Əraqçi: "Tramp administrasiyasına boğazın açılması və sülh üçün təklif göndərmişik" Dünya

Əraqçi: "Tramp administrasiyasına boğazın açılması və sülh üçün təklif göndərmişik"

Tehran bu həftə üçüncü tərəflərin vasitəçiliyi ilə keçirilən görüş zamanı ABŞ rəsmilərinə öz təklifini təqdim edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri İranın xarici işlər naziri Abbas Əraqçiyə istinadən məlumat yayıb.

"İran Tramp administrasiyasına Hörmüz boğazının yenidən açılmasını və tammiqyaslı müharibənin dayandırılması üzrə danışıqların yeddi gün ərzində bərpasını nəzərdə tutan təklif verib", - deyə nəşr Əraqçinin BMT Baş Assambleyası çərçivəsində jurnalistlər və ekspertlər qrupuna verdiyi bəyanatdan sitat gətirir.

İran XİN rəhbərinin sözlərinə görə, mövcud təklif tərəflərin iyun ayında razılaşdırdığı anlaşma memorandumuna bənzəyir.

Buna əsasən, ABŞ danışıqları bərpa etmək və boğazı yenidən açmaq üçün yeddi gün ərzində müəyyən şərtləri yerinə yetirməlidir.

Eyni zamanda, CNN telekanalı dəqiqləşdirir ki, ABŞ-nin şərtləri yerinə yetirməli olduğu yeddi günlük müddət Vaşinqtonun İranın təklifi ilə razılaşdığı günün ertəsi başlayacaq.

İranın xarici işlər naziri Vaşinqtondan cavab gözlədiklərini bildirib.

Əraqçi qeyd edib ki, Tehran tələsmir, lakin hesab edir ki, ABŞ-nin razılaşması və danışıqların noyabrın əvvəlində keçiriləcək Konqresə aralıq seçkilərindən əvvəl bərpa olunması daha yaxşı olardı.

Eyni zamanda, adı açıqlanmayan amerikalı rəsmi jurnalistlərə bildirib ki, ABŞ "üçüncü tərəflərin vasitəçiliyi ilə müsbət və konstruktiv danışıqlar aparır".

"Birləşmiş Ştatlar Hörmüz boğazına nəzarət edərək çox güclü mövqedə dayanır, buna görə də biz tələsmirik. Ötən gecə təxminən 22 milyon barel neft boğazdan keçib", - deyə rəsmi şəxs vurğulayıb.

Məryəm Quliyeva