“Prezidentin sərancamı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlardan biridir” Siyasət

“Prezidentin sərancamı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlardan biridir”

Arzu Nağıyev: "Bu, aprel qələbəsinin davamı kimi qeyd edilməlidir"

Aydın Mirzəzadə: "Atılan addım Ermənistana çox ciddi bir mesajdır"

Fikrət Sadıqov: "Sərəncam hazırki şəraitdə mühüm siyasi addım kimi qiymətləndirilməlidir"

Eldar İbrahimov: "Bununla da Ermənistan bilməlidir ki, Azərbaycan tezliklə işğal olunmuş torpaqlarını geri qaytaracaq"

Musa Quliyev: "Sərəncamın həm sosial ictimai, həm də hərbi siyasi əhəmiyyəti var"

Prezident İlham Əliyev ötən ilin aprel ayında işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb.
Sərəncama əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılır.
Siyasi ekspert Arzu Nağıyev deyib ki, Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi qərar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlardan biridir. A.Nağıyev bildirib ki, bu, aprel qələbəsinin davamı kimi qeyd edilməlidir və qələbəmiz sona qədər davam edəcək. Ekspert vurğulayıb ki, aprel döyüşlərində 2 min hektardan artıq ərazimiz erməni işğalından azad edildi: "Azərbaycanın əsas məqsədlərindən biri işğal edilmiş ərazilər azad edildikdən sonra soydaşlarımızın öz doğma torpaqlarına qaytarılmasıdır. Məhz buna görə də, bu gün Azərbaycanın bir neçə ərazilərində, eyni zamanda Cocuq Mərcanlı kəndində tikinti işlərinə start verilib. İlk növbədə Cocuq Mərcanlı kəndində 50 ev, eyni zamanda məktəb binası tikiləcək. Bundan başqa, Tərtər rayonunda da aprel döyüşlərində azad edilmiş ərazilərdə binalar inşa olunur, tikinti işləri aparılır. Düşünürəm ki, tikinti işləri yaxın zamanlarda başa çatdırılacaq və həmvətənlərimiz doğma torpaqlarına qayıda biləcəklər". Ekspert əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Azərbaycan üçün prioritet olaraq qalır: "Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün bütün mümkün imkanlardan istifadə etməyə, eyni zamanda hərbi əməliyyatlar keçirməyə hazırdır. Sonuncu terrorçunun da Azərbaycan ərazilərindən çıxarılmasına nail olacağıq və soydaşlarımızın doğma torpaqlarına qaytarılması prosesi davam edəcək".
Millət vəkili Aydın Mirzəzadə deyib ki, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası Ermənistana çox ciddi bir mesajdır. Onun sözlərinə görə, bununla Ermənistana bir daha açıq şəkildə bəyan edilir ki, Azərbaycan işğal altında olan torpaqlarının azad edilməsi mövqeyindən heç bir zaman geri çəkilməyəcək: "Azərbaycan bundan sonra da bütün səylərini torpaqlarının erməni işğalından azad olunmasına, həmin ərazilərdə əhalisinin məskunlaşmasına və vətəndaşlarının təhlükəsizliyinin təmininə yönəldəcək. Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamı çox tarixi bir sənəddir. Dövlət başçısı tərəfindən Ermənistanın işğalından azad edilmiş ərazimizin bərpa edilməsi və yerli əhalinin oraya köçürülməsi barədə sənəd imzalandı. Bununla da Azərbaycan işğaldakı torpaqlarını azad etmək uğrunda əzmini göstərir. Torpaqlar işğaldan azad edildikdən sonra həmin ərazilərin infrastrukturunun yeniləcəyi, vətəndaşlarımız üçün evlərin tikiləcəyi, normal yaşayışın təmin edilməsi istiqamətində hər zaman deyilmiş fikirlər artıq öz təsdiqini tapır. Bu, ilk növbədə Azərbaycan dövlətinin inkişafının, ölkə rəhbərliyinin xalq qarşısında götürdüyü öhdəlikləri məsuliyyətlə yerinə yetirməsinin nəticəsidir".
Deputat qeyd edib ki, ötən ilin aprel hadisələri Azərbaycan Silahlı Qüvvələrinin və dövlətimizin gücünü göstərdi. Qələbəmizdən sonra aparılan siyasət isə ilk növbədə Azərbaycanın işğal altındakı torpaqlarının işğaldan azad olunması uğrunda bir ciddi xəttə çevrildi: "İndi isə bir kəndin timsalında Azərbaycan özünün suverenliyini təsdiq etməyin yeni bir addımını atdı. Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin edildiyinə görə, yeni mənzillərin salınması, kommunikasiya xətlərinin yenilənməsi, məktəbin tikilməsi kənd əhalisinin oraya köçürülməsinə, normal həyata qayıtmasına şərait yaradır. İşğaldan azad olunmuş kəndlərimizdə əhalinin məskunlaşması, iş yerlərinin yaradılması, Azərbaycan bazarında kənd təsərrüfatı məhsullarının daha da çoxalması, ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün atılan addımdır".
