Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan baş qərargah rəisləri təcili toplanır Dünya

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan baş qərargah rəisləri təcili toplanır

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri Yəmənin üsyançı "Ənsar Allah" hərəkatından olan husilərin davam edən hücumları ilə əlaqədar Birgə Müdafiə üzrə Məkkə Sazişi çərçivəsində Ər-Riyada dəstək tədbirlərini müzakirə etmək üçün görüş keçirəcəklər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Görüş iştirakçıları Birgə Müdafiə üzrə Məkkə Sazişinə uyğun olaraq Krallığa dəstək yollarının axtarılması məqsədilə üç ölkənin baş qərargah rəislərinin təcili müşavirəsinin keçirilməsinə dair mövcud razılaşmaları müzakirə ediblər", - deyə bəyanatda bildirilir.

Qeyd olunduğu kimi, danışıqlar cümə axşamı Səudiyyə Ərəbistanının Nyu-Yorkda BMT yanında daimi nümayəndəliyinin qərargahında baş tutub. Danışıqlarda Krallığın xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri İshaq Dar iştirak ediblər. Tərəflər müdafiə paktı çərçivəsində baş katibliyin, komitələrin və işçi qruplarının yaradılması istiqamətində əldə olunan irəliləyişləri nəzərdən keçiriblər.

Məryəm Quliyeva