18:13
336
Baş nazirin müavini Şahin Mustafayev Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümünə həsr olunmuş tədbirdə qeyd edib ki, bu ilin yeddi ayı ərzində Azərbaycan və Çin arasında tranzit yük daşımalarının həcmi 2025-ci ilin analoji dövrü ilə müqayisədə 8 faiz artaraq 272,6 min tona çatıb.
Bu barədə xalqcebhesi.az-a danışan iqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, nəzərə alsaq ki, Fars körfəzi fəaliyyət göstərmir, həmçinin Bab əl-Məndəbdə, Qırmızı dənizdə problem var, indiki məqamda Çindən gələn yüklərin tranzitinin 8 faiz artması çox cüzi rəqəmdir: “Orta Dəhliz hələ tam fəaliyyət göstərə bilmir, çoxlu problemlər var. Orta Dəhlizi inkişaf etdirmək Azərbaycanın hədəflərindən biridir. Amma bu, tək Azərbaycandan asılı məsələ deyil, Mərkəz Asiya, Çin, Gürcüstanla əlaqədar məsələdir. Azərbaycan Orta Dəhlizdəki ölkələrdən biridir. Zəngəzur Dəhlizi açılandan sonra isə daha yaxşı olması güman edilir. Çin nəhəng ölkədir və oradan gələn yüklərin bir qisminin Azərbaycandan keçməsi çox fayda verəcək. Bu, iqtisadi dəyər yaradır, dövlətin yaratdığı infrastruktur gəlirli işləyir, iş yerlərinin açılmasına təsir göstərə bilər. Yəni indiki rəqəmlərdən çox, gələcək perspektivlər daha maraqlı görünür”.
Röya İsrafilova