“İranla Ermənistan arasında hər zaman əməkdaşlıq olub” Siyasət

“İranla Ermənistan arasında hər zaman əməkdaşlıq olub”

Mübariz Əhmədoğlu: "Son zamanlar bu əməkdaşlıq daha da inkişaf edib"

"İranla Ermənistan arasında hər zaman əməkdaşlıq olub. Son zamanlar bu əməkdaşlıq daha da inkişaf edib. Ermənilər də İsrail məsələsində İranı qızışdırır. Ermənilər düşünür ki, aprel döyüşləri zamanı Azərbaycanı qalib çıxaran İsrail silahları idi".
Bu fikri politoloq Mübariz Əhmədoğlu İsrail baş naziri Benjamin Netanyahunun Azərbaycana səfərinə İranın narazılıq etməsinə münasibətində deyib. O qeyd edib ki, bu məsələdə heç İranı qızışdırmağa ehtiyac yoxdur, çünki onun İsraillə münasibətləri kəskindir: "Biz müstəqil dövlətik, xarici siyasətimizi də öz maraqlarımız üzərində qururuq. Başqa dövlətlərin marağını nəzərə almaq bizim borcumuz deyil".
Politoloq bildirib ki, İranın Misirlə böyük problemi var, Səudiyyə Ərəbistanı ilə düşmən vəziyyətdir. Pakistanın az qalsın yarısını terrorçu elan edib. Bizim isə bu ölkələrlə münasibətimiz var: "Əgər İranın İsraillə bağlı dediklərini dinləsək, İran sabah deyəcək ki, Pakistanla, Misirlər, Səudiyyə ilə əlaqələri kəsin. Regionda İranın ən böyük rəqibi Rusiyadır. İranın hər hansı formada təzyiqini qəbul etsək, Rusiya ilə ümumiyyətlə əlaqələri dayandırın deyəcək".
M. Əhmədoğlu deyib ki, İran-Ermənistan kontekstində İsrail məsələsinin spesifik tərkib hissələri var: " İranla Ermənistan münasibətləri çox strukturlaşıb, bütün sahələri əhatə edir. Amma bizim İsraillə münasibətlərimiz strukturlaşmayıb, yalnız hərbi sahədə əməkdaşlığımız inkişaf edib. İran siyasətçiləri özlərinin Ermənistanla münasibətlərinə baxsınlar, sonra bizim İsraillə münasibətlərimizə baxsınlar".
O əlavə edib ki, İranın Ermənistanda, Ermənistanın da İranda səfirliyi var. Azərbaycanın isə İsraildə səfirliyi yoxdur. İran bunu niyə görmək istəmir?
Politoloq deyib ki, bizim İsraillə münasibətlərimiz ümummilli liderin hakimiyyəti dövrünə düşdü: "1994-cü ildən sonra bu münasibətlər formalaşdı. Bu münasibətlər formalaşanda 1992-ci ildə Şuşanın işğalı əsas amil götürüldü. Belə ki, Azərbaycan İranın vasitəçilik missiyasını qəbul etdi, biz bunu qəbul etdiyimiz üçün Rusiya Ermənistanın əli ilə bizi cəzalandırdı, Şuşa işğal edildi. 1992-ci ildən sonra İran Ermənistanla dostlaşdı".
M. Əhmədoğlu əlavə edib ki, o dövrdə dövlətlərin çoxuna, İrana da Qarabağ məsələsi ilə bağlı müraciət etdik. İran isə kömək etmədi: "İsraildəki keçmiş bakılı yəhudilərin müraciəti isə qəbul olundu. İran Şuşanın işğalından sonra düzgün siyasət aparsaydı, bizim İsrail lobbisinə ehtiyacımız olmazdı".
Politoloq deyib ki, İran Dağlıq Qarabağ münaqişəsi regionunun qonşusudur: "Münaqişəyə təsir etmək üçün ən böyük rıçaq onun əlindədir. İranın bir neçə saat ərzində münaqişəni tənzimləmək imkanı var. Bunlar nə cür müsəlmandırsa, bir neçə saatı bizə vermirlər?".
O sonda bildirib ki, İran gedib ABŞ-da erməni lobbisinə pul verir ki, İranın maraqlarını müdafiə etsinlər. İsrail lobbisi isə özü bizlə əməkdaşlıq edir və ABŞ-da birinci lobbidir: "Hesab edirəm ki, İranın dedikləri tamamilə elmi, siyasi əsasdan məhrumdur. Azərbaycanın gördüyü işlər İranı narahat edir. İranın dediklərinə ciddi əhəmiyyət vermək lazım deyil. İran nə vaxt qonşuluğa, dinimizə sadiqlik göstərsə, biz münasibətlərə yenidən baxarıq".