“Rusiya münaqişənin yenidən alovlanmasının tərəfdarı deyil” Siyasət

“Rusiya münaqişənin yenidən alovlanmasının tərəfdarı deyil”

Arzu Nağıyev: "Sarkisyan hakimiyyət müddəti bitənə qədər status-kvonu saxlamağa çalışır"

Ermənistanın müdafiə naziri Vigen Sargisyan Rusiya mediasına verdiyi müsahibədə bildirib ki, Qarabağda silahlı münaqişənin davam etməsi mümkündür. O, müharibənin Cənubi Qafqaz üçün ən böyük təhdid ola biləcəyini də vurğulayıb.
Bu məsələ ilə bağlı danışan politoloq Arzu Nağıyev qeyd edib ki, Qarabağda müharibənin başlanması ilə regionda olan problemlər üzə çıxa bilər. Müharibə alovu tək Dağlıq Qarabağ münaqişəsini deyil, bütün regionu bürüyə bilər: "Lakin məlumdur ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, xüsusilə də Rusiya münaqişənin yenidən alovlanmasının tərəfdarı deyil".
Politoloq əlavə edib ki, Qarabağ münaqişəsi regionda iqtisadi layihələrin həyata keçirilməsinə imkan vermir: "Bu münaqişədən ən çox zərərçəkən tərəf kimi Azərbaycanı göstərmək olar. Çünki status-kvo saxlanılır". A. Nağıyev hesab edir ki, Ermənistana təzyiqlərin olması, onun beynəlxalq ictimaiyyətin qınanc yeri olması belə bəyanatların verilməsinə gətirib çıxarır: "Fikrimcə, Ermənistan belə bəyanatlarla özünü sığortalamağa çalışır. Onlar Serj Sarkisyan hakimiyyət müddəti bitənə qədər status-kvonu saxlamağa çalışır".