Petrosyanın sensasiyalı çıxışı nəyə hesablanıb? Siyasət

Petrosyanın sensasiyalı çıxışı nəyə hesablanıb?

Dekabrın 17-də İrəvanda müxalif Ermənistan Milli Konqresinin qurultayının keçirildiyi haqda məlumat vermişdik. Həmin gün bu təşkilatın lideri, eks-prezident Levon Ter-Petrosyanın etdiyi geniş çıxış ciddi müzakirələrə səbəb oldu. Çünki Qarabağ münaqişəsi, real vəziyyət haqda danışan eks-prezident bu gedişatın Ermənistanı daha da acınacaqlı duruma salacağı kimi məsələlərə toxunmuşdu.
Xatırladaq ki, o, Qarabağ münaqişəsinin mərhələli həldən başqa yolunun mövcud olmadığını deyib. Bildirib ki, məsələnin həlli məsuliyyəti tamamilə indiki rejimin və onun dayağı olan siyasi qüvvələrin üzərinə düşür: "Bizim mövqeyimizə qulaq asmaq istəsələr, lap yaxşı, istəməsələr, qoy başları ilə cavab versinlər".
Petrosyanın bu çıxışı bir neçə gündür ölkə ictimaiyyəti tərəfindən də müzakirə olunur. Müzakirələrin səngimədiyini görüb, yenidən bu mövzuya qayıtdıq. Təbii olaraq, onun nə üçün bu cür açıq danışması maraq doğurur. Seçkilərə "Sülh, Barışıq, Mehriban qonşuluq" devizi altında getməyin səbəbi nədir? Bəs reallıqların dilə gətirilməsini Ermənistan cəmiyyəti necə qəbul edəcək? Xatırladaq ki, Ter-Petrosyan bir dəfə sülhə yaxınlaşmaq istəyib və bu, onun devrilməsi ilə nəticələnib.
Bu haqda fikirlərini bölüşən politoloq Fikrət Sadıqov dedi ki, Ter-Petrosyan sağlam düşüncəli bir siyasətçi kimi Ermənistanın dalana dirəndiyini, başqa çıxış yolunun olmadığını başa düşür: "Onlar gərək Azərbaycanla müəyyən kompromislərə getsinlər. Dağlıq Qarabağ məsələsi onlara inkişaf etməyə imkan vermir. Məncə, tək Ter-Petrosyan belə düşünmür, artıq Ermənistanın bir sıra siyasətçiləri, sağlam düşüncəli siyasi xadimləri reallıqları başa düşürlər. Boyunlarından asılan yükün altından çıxmaq lazımdır. Təbii ki, Azərbaycanla müəyyən razılığa gəlməklə".
Qeyd edək ki, Ter-Petrosyan çıxışında Rusiyanın məsələni həll etmək istədiyini də bildirib. Münaqişənin həlli açarının Rusiyanın əlində olduğunu, onların səyləri artırdıqlarını vurğulayıb. F.Sadıqovdan bu məqam haqda nə düşündüyünü soruşduq. Həmsöhbətimiz bildirdi ki, bu sözlərdə müəyyən qədər həqiqət var: "Sarkisyan faktiki olaraq, Dağlıq Qarabağda vuruşan keçmiş döyüşçülərdən biridir. Belə bir vəziyyətin olması ona sərf edir. Digər reallıq isə ondan ibarətdir ki, Rusiya istəsə, Ermənistana təzyiq edə bilər. Amma görünür, Rusiya müəyyən qədər ehtiyat edir. Əlbəttə ki, birmənalı şəkildə, Rusiyadan çox şey asılıdır. Rusiya müəyyən səylər göstərsə, bu məsələdə inkişaf ola bilər".