Politoloq Fikrət Sadıqov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı bir başlanğıc, eyni zamanda hazırki şəraitdə mühüm siyasi addım kimi qiymətləndirilməlidir. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ötən ilin aprel ayında Azərbaycan Ordusunu qələbəsi nəticəsində geri qaytarıldığını xatırladan politoloq qeyd edib ki, Azərbaycan Prezidentinin imzaladığı sərəncam tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtmasına hesablanıb: "Sərəncama əsasən həmin ərazidə abadlaşma işləri həyata keçiriləcək, təhlükəsizlik təmin ediləcək ki, əvvəllər orada yaşayan insanlar yenidən torpaqlarına qayıdaraq yüksək şəraitdə yaşaya bilsinlər".
Politoloq qeyd edib ki, sərəncam bir daha onu sübut edir ki, Azərbaycan bundan sonra da azad olunan hər bir kəndə, rayona yardımlar edəcək, orada yaşayan insanların həyat şəraiti əvvəlkindən də yaxşı olacaq, və təhlükəsizlik yüksək səviyyədə qorunacaq: "Bu siyasət bundan sonra da davamlı olacaq. Ölkə başçısının sərəncamını bir başlanğıc, ilk addım kimi qiymətləndirmək olar. Hazırki şəraitdə imzalanan sərəncam çox mühüm və vacibdir".
Millət vəkilİ Eldar İbrahimov "Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı düşmən ölkəyə bir mesajdır", - deyə vurğulayıb. O bildirib ki, sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi müvəqqəti olaraq kiçik, daha sonra böyüdüləcək: "Bilirsiniz ki, ötən ilin aprel döyüşlərində Azərbaycan ordusunun parlaq qələbəsi nəticəsində əldə olunan yüksəkliklər bizdədir və ora tam təhlükəsizdir. Çünki, əvvəllər ermənilər həmin ərazilərə atəş aça bilərdisə, bu ərazilərin işğaldan azad edilməsi nəticəsində onlar bunu edə bilmirlər. Dövlət Başçısının Sərəncamı əsasında tarixi torpaqlarından çıxarına vətəndaşlarımız öz yurd-yuvalarına tam təhlükəsiz şəkildə qayıda biləcəklər və ermənilər də görəcək ki, Azərbaycan imkanlarından istifadə edərək öz torpaqlarında quruculuq işləri aparır, insanlar öz evlərinə qayıdır". E. İbrahimovun sözlərinə görə, bununla da Ermənistan bilməlidir ki, Azərbaycan tezliklə işğal olunmuş torpaqlarını geri qaytaracaq və vətəndaşlarımız öz yurd-yuvalarına qayıb orada yaşayacaqlar: "Mən ATƏT-də olarkən orada olan erməni deputatlarına dəfələrlə sual verərək bildirdim ki, ərazilərimiz işğal etmisiz niyə həmin ərazilərdə heç kim yaşamır? Çünki onların orada yaşamağa adamları yoxdur. Hazırda İrəvanın özündə belə erməni qalmayıb. Düşməndə işğal xəstəliyi var. Düşünürəm ki, Ali Baş Komandanın göstərişi ilə haqq -ədalət işimizi həyata keçirəcək, torpaqlarımızı sülh yolu ilə alınmasa, hərbi yolla geri qaytaracağıq. Bu baxımdan Azərbaycan prezidentinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı bu yolda ilk addım və ermənilərə bir mesajdır".
Millət vəkili Musa Quliyev bildirb ki, Azərbaycan Prezidentinin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı Sərəncamın çox böyük həm sosial ictimai, həm də hərbi siyasi əhəmiyyəti var. Onun sözlərinə görə, ötən ilin aprel ayındakı döyüşlərdə Azərbaycan hərbi qüvvələri bizim 2 min hektara qədər ərazimizi işğaldan azad etdilər. Beləcə "Lələtəpə" yüksəkliyi bizim əlimizə keçdi və minlərlə hektar ərazi artıq bizim nəzarətimizdədir. Bu imkan verdi ki, bizim işğal altında olan kəndlərimizi, o cümlədən Cocuq Mərcanlı kəndini və orada insanların yaşayışını təmin edək. Bu birinci növbədə Azərbaycan ordusunun gücünü, uğurunu göstərir. Siyasəti əhəmiyyəti odur ki, Azərbaycan hər bir halda öz torpaqlarının sahibidir və ora qayıtmaq imkanı düşəni kimi ondan istifadə edəcək. İctimai sosial əhəmiyyəti isə odur ki, vaxtilə orada yaşamış ailələrin yenidən ora qayıtması, öz dədə-baba yurdlarına sahib olması təmin olunur. Hətta əldə olunan məlumatlara görə vaxtilə orada 400 ailə yaşayıb və indi 190 ailə ora köçmək arzusundadır. Cənab Prezidentin ayırdığı vəsaitlə ilkin etapda 50 ev, məktəb orada tikiləcək. Yəqin ki ondan sonrakı dövrdə də digər evlər, infrastrukturlar da tikiləcək. Bu il bizim artıq Qarabağa və Dağlıq Qarabağ ətrafındakı bölgələrə qayıdışımızın başlanğıcı kimi xoş xəbərdir. İnşAllah digər yaşayış məntəqlərimiz də azad olunduqca məcburi köçkün bacı və qardaşlarımız doğma yurdlarına qayıdacaqlar".

Əli