“Azərbaycan Xəzər – Qafqaz regionunda mühüm oyunçudur” Siyasət

“Azərbaycan Xəzər – Qafqaz regionunda mühüm oyunçudur”

Ümumi götürdükdə 2016-cı il bundan əvvəlki illərdəki kimi Azərbaycan xarici siyasəti üçün kifayət qədər maraqlı məqamlar ilə yadda qaldı. Bu il də Azərbaycan çoxvektorlu istiqamətlərdə xarici siyasətini davam etdirərək müxtəlif vəziyyətlərdə öz neytral mövqeyini qorumağa çalışdı.
Bu fikri politoloq Zaur Məmmədov deyib. O qeyd edib ki, Azərbaycan il ərzində kifayət qədər qeyri-sabit olan İran ilə münasibətlərində "isinməyə" nail oldu: "Türkiyə ilə Rusiya arasında barışıqdan sonra hər iki ölkə ilə münasibətlərdə artan xətt üzrə istiqamətlənmənin şahidi olduq". Politoloq bildirib ki, İsrail və Pakistan kimi strateji tərəfdaşlarımız ilə də hərbi və siyasi sahədə əməkdaşlığın daha da genişlənməsi baş verdi. Bu iki dövlət ilə əldə etdiyimiz razılaşmalar gələcəkdə regionda gedəcək proseslərə mühüm təsir edəcəklər. Z. Məmmədovun fikrincə, Azərbaycan hər iki ölkə ilə hərbi sahədə apardığı əməkdaşlıq nəticəsində regionda mühüm "güc resursları" əldə edəcək.
O vurğulayıb ki, ABŞ başda olmaqla Qərb ölkələri ilə əlaqələrə gəldikdə isə, zaman-zaman münasibətlərin "gərginləşməsi" müşahidə olunsa da, Rusiyanın regionda nüfuzunun artması, Trampın seçkilərdə qalib gəlməsi kimi amillər münasibətlərdə gərginləşmə istiqamətinin tamamilə dayanmasına gətirib çıxardı: "Hesab edirəm ki, 2017-ci ildə Qərb ilə münasibətlər təhvil verdiyimiz ildən fərqli olaraq müsbət istiqamətdə artacaq".
Politoloq əlavə edib ki, ikitərəfli münasibətlərlə yanaşı Azərbaycan müxtəlif təşkilat vasitəsi ilə öz milli maraqlarını qoruyub inkişaf etdirmək xəttini bir qədər də dərinləşdirdi: "Ermənistanın təcavüzkar siyasəti dəfələrlə beynəlxalq tribunalardan diplomatlarımız tərəfindən səsləndirildi. 2016-cı ilin aprel hadisələri isə, Azərbaycanın haqq səsinin eşidilməsinin zəruriliyini bir daha göstərmiş oldu".
Z. Məmmədov sonda əlavə edib ki, beynəlxalq miqyasda iqtisadi və siyasi böhranın dərinləşdiyi bir vaxtda olduqca həssas və çətin regionda yerləşən Azərbaycan bu il ərzində də çoxvektorlu, balanslaşdırılmış siyasətini aparmağa müvəffəq oldu: "Azərbaycan Xəzər – Qafqaz regionunda mühüm oyunçudur. Azərbaycan MDB-də yeganə uğurlu çoxvektorlu xarici siyasət aparan dövlət nümunəsi olduğunu bir daha təsdiq etdi".