Dmitri Roqozinin Bakı səfəri Siyasət

Dmitri Roqozinin Bakı səfəri

"Kommersant" yazır: "Rusiya rəsmilərinin əsas vəzifəsi Moskvanın Ermənistana "İsgəndər" raket komplekslərinin satılması ilə bağlı mövqeyini izah etməkdir"

"Kommersant"ın əldə etdiyi məlumata görə, Rusiya baş nazirinin müavini Dmitri Roqozin işgüzar səfərlə Bakıya yola düşüb. Burada o, Rusiya-Azərbaycan hökumətlərarası əməkdaşlıq komissiyasının iclasına qatılıb və ölkə prezidenti İlham Əliyev ilə görüşüb. Tərəflər iki ölkə arasında hərbi-texniki əməkdaşlığı müzakirə edib, həmçinin Azərbaycanın əsas geosiyasi düşməni olan Ermənistana bu yaxınlarda "İsgəndər-M" tipli operativ-taktiki raket komplekslərinin verilməsi məsələsinə aydınlıq gətirib.
"Kommersant"da olan məlumata görə, cənab Roqozin Bakıya dekabrın 16-na təyin edilmiş hökumətlərarası komissiyanın toplantısından bir gün əvvəl yollanıb. O, bu gün tam olaraq danışıqlarda iştirak edəcək. Rusiya Federasiyası müdafiə sənayesi müəssisəsinin top-menecerinin sözlərinə görə, səfər proqramına ümumi əməkdaşlıq məsələlərinın müzakirəsilə yanaşı, iki ayrıca tədbir də daxil edilib: baş nazirin müavininin Azərbaycan prezidenti İlham Əliyev ilə görüşü və silah ixracı ilə bağlı danışıqlar. Danışıqlara Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə federal xidmət direktorunun birinci müavini Andrey Boytsov da qatılacaq.
"Kommersant"ın hərbi-texniki əməkdaşlıq sistemindəki mənbələri qeyd edir ki, Azərbaycanda danışıq aparacaq Rusiya rəsmilərinin əsas vəzifəsi Moskvanın Ermənistana "İsgəndər" raket komplekslərinin satılması ilə bağlı mövqeyini izah etməkdir: "Dağlıq Qarabağ problemi üzündən azərbaycanlı tərəfdaşlarımız hadisələrin bu cür gedişatına son dərəcə neqativ reaksiya verib".
KİV-in məlumatına görə, "İsgəndər" kompleksi divizionu erməni tərəfinə bu ilin payızında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinə silah tədarükü haqqında sazişlərə əsasən verilib. Bu fakt rəsmi təsdiqini tapmasa da, 2016-cı ilin sentyabrında Ermənistanın müstəqilliyinin 25 illiyi ilə bağlı Yerevanda keçirilən hərbi paradın məşqləri zamanı operativ-taktiki raket komplekslərinin özüyeriyən qurğuları ilk dəfə gözə dəymişdi.
Rusiya tərəfi dəfələrlə bəyan edib ki, bu mürəkkəb bölgədə qüvvələr nisbətini gözləməyə çalışır. "Bir anlıq təsəvvür edək ki, Rusiya bu rolundan imtina edib – axı biz gözəl anlayırıq ki, bu yer boş qalmayacaq. Onlar silahları başqa ölkələrdən alacaq və həmin silahlar heç də daha az ölüm saçmayacaq", - deyə 2016-cı ilin aprelində Ermənistanla Azərbaycana silah satışını şərh edən Rusiyanın baş naziri Dmitri Medvedev bildirmişdi.
Xatırladaq ki, 2010-2014-cü illərdə Bakı Moskva ilə iki S-300PMU-2 tipli zenit raket divizionunun, bir neçə "Top-M2E" zenit raket komleksi batareyasının, 100-ə yaxın döyüş və nəqliyyat vertolyotunun alınması barədə müqavilələr bağlayıb. Bundan başqa, 100-dən artıq T-90S tankının və bir o qədər də BMP-3 döyüş maşınlarının, "Msta-S" tipli özüyeriyən artileriya qurğusunun və bir o qədər də TOS-1A ağır odsaçan sistemin, "Smerç" reaktiv yaylım atəşi sistemlərinin alınmasına dair də müqavilələr imzalanıb. 2016-cı ildə Rusiya Federasiyası Azərbaycana BTR-82A zireyli transportyorları və BMP-3 piyadaların döyüş maşınlarının təhcizatını davam etdirib (2015-ci ildə Azərbaycan 30-dan çox belə texnika alıb).