Transxəzər Dəhlizi Azərbaycan və Qazaxıstan üçün prioritet layihəyə çevrilib - Analitik Siyasət

Transxəzər Dəhlizi Azərbaycan və Qazaxıstan üçün prioritet layihəyə çevrilib - Analitik

Transxəzər Dəhlizi Azərbaycan və Qazaxıstan üçün prioritet layihəyə çevrilib.

Bunu APA-ya açıqlamasında Qazaxıstanın Avrasiya İnteqrasiyası İnstitutunun aparıcı analitiki Nuralı Kamal deyib.

Ekspert bildirib ki, son beş ildə Transxəzər Beynəlxalaq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə yük daşımaları 6 dəfə artaraq 4,5 milyon tona çatıb və bu göstəricinin yaxın illərdə 10 milyon tona yüksələcəyi gözlənilir.

Son beş ildə Orta Dəhliz üzrə yük axını 6 dəfə artaraq 4,5 milyon tona çatıb. Lakin bu, hələ son hədd deyil. Hazırda Qazaxıstan, Azərbaycan, Türkiyə və Gürcüstan marşrut üzrə “dar boğazların” aradan qaldırılması üzrə Yol Xəritəsini həyata keçirir. Bu, illik daşıma gücünü 10 milyon tona çatdıra bilər. Astana Beynəlxalq Maliyyə Mərkəzi bazasında “Middle Corridor Multimodal” adlı birgə müəssisə yaradılıb. Qazaxıstan, Azərbaycan və Gürcüstanı birləşdirən bu qurum “bir pəncərə” prinsipi ilə fəaliyyət göstərəcək, tranzit proseslərinin rəqəmsal həlli, vahid tariflər və gömrük bəyanları məsələlərini koordinasiya edəcək. Bu layihə hər iki ölkə üçün prioritet iqtisadi istiqamətdir. Onun artan geosiyasi əhəmiyyəti Qazaxıstan və Azərbaycan üçün yeni imkanlar açır. Hər iki dövlətin uzlaşdırılmış və rasional siyasəti onların regional mövqelərini daha da gücləndirir,” – deyə Kamal vurğulayıb.

Analitikin sözlərinə görə, Türk Dövlətləri Təşkilatı (TDT) Qazaxıstanın çoxşaxəli xarici siyasətində xüsusi yer tutur.

"TDT-nin XII sammitində Prezident Kasım-Jomart Tokayev “TDT+” formatının yaradılmasını dəstəklədi, həmçinin Kiber Təhlükəsizlik Şurasının, Rəqəmsal İnnovasiyalar Mərkəzinin və Enerji Səmərəliliyi üzrə Ən Yaxşı Təcrübələr Şurasının təsis edilməsini təklif etdi. Bu təşəbbüslər Qazaxıstanın texnoloji, enerji və humanitar əməkdaşlığı inkişaf etdirmək niyyətini əks etdirir. Bundan əlavə, TDT Mərkəzi Asiya və Cənubi Qafqaz arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın dərinləşməsi üçün möhkəm mədəni-sivilizasiya bazası formalaşdırır. Bu, qarşılıqlı yaxınlaşmanın yeni mərhələsi kimi qiymətləndirilə bilər: xalqlarımız bir-birini yenidən kəşf edir, dilləri, adət-ənənələri və türk dünyasının mədəni irsini daha yaxşı anlayır. İlk növbədə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) çərçivəsində dövlətlərarası koordinasiyanı tam şəkildə təmin etmək lazımdır. Bütün inzibati məsələlər həll edilməli, müxtəlif informasiya sistemləri birləşdirilməli, yüklərin daşınmasının bütün mərhələlərində vahid rəqəmsal yanaşmalar hazırlanmalıdır. TBNM-in inkişafı ilə bağlı problemlər əsasən inzibati xarakter daşıyır, infrastruktur deyil. İkincisi, hər iki ölkə güclü olduğu sahələrdə bir-birinə dəstək göstərə bilər. Məsələn, Qazaxıstan dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində təcrübəsini bölüşə bilər, Azərbaycan isə turizm sektorunun inkişafında diversifikasiya üzrə təcrübəsini təqdim edə bilər," deyə analitik fikrini yerkunlaşdırıb.