“İşğal olmuş rayonları bir-bir azad edəcəyik” Siyasət

“İşğal olmuş rayonları bir-bir azad edəcəyik”

"Dağlıq Qarabağ məsələsində Azərbaycana göstədiyi dəstəyə görə Qətər dövlətinə minnətdarlığımızı bildiririk".
Bunu xarici işlər naziri Elmar Məmmədyarov Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsinin mövcud olduğunu xatırladıb.
"Bu qətnamələr xahiş etmir, işğal olunmuş ərazilərin azad olunmasını tələb edir. Lakin digər münaqişələrlə bağlı qətnamələr dərhal icra olunduğu halda, bu qətnamələr yerinə yetirilmir. Bu qətnamələr müddətli deyil. Biz onlara istinad edirik", - deyə Elmar Məmmədyarov qeyd edib.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına beynəlxalq təşkilatların cəlb olunması məsələsinə münasibət bildirən Məmmədyarov işğal olmuş rayonları bir-bir azad ediləcəyinə şübhə etmədiyini deyib.
O bildirib ki, bu, birinci addımdır: "Amma gec-tez məsələsi var. Beynəlxalq təşkilatlarla danışıqlar gedir. Bu bir günlük proses deyil. Gərək təqdim edəsən, cəlb edəsən. İlk növbədə Azərbaycan hökuməti edəcək. Amma beynəlxalq təşkilatlarla təmaslar davam edir. Gərək yollar, su ilə bağlı arayışlar təqdim edilsin".
Elmar Məmmədyarov münaqişənin danışıqlar yolu ilə tənzimlənməsi ilə bağlı təmaslar üçün bəzi təkliflərin olduğunu deyib: "Təklif var ki, Rusiya tərəfinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilsin. Təəssüf ki, hələ alınmayıb".
O bildirib ki, bu təkliflə Rusiya tərəfi çıxış edib: "Azərbaycan buna razıdır. Amma bu görüş nəticəli olmalıdır".