“Ermənistan sivil insani qaydalardan uzaqdır” Siyasət

“Ermənistan sivil insani qaydalardan uzaqdır”

"Ermənistan sivil qaydalardan uzaq olan ölkədir. Bu dövlətin bünövrəsi, inkişafı, fəaliyyəti birmənalı şəkildə beynəlxalq hüquq normalarından, sivil insani qaydalardan uzaqdır. Bunu iki kəlbəcərli girovumuz, bu günlərdə əsir götürülən mülki vətəndaşımız, eyni zamanda dekabrın 29-da şəhid olan əsgər Çingiz Qurbanovun timsalında göstərmək olar". Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, artıq dünyada Ermənistan haqqında qeyri-sivil dövlət imici formalaşıb: "Ermənistan həlak olan əsgərimizin nəşini 39 gün qarşı tərəfə verməkdən imtina etdi. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti və onun bu məsələni ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rəhbərləri qarşısında ciddi şəkildə qoyması, eləcə də diplomatik fəaliyyəti nəticəsində ötən gün şəhidimizin nəşini almaq mümkün oldu. Bu isə ondan irəli gəlir ki, ermənilərin 100 illərlə müstəqil dövləti olmayıb, bir qayda olaraq başqa dövlətlərin mədəniyyətini, dəyərlərini oğurlamaqla məşğuldur və təsadüfən yaranan dövlətçiliyini də kiminsə for-postu olaraq qonşu dövlətlərə problemlər yaratmaqla inkişaf etməyə çalışır. Nəticə isə onun özü üçün kifayət qədər acınacaqlıdır".
Beynəlxalq siyasətdə də ikili standartlıq təcrübəsinin olduğuna təəssüflənən A. Mirzəzadə qeyd edib ki, bir vəziyyətdə Azərbaycana qarşı tənqidi fikir söyləyənlər, eyni vəziyyət Ermənistanda daha ağır formada olmasına baxmayaraq, onlara göz yumurlar: "Nəzərə alaq ki, iki kəlbəcərli məcburi köçkünümüzün biri Rusiya vətəndaşıdır. Amma indiyədək qonşu dövlət tərəfindən bu məsələyə münasibət bildirilməyib. Bu gün Azərbaycan vətəndaşları öz ərazilərində işğalçı dövlət tərəfindən girov saxlanılır. Nə beynəlxalq təşkilatlar, nə də böyük dövlətlər bu məsələ də özlərinin prinsipal mövqelərini ortaya qoymayıblar. Onlar düşünürlər ki, Azərbaycan cəmiyyəti öz girovlarını unudacaq və ya ölkəmiz Ermənistanın qeyri-sivil siyasəti ilə barışacaq. Lakin onlar yanılırlar və bilməlidirlər ki, Azərbaycan özünün suveren hüquqlarını nə Ermənistana, nə də digər dövlətlərə güzəştə getməyəcək. Biz vətəndaşlarımızı geri alacaq, torpaqlarımızı işğaldan azad edəcəyik. Bütün bu məsələlərdə Azərbaycan Prezidentinin mövqeyi ən yaxşı nümunədir".