Ermənistan-Azərbaycan, Daglıq Qarabag munaqişəsinin həlli beynəlxalq hüququn prinsiplərinə əsaslanır Siyasət

Ermənistan-Azərbaycan, Daglıq Qarabag munaqişəsinin həlli beynəlxalq hüququn prinsiplərinə əsaslanır

Hər zaman məqsədi və məramı ədalət, məğrurluq, mübarizə və sülh olan yaşadığımız bu müqəddəs yurd min illər boyu neçə-neçə qəsbkarlıq həmlələrinin qurbanına çevrilib. Yaddaşı tarixilərlə səsləşən, heç nəyi yadırğamayan Azərbaycan bu gün öz ideyaları, amalları uğrunda uğurla addımlayır. Tarix göstərir ki, Vətənimiz hər zaman düşmənlərinin məkrli, çirkin siyasətinin pusqusuna düşüb. Ancaq millətimizin əzmi, iradəsi, milli mübarizə əzmi və qəhrəmanlığı onu belə pusqulardan, bəlalardan daim kənarda saxlayıb, qoruyub. Bu məmləkətin çoxda uzaq olmayan XX əsrin 90-cı illərində yaşadığı çətin, məşəqqətli günləri regionun tarixində olduqca sarsıdıcı hadisələr kimi arxivləşdi. SSRİ-nin çökməsi, postsovet ölkələrində çaxnaşma, xaos, hakimiyyət hərisliyi, bir sözlə dövlətlərdə yaranan milli qarışıqlıq və bu proseslərdən yararlanmaq məntiqi bir çox mütərəqqi qüvvələrin məqsədləri naminə arzuladığı siyasi gedişat idi. Belə bir dövrdə Azərbaycan da sözügedən proseslərdən yan deyildi. Ölkəmizin daxilində çaxnaşmalar fonunda günü-gündən şiddətlənən siyasi proseslər, xarici qəsbkarlığın ölkəmizə birbaşa təşviq edilməsi vəziyyəti anbaan mənfiyə çəkirdi. Bəli, belə bir zamanda tarixən millətimizin tərkibində yaşayan, aramızda, hətta azsaylı xalq kimi yaşasalar belə, hər zaman bizlərdən hörmət görən riyakar və saxtakar erməni qəsbkarları kimlərinsə çirkin tapşırıqlarına adətləri üzrə alət oldular. Bu dəfə müvafiq situasiyaların əlverişliliyindən istifadə edən düşmənlərimizin havadarları erməni terrorçularının əli ilə bizə qarşı qəsbkarlıq, işğalçılıq, terrorçuluq, vandalizm, revanşizm və soyqırımı siyasətlərini işə saldılar.


