İşğalçı ölkədə vəziyyət gərginləşib Siyasət

İşğalçı ölkədə vəziyyət gərginləşib

Sarkisyan hakimiyyətini qorumağa çalışır

Ermənistanda vəziyyət gərgin olaraq qalmaqdadır. Parlament seçkiləri öncəsi cəbhədə gərginlik yaradan Sarkisyan hakimiyyəti daxili auditoriyanı sakitləşdirməkdən ötrü müxalifətə qarşı da amansız mövqe nümayiş etdirməkdədir. Digər tərəfdən isə əhalinin sosial vəziyyətinin ağırlaşması, Sarkisyan hakimiyyətinə etirazların artması, əsgər ölümlərinin gizlədilməsi, sabiq prezident Ter-Petrosyanın aktivləşməsi, sabiq müdafiə naziri Ohanyanın Sarkisyan hakimiyyətinin törətdiyi cinayətləri açıqlaya biləcəyi bəyanatı və s. hallar işğalçı ölkə rəhbərliyini təşvişə salıb.
Srağagün "Erməni Milli Konqresi" İrəvanda mitinq keçirib. Mitinq 2008-ci il 1 mart hadisələrinin qurbanlarının xatirəsinə həsr olunub.
"Erməni Milli Konqresi"nin parlament fraksiyasının katibi Aram Manukyan deyib ki, 10 insanın həyatını itirdiyi hadisələrdən 9 il ötür. Bu hadisələrə görə heç kim cəzalandırılmayıb. İş İnsan Haqları üzrə Avropa Məhkəməsinə verilib.
Ermənistan mediası isə yazır ki, mitinq seçkiqabağı təbliğat xarakteri daşımasa da, yürüş zamanı siyasi şüarlar səslənib. Xüsusilə cəbhədə baş verən son hadisələrlə bağlı çağırışlar edilib. "Erməni Milli Konqresi"nin lideri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan 2016-cı ilin 17 dekabrında partiyasının qurultayında çıxışı zamanı "Qarabağ münaqişəsi Ermənistanın inkişafına əsas əngəldir" deyə bildirib.
O, ərazilərin təcili qaytarılması və münaqişənin həll olunması tezisini irəli sürüb. Qeyd edib ki, daha sonra hər şey Ermənistan üçün daha pis nəticə verə bilər.
Politoloq Arzu Nağıyev deyib ki, Rusiya cəbhədə hökm sürən hazırkı vəziyyətlə bağlı Ermənistana heç bir təzyiq göstərməyəcək.
Ekspertin sözlərinə görə, ATƏT Minsk Qrupunun ümumi bəyanatından sonra həmsədr dövlətlər, özəlliklə də Rusiya hər hansı ciddi bəyanatla çıxış etməyəcək:
"Dağlıq Qarabağ məsələsi elə bir münaqişəyə çevrilib ki, artıq dünya ictimaiyyəti hərəkətə keçməlidir. Rusiyanın birmənalı siyasi mövqeyi erməniləri daim dəstəkləməkdən ibarətdir. Məlum məsələdir ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısı Azərbaycanda keçirilirsə və Bakı 21-ci əsrin müqaviləsinə ev sahibliyi edirdisə, bu, heç də bütün dövlətləri razı sala bilməz. Moskvanın belə bir zamanda səssiz qalması o anlama gəlir ki, Rusiya cəbhədə hökm sürən hazırkı vəziyyətlə bağlı Ermənistana heç bir təzyiq göstərməyəcək. Azərbaycan bütün cəbhə boyu üstünlüyü ələ keçirdiyi halda Moskva İrəvana təzyiq göstərəcək və "dur" əmri verəcək. Eynilə, ötən ilin aprelində olduğu kimi".
Politoloqun qənaətinə görə, hazırda cəbhədə hökm sürən gərginlik aprelin 2-nə, yəni Ermənistanda keçiriləcək parlament seçkilərinə qədər davam edəcək:
"Ohanyan, Sərkisyan və digər partiya bloklarının öz seçki platformalarında sülh çağırışları sadəcə siyasi gedişlərdir. Onlar öz vətəndaşlarını sakitləşdirməyə çalışırlar və separatçılara verdikləri sözün arxasında dura bilmədiklərinə görə bu cür addımlar atırlar".
