MEK-də 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib Hadisə

MEK-də 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Öncə tədbir iştirakçıları MEK rəhbərliyinin müşayiəti ilə 44 günlük Vətən müharibəsindən bir müddət sonra yaranan və kitabxana sistemində ilk olan Qarabağ müharibəsi qəhrəmanları fondu ilə yaxından tanış olublar, buradakı guşə və nəşrlərə baxış keçiriblər, “Zəfər memarları” guşəsinin önündə xatirə şəkli çəkdiriblər.

Dəyirmi masa ətrafında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş nitqi ilə açan MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov bildirib ki, 27 sentyabr – Vətən müharibəsi şəhidlərinin Anım Günü xalqımızın yaddaşında xüsusi əhəmiyyət daşıyan tarixi günlərdən biridir. Bu əlamətdar tarix 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsinin ilk gününü, Azərbaycan xalqının ərazi bütövlüyü və tarixi ədalətin bərpası uğrunda mübarizəsinin yeni mərhələsini ifadə edir.

Direktor qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğal altında olan ərazilərimizin böyük hissəsi qısa müddətdə azad edilib. Azərbaycan hərbi qüdrətini, xalqın həmrəyliyini və milli iradəsini bütün dünyaya nümayiş etdirib. 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirlərinə nəticəsində isə, ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunub.

Çıxışı zamanı direktor MEK əməkdaşları arasında şəhid ailələrinin üzvlərinin olduğunu da vurğulayıb. O, Birinci Qarabağ müharibəsində öz qardaşının da şəhid olduğunu diqqətə çatdıraraq şəhidliyin Azərbaycan xalqının yaddaşında yalnız itki və kədər deyil, eyni zamanda Vətənə bağlılığın, fədakarlığın və qəhrəmanlığın ən yüksək nümunəsi kimi yaşadığını xüsusi qeyd edib.

Tədbirdə şəhid Rəşad Quliyevin anası Mətanət Quliyeva, şəhid Cəmil Nəcəfovun anası Mətanət Nəcəfova, şəhid Əsəd Həsənovun anası Mələk Həsənova, şəhid İlqar Əhmədovun anası Leyla Əhmədova çıxış ediblər. Analar övladlarının şəhidlik zirvəsinə gedən yolda göstərdikləri qəhrəmanlıqlardan söz açıb, onların Vətənə, torpağa və xalqa olan sevgisindən bəhs ediblər.

Şəhid anaları vurğulayıblar ki, 27 sentyabr onlar üçün həm Anım, həm də qürur günüdür. 30 ildən artıq müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi kimi müqəddəs missiyanı həyata keçirmək və xalqımızın illərdir gözlədiyi Zəfəri qazandırmaq məhz onların övladlarına nəsib olduğunu böyük fəxarətlə diqqətə çatdırıblar.

Daha sonra şəhid anası Leyla Əhmədova müəllifi olduğu kitabları MEK-in fonduna hədiyyə edib.

Tədbir zamanı I Qarabağ müharibəsinin qaziləri İlqar Hüseynov və Elşad Babayev çıxış edərək döyüşçülərin nümayiş etdirdiyi rəşadət və vətənpərvərliyin gənc nəsillər üçün hər zaman bir məktəb, qürur mənbəyi olaraq qalacağını əminliklə ifadə ediblər.

Sonda MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri, şəhid bacısı Röksanə Səfərzadə Azərbaycan tarixində qızıl hərflərlə yazılmış Şanlı Zəfərin memarları və bu tarixi yazan qəhrəmanlarımızın əziz xatirəsinin kitabxana fondunda ən yüksək səviyyədə qorunduğunu və təbliğ edildiyini deyib.

Tədbir çərçivəsində Anım Gününə dair kitab sərgisi təşkil olunub, video nümayiş etdirilib.