Münaqişəni tənzimləyən peşəkar siyasət


Yenə həmişəki kimi ermənilər öz havadarlarının dəstəyi ilə ölkəmizə qarşı çirkin məqsədlərini həyata keçirdilər. Döyüşlər getdi, qırğınlar törədildi və torpaqlarımız işğal olundu. 1992-ci və 1993-cü illərin hərbi-siyasi kampaniyası dövründə Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etdi. Azərbaycanın Dağlıq Qarabağ adlanan tarixi torpaqları erməni terrorçularının qəsbkarlığının qurbanına çevrildi. Bir milyondan çox soydaşımız doğma yurd-yuvasından didərgin düşdü. Ancaq 1993-cü ildə xalqımız güclü dövlət başlanğıcının, həyatın ən çətin siyasi məşəqqətlərini görmüş, bir sözlə unikal və xarizmatik liderin şəxsində sülhün, əmin-amanlığın və yenidən güc toplamağın nə qədər dəyərli olmasını öz təcrübəsində yəqin etdi. Belə bir ərəfədə lazım olan potensial imkanların faktiki imkanlara keçməsini reallaşdırmaq üçün millətimizin birlik nümayişi tələb olunurdu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı yeni dövlətçiliyimizə yol açacaq proseslərdən idi. Ümummilli Liderin zəngin siyasi təcrübələrdən, idarəçilik iradəsinin peşəkarlığından qaynaqlanan milli yanaşması, ölkəmizdə yaranmış belə bir mürəkkəb və olduqca ağır şəraiti siyasi təhlil etməsi, lazımı addımlar atmasına rəvac verdi. O, Dağlıq Qarabağ probleminin həllinə sistematik yanaşma, daxili və xarici siyasət amillərinin bütün kompleksinin nəzərdən keçirilməsini planlı şəkildə götür-qoy etdi. Azərbaycanın gələcəkdə qüdrətli dövlətə çevirilməsi və belə taleyüklü məsələmizin həllinə nail olmaq üçün döyüş qabiliyyətli nizami ordu formalaşdırılması, iqtisadi islahatların keçirilməsi, neft müqaviləsinin bağlanması kimi məsələlərin düşünülməsi labüd idi. Bu, həm də görüləcək tədbirlərin nəticəsi kimi millətin vahid mərkəzdə birləşdirilməsi demək idi. 1994-cü il mayın 5-də Ermənistan ilə Azərbaycan arasında Bişkekdə müvəqqəti barışıq haqqında protokol imzalandı. 1993-cü ildə 30 aprel, 29 iyul, 14 oktyabr və 12 noyabr tarixilərində silahlı münaqişənin genişlənməsi nəticəsində BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul olundu. Bu sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiq edilərək "Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu" ifadəsi qəbul olundu. Bu o demək idi ki, sözügedən ifadə BMT Baş Assambleyası tərəfindən hər il qəbul edilən "Birləşmiş Millətlər Təşkilatı ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq" adlı qətnamələrə müntəzəm olaraq daxil ediləcək. Bundan başqa, 1995-ci ildə Müstəqil Dövlətlər Birliyinə(MDB) üzvü olan dövlətlərin başçıları sülhün və sabitliyin qorunub saxlanması barədə memorandum imzalayarkən Ermənistan həmin sənədin 7-ci və 8-ci bəndlərini qəbul etməkdən imtina etdi. Həmin sənədlərdə deyilirdi: "Üzv dövlətlər öz ərazilərində separatizmin, millətçiliyin, şovinizmin və faşizmin hər hansı təzahürlərinin qarşısını almaq üçün tədbirlər görəcəklər".1996-cı il dekabrın 2-də ATƏT-in Lissabon sammitində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən yekun bəyannamənin qəbul edilməsinə mane oldu. 1997-ci il sentyabrın 20-24-də ATƏT-in Minsk qrupundan olan vasitəçilər münaqişənin sülh yolu ilə həllinə dair yeni plan təqdim etdilər. Həmin planda göstərilirdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində dövlət qurumu və ərazi qurumudur. 1998-ci ilin noyabr ayında ATƏT-in Minsk qrupu tərəfindən təklif edilən "ümumi dövlət" ideyası Azərbaycan tərəfindən rədd olundu. Bügünədək Azərbaycan tərəfi münaqişənin ədalətli həlli yönündə saysız-hesabsız görüşlər keçirir, ATƏT-in Minsk qrupunun dəstəyinə böyük ümidlər bəsləyir. Münaqişənin sülh yolu ilə həll olunması istiqamətində 20 ildir ki, atılan addımlar, görülən işlər və ədalətli yanaşma tələbimiz heç bir müsbət nəticəsini vermir.


