“Ərəb ölkələrində yaşananların bütövlükdə dünyaya aidiyyəti var” Siyasət

“Ərəb ölkələrində yaşananların bütövlükdə dünyaya aidiyyəti var”

Rövşən Rzayev: "Misal kimi miqrant problemini göstərmək olar"

"2017-ci ildə Azərbaycanın ərazi bötüvlüyünün bərpa edilməsini gözləyirəm. Düşünürəm, dünya azərbaycanlılarının istəyi budur. İstərdim ki, Azərbaycanın bugünkü iqtisadi vəziyyəti düzəlsin. Nə qədər tez düzələrsə, bir o qədər yaxşıdır. Azərbaycan neft-qaz sahəsi üzrə uğurlu layihələrin sahibidir. Siyasi proseslər nəticəsində dünya bazarında neftin qiyməti düşdü, bu da Azərbaycanın dövlət büdcəsinə müəyyən qədər təsir etdi". Bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev deyib: "Amma Cənub Qaz Dəhlizi layihəsi fəaliyyətə başlayandan sonra maliyyə vəziyyəti düzələcək, biz bunun şahidi olacağıq. Vaxtilə Heydər Əliyev 1994-cü ildə "Əsrin müqaviləsi"ni imzaladıqdan sonra Azərbaycana maliyyə axını oldu, qısa müddət ərzində Azərbaycan inkişaf yolu keçdi. İqtisadi cəhətdən müəyyən problemlərimiz var. Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası ilə problemlərin qarşısını ala biləcəyik.
Bura qeyri-neft sektorunun, kənd təsərrüfatı sahəsinin, turizm sahəsinin, maşınqayırma sahəsinin inkişaf etdirilməsi daxildir. Bütün bunlar Azәrbaycan vətəndaşının xeyrinə işləyəcək. Ərəb ölkələrində yaşananların Azərbaycana da, Avropa ölkələrinə, bütövlükdə dünyaya aidiyyəti var. Misal kimi miqrant problemini göstərmək olar. Dünyada gedən proseslər Azərbaycana qardaş dövlət olan Türkiyəyə də təsir edib. Orada son dövrlər terror hadisələri törədilir. Yəni, baş verənlər böhrana yola açır".
R.Rzayev, həmçinin ölkədə insan haqlarının vəziyyətinə də münasibət bildirib: "Söz yox ki, Azərbaycan dünyada təcrid olunmuş dövlət deyil, müəyyən problemlər, narazı qüvvələr var. Bu, açıq məsələdir, hər bir dövlətdə bu fakt var. Azərbaycanda elə məmur var ki, vətəninə ləyaqətlə qulluq edir, məmur da var ki, bundan kənardadır. Yəni, bu, dünyada olan prosesdir. Amma əsas məsələni səsləndirmədən problemi qabartmağın tərəfdarı deyiləm".