19:21
455
“Azərbaycanın dağ-mədən sənayesi zəngin tarixə malikdir. Respublikamızda filiz çıxarılması və metallurgiyanın inkişafı Gədəbəy, Daşkəsən və digər bölgələrdə qədim zamanlardan başlayıb. Ölkəmizin dağ-mədən sənayesinin sürətli inkişafı əsaslı tədbirlərin keçirilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin hələ keçmiş SSRİ dövründə bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğısı nəticəsində respublikamızda çoxsaylı dağ-mədən filiz yataqları aşkar edilib”.
Bu fikirləri xalqcebhesi.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat qeyd edib ki, Azərbaycanda faydalı qazıntı yataqlarının kütləvi istismarına SSRİ dövründə başlansa da, müstəqilliyin ilk illərindən etibarən həmin yataqların əksəriyyətinin istismarı dayandırılıb: “Ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına dair müşavirdədə çıxış edən cənab prezident İlham Əliyev bildirib ki, dağ-mədən sənayesinin ölkə iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır. Bəli, hazırda dövlət iqtisadiyyatında dağ-mədən və metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi və əlavə dəyər zəncirinin yaradılması baxımından müstəsna əhəmiyyət daşıyır”.
M.Cəfərovun sözlərinə görə, hazırda bir çox perspektivli yataqlarımızın hələ də öz geoloji kəşfiyyat dövrünü gözlədiyini vurğulayan Prezident İlham Əliyev bu məsələlərin həlli üçün Dövlət Proqramı əsasında çox konkret mexanizmlərin tətbiq ediləcəyini, ilk növbədə, işğaldan azad edilmiş ərazilərdəki yataqların tezliklə işə salınacağını diqqətə çatdırıb: “Bu proqramın əhəmiyyəti yalnız yeni yataqların istismara verilməsi ilə məhdudlaşmır. Burada əsas məqsəd geoloji kəşfiyyatdan filiz hasilatına, zənginləşdirmədən metallurgiya məhsullarının istehsalına və ixracına qədər olan bütün mərhələnin vahid zəncirvari xəttinin yaradılmasıdır”.
Röya İsrafilova