs 67 manat müavinətlə mən nə edim? Ona görə yaşa görə müavinətlərin artmasına da böyük ehtiyac var. Səlim müəllimdən soruşmaq istəyərdim ki, bu məsələ, yəni yaşa görə müavinətlərin artması 2017-ci ildə nəzərdə tutulubmu? Manatın devalvasiyası, qaz, elektrik qiymətlərinin və eləcə də bəzi məhsulların qiymətinin artması fonunda bu artıma çöx böyük ehtiyac var və insanlar bunu gözləyir".
Deputat Rəşad Mahmudov deyib ki, ötən il ölkəmizdə dünyasını dəyişənlərin 57 faizi ürək-damar xəstəlikləri səbəbindən ani olaraq həyatını itirib. O, vurğulayıb əgər 2 saat ərzində həkim müdaxiləsi olsaydı, həmin insanların 10-15 min nəfərini xilas etmək mümkün olardı: "İnfarkt nəticəsində xəstəxanaya düşən insanların 10-15 faizi birinci qrup əlilə dönürlər. 10-15 min insanın bir il içərisində dünyadan köçməməsi, həmçinin əlil olmaması, dövlətə, ailələrə əlavə xərc gətirməməsi üçün imkanlar var. Azərbaycan səhiyyəsində bu problemi aradan qaldırmaq üçün imkanlar var". R.Mahmudov bununla bağlı təkliflərini səsləndirib.
Spiker deyib ki, Səhiyyə və Maliyyə nazirlikləri ilə danışıb, bu istiqamətdə hansısa addım atmaq olar.
Qeyd edək ki. bununla da Milli Məclisin plenar iclasında 2017-ci il üçün büdcə zərfinin müzakirəsi başa çatıb. Millət vəkillərinin təkliflərini dəyərləndirmək üçün hökumətə dekabrın 16-dək vaxt verilib.

Əli