“Ölkə prezidenti soyğunçu məmurları cəzalandırmaqda qətiyyətlidir” Siyasət

“Ölkə prezidenti soyğunçu məmurları cəzalandırmaqda qətiyyətlidir”

"Dünya qloballaşır, Azərbaycanın apardığı siyasətdə xeyli dəyişiklik var. Təəssüf ki, bütün bu dəyişikliklər içərisində bir dəyişilməzlik də var. O da məmurların var-dövlətə, rüşvətə hərisliyidir, onların ailə üzvlərinin özlərini standartlardan kənar aparmasıdır".
Bu fikri Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışını şərh edən politoloq Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlu qeyd edib ki, Prezident öz çıxışında soyğunçuluq termini işlətdi: "Məmur soyğunçuluqla məşğuldursa, o vətəndaşı soymur, Azərbaycan dövlətçiliyinə qarşı soyğunçuluq edir. Erməniyə işləyən rüşvət alan məmurdur. Erməninin burada bayrağını dalğalandıran, Prezidentin dediyi kimi soyğunçuluqla məşğul olan məmurdur. Niyə sən Azərbaycan vətəndaşından 100-200 min dəfə artıq yaşamalısan? Niyə lap 100 dəfə artıq yaşamalısan? Sənin nə fərqin var ki? Niyə əlinə nə gəldisə, soymalısan?"
Politoloq xatırladıb ki, Azərbaycan prezidenti məmurlara tək "rüşvət almayın" demədi: "Dedi ki, soyğunçuluqla məşğul olmayın. Prezident məmurlara bütün müşavirələrdə mesaj verib, xəbərdarlıq edib. Məmurlar fikir versin ki, Prezident onların ünvanına işlətdiyi fikirləri kəskinləşdirir. İcra başçıları və onların ətrafındakılar, onların rəhbər strukturları, hamısı bundan dərs götürməlidir ki, ölkə prezidenti nə vaxtsa konkret addımlar ata bilər. Təbii ki, Prezident hansısa rayonun icra hakiyyətindəki 3-cü, 4-cü dərəcəli məmuru işdən azad edəsi deyil. Ola bilər ki, böyük məmurlardan 1, 3, 5 nəfər prezidentin diqqət mərkəzindədir".
M.Əhmədoğlu hesab edir ki, yaxın zamanlarda konkret addımlar da atıla bilər: "Prezidentin bütün müşavirələri xarici dövlətlərin diqqət mərkəzindədir. Burada səfirliklər var, yazıb məlumatları ölkələrinə göndərirlər. Azərbaycan prezidenti dünyanın müdrik dövlət başçılarından biridir. Məmurlar başa düşsün ki, bu elə belə qalmayacaq. Ölkə prezidenti soyğunçu məmurları cəzalandırmaq istiqamətində qətiyyətlidir. Əgər əyri yoldan çəkinməsələr, ola bilər ki, məmurların həbsi ilə bağlı da ciddi addımlar atılsın".