Dünyanın nüfuzlu KİV-ləri Qarabağdan yazır

İllər ərzində Azərbaycan bütün beynəlxalq təşkilatlarda məsələnin beynəlxalq hüququn normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması üçün çalışır, lazımi addımlarını atır. Vətəndaş olaraq bizim üçün sevindirici haldır ki, bu gün dünya ictimaiyyəti ölkəmizin ədalətli mövqeyini dəstəkləyir. Yaranmış problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olan beynəlxalq təşkilatlar hər bir məsələdə Azərbaycanın yanındadır. Dövlətimiz bütün vasitələrdən istifadə edərək Erməni terrorçularının Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal etməsi faktını dünya ictimaiyyətinə çatdırır. Hazırda da işğal olunmuş torpaqlarımızda erməni terrorçuları yeraltı və yerüstü sərvətlərimizi qəddar təcavüzlərinin qurbanına çevirməkdən əl çəkmirlər. Ancaq biz Bakının mərkəzində yerləşən erməni kilsəsini təmir etdirmək və erməni dilində olan 5 mindən çox kitabı qorumaqla tolerant yanaşma tərzimizi bir daha dünyaya çatdırırıq. Dünya ictimaiyyəti çox yaxşı başa düşür ki, Azərbaycan sürətlə inkişaf edir, ölkəmiz günü-gündən çiçəklənir. Bu gün Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr, görülən işlər bir daha göstərir ki, dövlətimiz öz haqq işini müdafiə etmək üçün tutduğu mövqeyində israrlıdır, məqsədyönlüdür. Yəni bu məsələdə haqdan doğan milli israrlılıq və məqsədyönlülük Heydər Əliyev Fondunun sayəsində də dünyada təbliğ olunur. Heç bir azərbaycanlıya qaranlıq deyil ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı qanlı soyqırımı ümumən bəşərə, insanlığa qarşı ən qatı cinayətlərdən biri kimi tariximizə həkk olunub. Həmin qanlı faciə zamanı içərisində uşaqların, qadınların və qocaların da olduğu 613 nəfər azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib. Bu kütləvi qırğın nəticəsində 8 ailə tamamilə məhv edilib, 150 sakininin taleyi hələ də məlum olmayan Xocalıda 1275 nəfər girov götürülüb, şəhərin özü isə ağır hərbi texnikadan istifadə olunmaqla darmadağın edilib. Xalqımızın belə ağrılı-acılı tale yaşadığını dünya ictimaiyyətinə çatdırılması yönündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımına həsr olunmuş təqdimat tədbirlərinin mütəmadi olaraq təşkil olunması, erməni vandalizminin dünyada ifşasına nail olmaqla Azərbaycanın haqq işinin beynəlxalq aləmə çatdırılması məqsədi daşıyır. Dünyanın bir sıra böyük şəhərlərində (Vaşinqton, Nyu-York, Varşava, London, Pekin, Haaqa, Dubay, Kiyev, Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Praqa, Paris, Roma, Tiflis, Sarayevo və. s ) XOCALIMIZA həsr olunmuş silsilə tədbirlər keçirilir, nəyin ki soyqırımı həqiqətləri dünyaya çatdırılır, ümumilikdə Qarabağ problemindən dünya xəbərdar olur. Bu gün Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş kitablar çap olunur, filmlər ekranlaşdırılır. Qarabağın haqq səsini dünyaya duyurmaq üçün Fond tərəfindən "Qarabağ həqiqətləri" toplusu nəşr edilərək müxtəlif dillərə tərcümə olunmaqla aidiyyəti ölkələrdə təbliğat materialı kimi yayılır. Aparılan təbliğatın nəticəsi olaraq bu gün ABŞ-da çıxan nüfuzlu "Jewish Journal" və "The Hill" qəzetləri, İsrailin nüfuzlu "Zamanın çağırışları" xəbər saytı, İtaliyanın "La Stampa", "II Giornale" qəzetləri, "Charta Minuta" jurnalı və "Notizie Geopolitiche" xəbər portalı, İordaniyanın nüfuzlu "Orobanyus" qəzeti, Rumıniyanın "Amos News" xəbər agentliyi, Qətərin "Əl-Cəzirə" telekanalı, Ukraynanın "Versii com. Fabrika analitiki" xəbər portalı və digər onlarla ölkənin nüfuzlu KİV-ləri vasitəsilə Azərbaycan reallıqları dünyaya çatdırılır. Bu gün dünya xəbərdardır ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində xalqımıza 147,8 milyard, dövlətə isə 126,46 milyard dollar ziyan dəyib. Təbii sərvətlərə, maddi irsə və digər sahələrə dəyən ziyan da əlavə edilərsə, Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində ölkəmizə ümumilikdə 818,88 milyard dollar ziyan vurulub.

Dünya Qarabağı tanıyır

Bəllidir ki, dünyada Ermənistanın saxtakarlığına, terrorçuluğuna, bir sözlə işğalçılıq siyasətinə açıq-aşkar dəstək verən dövlətlər, beynəlxalq təşkilatlar da var. Məsələnin maraq doğuran tərəfi budur ki, həmin dövlətlər və təşkilatlar erməni millətinin kimliyini, onların tarix boyu göstərdikləri riyakarlıqları çox yaxşı bilirlər, hətta ermənilərin özlərindən də yaxşı bilirlər. Çünki onların havadarları öz çirkin niyyətlərini həyata keçirmək üçün hər zaman erməni adından, lobbisindən istifadə ediblər və istifadə etməkdə də davam edirlər. Prezident İlham Əliyev bütün beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ probleminin həllinə toxunur, məcburi köçkünlərimizin əmin-analıq və sülh şəraitində öz doğma yurd-yuvalarına qayıtmasını xüsusi vurğulayır. Dünya ictimaiyyətinə aydındır ki, danışıqlarda Azərbaycanın konstruktivlik nümayiş etdirməsi, problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması istəyi, dövlətimizin öz tarixi torpaqlarını geri qaytarmaq üçün bir növ haqlı yanaşmasıdır. Azərbaycanın uğurlu və məqsədyönlü xarici siyasəti nəticəsində artıq dünya ictimaiyyəti Azərbaycan həqiqətlərini qəbul edir. Ölkəmizin dünyada tanınması-Qarabağa həqiqətlərinin tanınmasıdır, həm də. Sözügedən istiqamətdə dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz məqsədyönlü şəkildə tədbirlər, aksiyalar təşkil etməklə beynəlxalq tribunalarda ölkəmizin haqlı mövqeyinin tanınmasını tələb edirlər. Əminliklə deyə bilərək ki, indi dünya bizi, Qarabağı və gücümüzü tanıyır. Bircə qalıb Ermənistanın tanıması. Ümid edirik ki, o gün uzaqda deyil.

Ceyhun Alışlı
AZƏRTAC-ın müxbiri

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür