“Ermənistan daha da zəifləyəcək” Siyasət

“Ermənistan daha da zəifləyəcək”

Ter-Petrosyan: "Danışıqlarda masanın üzərindəki mərhələli həll variantıdır"

Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan onun Qarabağa dair sülh çağırışlarının yer aldığı çıxışına reaksiyalarla bağlı yeni məqalə ilə çıxış edib.
Ter-Petrosyan məqaləsində onun Ermənistan Milli Konqresinin qurultayındakı çıxışına hakimiyyətin və hakimiyyətə yaxın düşərgələrin "isterik, hədələyici və tənqidi reaksiyasının" gözlənilməz olmadığını bildirir.
Ter-Petrosyanın sözlərinə görə, o, qurultayda heç də Qarabağa dair öz mövqeyini və ya partiyasının proqramını təqdim etməyib. Hazırda danışıqlar masası üzərində olan və "prinsipcə Ermənistan hakimiyyəti tərəfindən qəbul edilən" konkret nizamlama proqramı barədə danışıb. "Hansı ki, bu nizamlama proqramının şəxsən mənə və başçılıq etdiyim partiyaya heç bir dəxli yoxdur"-o, əlavə edir.
Xatırladaq ki, Ter-Petrosyan Qarabağ münaqişəsinin mərhələli həlldən başqa həll yolunun olmadığını, münaqişə həll olunmadan Ermənistanın və Dağlıq Qarabağın məhv olacağını bildirib.
Keçmiş prezidentin çıxışına hakimiyyət dairələri və hakimiyyətə yaxın siyasətçilər, ekspertlər, habelə digər siyasi dairələr tənqidi reaksiya veriblər.
İndi Ter-Petrosyan bildirir ki, onun çıxışını "təslimçilik" hesab edənlər öz-özlərini ifşa etmiş olurlar. Çünki barəsində söhbət gedən nizamlama variantını Ermənistan hakimiyyəti 2007-ci ildən danışıqlar üçün əsas kimi qəbul edib. Keçmiş prezident bildirir ki, söhbət "Madrid-Kazan-Lavrov planı" kimi tanınan nizamlama variantından gedir. Hansı ki, bu plan 1997-ci ildə onun razılıq verdiyi mərhələli həlldən heç nə ilə fərqlənmir.
Ter-Petrosyan qeyd edir ki, plana əsasən erməni tərəfi birinci mərhələdə Azərbaycana yeddi rayondan beşini qaytarmalıdır. (Kəlbəcər və Laçın istisna olmaqla) Sonra Qarabağa sülhməramlı qüvvələr yerləşdirilir. Üçüncü mərhələdə Dağlıq Qarabağ üçün beynəlxalq səviyyədə tanınmış aralıq status elan olunur. Sonra Dağlıq Qarabağın və Ermənistanın blokadası qaldırılır, kommunikasiyalar açılır. Dağlıq Qarabağın yekun statusu isə daha sonra müəyyən edilməlidir. Ter-Petrosyana görə plana əsasən sonda qalan iki rayon da Laçın dəhlizi çıxılmaqla Azərbaycana qaytarılmalıdır: "Bu varianta görə tam məsuliyyət Ermənistanın hakim partiyasının, onun müttəfiqi "Daşnaksütun" partiyasının və hakimiyyətə dəstək verən deputatların, fraksiyaların üzərinə düşür. Yəni belə çıxır ki, kim kompromisləri və ərazilərin qaytarılmasını təslimçilik və satqınçılıq hesab edirsə bizimlə yox, öz-özləri ilə diskussiyaya girir, bizim mövqeyimizi deyil, öz proqramlarını qınayır. Bu isə acınacaqlı, miskin vəziyyətdən, ən azı gülünc durumdan xəbər verir".
Ter-Petrosyan bir daha qeyd edir ki, əgər sülh indi əldə olunmasa Dağlıq Qarabağ və Ermənistan daha da zəifləyəcək, gələcəkdə bundan da betər sülh planı irəli sürüləcək. Eks-prezident Qarabağ məsələsinin həllinin açarının Rusiyanın əlində olduğu haqda fikirlərini də müdafiə edib.