“Qərbin “Yaxın Şərq“ planında kürd dövlətinin yaranması təsbit olunub” Siyasət

“Qərbin “Yaxın Şərq“ planında kürd dövlətinin yaranması təsbit olunub”

Məhəmməd Əsədullazadə: " Bütün baş verən hadisələr buna doğru istiqamətlənib"

"Yaxın Şərqdə davam edən geosiyasi mübarizə, regionun yeni şəkilləndirilməsi, yeni dövlətlərin yaranması ilə nəticələnə bilər". Bunu Politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, "Böyük Şərq" planına əsasən, bu coğrafiyada kürd dövlətinin yaradılması gerçəkləşməlidir: "Bu proses İraqdan başlamalı, Suriya və Türkiyənin ərazilərini əhatə etməlidir. İraqda davam edən xaos və terror yaxşı heç nə vəd etmir. Bu ölkənin tərkibində olan Şimali Kürd muxtariyyatının başçısı Micivan Bərzaninin 2017-ci ildə muxtariyyatın müstəqilliyini elan edəcəklərini bəyan edib. Bərzani, yalnız bundan sonra İraqda sabitliyin mümkün olacağına eyham vurub. Bununla bağlı İraq baş naziri Heydar Abadi ilə danışdığını qeyd edib. Amma muxtariyyatın müstəqilliyinə İranın qarşı olması, Türkiyənin adının çəkilməməsi onu deməyə əsas verir ki, görünür, AKP ilə müəyyən uzlaşmaya gəliblər. Hərçənd Ankaranın adını çəkməmiş olmazdı. Hətta Bərzani bir müddət bundan əvvəl, kürd muxtariyyatının Ankarada nümayəndəliyinin də açılışını edib". Politoloq onu da qeyd edib ki, rəsmi Bağdadın silahlı qüvvələri, İŞİD qarşısında itaətsizlikdən sonra dağınıq bir formadadır: "Türkiyənin himayəsində olan Bərzani yönətiminə İranın silahlı müdaxiləsi isə, Türkiyə ilə qarşıdurmaya gətirər. Qeyd edim ki, rəsmi Tehranın Şimali Kürd muxtariyyatının müstəqilliyinə qarşıdır. Tehran bunu özünün ərazi bütövlüyünə təhdid görərək, dövlətlərin ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır. Daima Şimali İraqda PKK terror təşkilatına arxa duran, Türkiyə ilə danışıqlarda Bərzani yönətimi PKK-ya qarşı mübarizə aparacağını qeyd etməklə, müstəqillik üçün Türkiyənin könlünü almaqdadır. Hazırda Sincarda PKK güclənməkdədir. Hətta İŞİD-in iki minə yaxın silahlısının PKK sıralarına qoşulduğu qeyd edilir. Bir neçə ay bundan əvvəl, bu iki terror qruplaşması Suriyada bir-birinə qarşı döyüşürdü. İŞİD-in dinçi, PKK -nın isə ateist olduğuna nəzər yetirsək, bunların birləşməsi mümkün görünmürdü. Fərqli idelogiyanın daşıyıcılarının yaxınlaşmasından aydın olur ki, İŞİD-in İslamla heç bir əlaqəsi yoxdur. Və PKK ilə birgə Türkiyəyə qarşı birləşmək planı var. Bu təşkilatları idarə edən "Böyük Yaxın Şərq" strategiyasının müəllifləridir". Məhəmməd Əsədullazadə deyib ki, Mosul şəhəri İŞİD işğalından alındıqdan sonra, Bərzani müstəqilliklərini elan edərsə, regionda yeni dövlətlərin yaranması reallaşar: "Məhz Qərbin "Yaxın Şərq" planında kürd dövlətinin yaranması təsbit olunub. Bütün baş verən hadisələr buna doğru istiqamətlənib. Bu regionda, ərəb ölkələri, Qərblə daima qarşıdurmada olublar. Yeni yaradılan kürd dövləti regionda Qərbin yeni müttəfiqi olacaq və kürd dövlətinin vasitəsilə Türkiyə və ərəb ölkələrinə qarşı mübarizədə istifadə imkanı qazandıracaq. Həmçinin İranın "Şiə hilalı" geosiyasi siyasətinin qarşısını alacaq. Qeyd edim ki, Türkiyə kürd muxtariyyətinin müstəqilliyinə razılıq verəcəksə, Şimali Suriyada türk qoşunlarının olmasına baxmayaraq, Suriyada kürd dövləti yaradılacaq. Proseslər onu göstərir ki, Suriyada böyük savaş qabağdadır. ABŞ və İsraildən də bu barədə açıqlamalar gəldi. Bu müharibədə mümkündür ki, Türkiyə-Rusiya əlaqələri yenidən pozulsun. Türkiyənin dəstək verdiyi, birlikdə əməliyyat apardığı Azad Suriya Ordusunun (ASO) İŞİD -dən geri aldığı ərazilərə Hələbdən sonra, Əsəd ordusu hücum etsin. Artıq, burada iki dövlət üz-üzə gələcək. Ya Türkiyə nəzarət etdiyi əraziləri Əsəd ordusuna təhvil verməli, mümkün qarşıdurmadan çəkinməli, ya da Əsəd ordusu ilə döyüşüb Rusiya ilə münasibətləri korlamalarıdır. Bunun necə nəticələnəcəyi isə, üzümüzə gələn aylarda bəlli olacaq". Politoloq deyir ki, Türkiyə hazırda Əl BAB-da əməliyyatlar apararaq, buranı nəzarətə götürüb və kürdlərin nəzarətində olan Membicə doğru hərəkət etməsi planlaşdırılır: "Membicdə kürdlərnən toqquşmalar isə qaçılmaz olacaq. Ardınca İŞİD-in paytaxt etdiyi Rakkaya doğru irəlləyəcək. Türkiyə bu əməliyyatları təkbaşına icra edir və uğurla başa çatdırsa, Suriyada böyük təsirə malik olacaq. Həmçinin Türkiyə şimali Suriyada təhlükəsizlik zonası yaratmaqla, kürd dövlətinin qarşısını almış olacaq. ABŞ isə, kürdləri silahlandırmaqla kürd dövləti yaratmaq planını icra etməkdədir. Bütün bu kimi, qaranlıq məqamlara ABŞ -da Trampın andiçmə mərasimindən sonra irəliləyən aylarda aydınlıq gələcək. Çünki, Rəcəb Tayyib Ərdoğan Trampla danışmağa və birlkidə əməkdaşlıqda maraqlıdır. Putinin Suriyadakı uğurulu siyasəti Türkiyənin maraqlarına cavab vermir. Rusiya burada Türkiyənin fəaliyyətinin qarşısını alacaq". Məhəmməd Əsədullazadə onu da deyib ki, Suriya böhranı Obama administrasiyasının layihəsidir: "Barak Obamanın səriştəsiz siyasəti nəticəsində Rusiya regionda qaranlıq bir vəziyyət yaradıb. Türkiyə prezidenti ƏrdoğanTrampla danışıqlarda ortaq məxrəcə gələrsə, Suriyada Rusiya -Türkiyə ittifaqına son qoyula bilər. Ona görə də düşünürəm ki, Türkiyə son dərəcə ağır bir dönəmdədir".