Politoloq Elxan Şahinoğlu düşünür ki, Ter-Petrosyanın çıxışı sensasiya əhəmiyyətlidir: "Levon Ter-Petrosyan Ermənistanın prezidenti olub və məhz onun ölkəsinə rəhbərlik etdiyi müddətdə Azərbaycan torpaqları işğal olunub, Xocalı soyqırımı baş verib. Levon Ter-Petrosyan bu cinayətləri birbaşa həyata keçirənləri, planlayanları Dağlıq Qarabağdan Ermənistana yüksək vəzifələrə gətirib. Demək, indiki vəziyyətə görə o da məsuliyyət daşıyır. Buna baxmayaraq, Ter-Petrosyan o illərdə "qələbə eyforiyası" içində olmaq əvəzinə, Azərbaycan torpaqlarının işğalının və qonşusu ilə düşmənçiliyin Ermənistana və Dağlıq Qarabağa yaxşı heç nə vəd etmədiyini ilk anlayanlardandır. Ancaq o bunu anladıqda, artıq gec idi, baş separatçılar Robert Köçəryan və Serj Sərkisyan artıq Ermənistandakı bütün güc strukturlarına nəzarət edirdilər və onlar imkan vermədilər ki, Ter-Petrosyan Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirən "mərhələli həll" planına imza atsın. Onlar Ter-Petrosyanı devirdilər və eks-prezidentin dövlət başçısı kürsüsündə son sözü bu oldu - vaxt gələcək, mənim imzalamaq istədiyim sənəddən də ağır şərtlərə razılaşmaq məcburiyyətində qalacaqsınız. Ter-Petrosyan 18 ildən sonra proqnozunun doğrulduğunu qurultaydakı bu cümləsi ilə təsdiq etdi - ötən 18 ildə vəziyyət daha da ağırlaşıb. Həqiqətən də Ermənistan sürətlə kasıblaşır, ölkə əhalisi, o cümlədən Dağlıq Qarabağ səfalət içindədir, erməni gənclər Dağlıq Qarabağ uğrunda ölmək istəmirlər".
Eks-prezident çıxışının müxtəlif hissələrində Azərbaycanla və Türkiyə ilə barışmağın vacibliyinin Ermənistan üçün həyati əhəmiyyətli olduğunu bildirib. E.Şahinoğlu Ter-Petrosyanın çıxışının bir neçə yerində Azərbaycan dövlət başçısı İlham Əliyev haqqında müsbət epitetlər işlətməsinə də diqqət çəkir: "Erməni xalqı kimi Azərbaycan xalqının da indiki vəziyyətdən əziyyət çəkdiyini deyən Ter-Petrosyan İlham Əliyevi rasional düşünən lider adlandırıb. Başqa sözlə, Ermənistanın keçmiş dövlət başçısı öz ölkəsinin deyil, müharibə vəziyyətində olduğu ölkənin liderinin daha məntiqli və məsələlərə rasional yanaşdığını düşünür. Bu isə dolayısı ilə o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə də rasional yanaşan elə İlham Əliyevdir. Ter-Petrosyanın İlham Əliyev haqqında dediklərindən məhz bu qənaətə gəlmək olar - hər ikisi Dağlıq Qarabağ münaqişənin mərhələli həllinə üstünlük verir. Ter-Petrosyanın çıxışında ziddiyyət də özünü büruzə verir. Məsələn, bir tərəfdən, onun çıxışı aprel savaşının Ermənistan cəmiyyətini daha çox deqradasiyaya uğratması kimi anlaşılırsa, digər tərəfdən deyir ki, Azərbaycan müharibəyə başlasa, daha böyük itkilərə məruz qalacaq. Görünür, bu sözlər erməni auditoriyasını sakitləşdirmək üçün deyilib. Nəyin naminə olursa-olsun, barışın tərəfdarı olduğu kimi görünmək istəmir. Əslində isə çıxışının leytmotivi bundan ibarətdir ki, Ermənistan Azərbaycan və Türkiyə ilə barışmasa, "mərhələli həll" planını qəbul etməsə, Ermənistanı və Dağlıq Qarabağı faciəvi sonluq gözləyir. Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqresi də seçkiyə hazırlığa start verib. Mümkündür ki, əsas müxalifət partiyalarının bloku formalaşsın. Çünki müxalifət parlament seçkisində uğur qazanmasa, Sarkisyan baş nazir kreslosuna əyləşəcək və hələ bir müddət də ölkəsini geri sürükləməkdə davam edəcək. Aprel günlərində Ter-Petrosyan Sarkisyana mənəvi dəstək verdi, ancaq bu çıxış həmin dəstəyin bir daha təkrarlanmayacağına işarədir".