Elmar Məmmədyarov Finlandiya XİN-in dövlət katibi ilə görüşüb Siyasət

Elmar Məmmədyarov Finlandiya XİN-in dövlət katibi ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Finlandiyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Peter Stenlund ilə görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinə toxunulub. Peter Stenlund Azərbaycanın müstəqilliyinin 25-ci ildönümü ilə əlaqədar nazir Elmar Məmmədyarova təbriklərini çatdırıb.
Peter Stenlund tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə və ATƏT-in Minsk qrupunun fəaliyyətinə dəstək ifadə olunub.
Nazir Elmar Məmmədyarov münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında həmsöhbətinə ətraflı məlumat verib. Münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalı olduğunu vurğulayıb. O, Vyana və Sankt-Peterburqdakı yüksək səviyyəli substantiv müzakirələrdən sonra Ermənistanın müxtəlif təxribatlara əl ataraq münaqişənin həlli üzrə aparılan danışıqları və müzakirə olunan məsələləri pozmağa çalışdığını bildirib.
Görüşdə həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.