Politoloq Məhəmməd Əsədullazadənin fikrincə isə, Ermənistanda daxili siyasi vəziyyət mürəkkəbləşdikcə hakimiyyətdə olan "Qarabağ klanı" ictimai diqqəti cəbhədə törətdiyi təxribatlara yönləndirir: "Fevralın 24-25- də baş verən hərbi toqquşmalar hesab edirəm ki, ermənilərin təxribatına ciddi zərbə idi. Hazırda Sarkisyan hakimiyyəti, ümumi vəziyyəti gərginləşdirməklə danışıqlardan yayınır və vaxt qazanmağa çalışır. Qeyd edim ki, Azərbaycanın İsrail və Pakistanla hərbi əməkdaşlığı da rəsmi Kremli və Yerevanı qıcıqlandırır. Rusiya çalışır ki, Azərbaycan heç bir ölkə ilə silah ticarəti etməsin. Və, bu təzyiqlər fonunda Azərbaycanı sıxışdırmağa çalışır. Ermənistan bir neçə müddət idi ki, ön cəbhəyə zirehli texnika və artilleriya vasitələri yığırdı. Təbii ki, Yerevan Kremlin icazəsi olmadan belə bir hərbi hərəkətliliyə getməzdi. Baş verənlər təbii ki, Azərbaycana qarşı təxribatlardı. Amma son vaxtlar Türkiyə-Rusiya əlaqələrində də soyuq münasibətlər yaşanmaqdadır. Qeyd etmək lazımıdır ki, Rusiya PKK və PYD terror təşkilatı kimi tanımır. Suriyada "kürd muxtariyyətinin"yaradılmasından yanadı. Ötən günlərdə Moskvada kürdlərin böyük bir konfransın keçirildi. Həmçinin Əl-Babda Türkiyə hərbiçilərini bombaladı. Bunlar Türkiyəyə təzyiq vasitəsinin bir hissəsidir. Ardınca Qarabağ cəbhəsində Ermənistan ordusu hərəkətlənərək, Azərbaycan mövqelərinə qarşı artilleriya və digər silahlarnan hücum etməyə çalışdı. Görünən odur ki, Türkiyənin ABŞ -la normallaşan əlaqələrinə Rusiya kürd kartı ilə cavab verir . Azərbaycanın Avropa İttifaqı ilə başladığı danışıqlar və " Qaz promun" Avropa qaz bazarında əsas rəqibi olan Azərbaycan qazı və onun nəqli olacaq TANAP-la bağlı qərəzli siyasəti Azərbaycana Ermənistanın əli ilə təzyiq etməkdədir. Rus qazına alternativ "Cənub Qaz dəhlizi" Rusiyanı ciddi şəkildə narahat edir və bu proyektin reallaşmaması üçün hərbi avantüralara əl atmaqdadır. Qarabağ münaqişəsinin nizamlanmasında danışıqların dayanması, məhz Rusiyanın siyasəti ilə bağlıdır. Rusiya öz forpostu olan Ermənistana danışıqlardan yayınmaq üçün bütün dəstəyi verməkdədir. Qeyd edim ki, Ermənistanda 1998-ci ildən hakimiyyətdə olan "Qarabağ"klanı Rusiyanın proyektidir. Çünki, Yerevan erməniləri Avropa ilə təmasların tərəfdarlarıdı. Bu "yerli" ermənilər Rusiyanın siyasəti ilə uzlaşmayada bilərlər və Azərbaycanla kompromisə gedərlər. Levon-Ter Petrosyanın silahlı devrilməsi buna sübutdur. " Qarabağ klanın" hakimiyyətdə olması, Rusiyanın maraqlarına uyğundur. Çünki, bu qrup öz hakimiyyətləri üçün Rusiyanın istəyi ilə hərəkət etməkdədir".
Politoloq Fikrət Sadıqov isə deyib ki, Moskvada dərk edirlər ki, Azərbaycan kifayət qədər önəmli və daha faydalı bir tərəfdaşdır.
Politoloq bildirib ki, Rusiya müttəfiqi Ermənistanı hər zaman dəstəkləyib:
"Ermənistan Rusiyanın Cənubi Qafqazda dayaq nöqtəsidir. Ancaq Moskvada onu da dərk edirlər ki, Azərbaycan kifayət qədər önəmli və güclü bir tərəfdaşdır. Yaranmış hazırkı qarşıdurma fonunda Azərbaycanla əməkdaşlıq Rusiya üçün daha faydalıdır. Çünki Rusiyanın vəziyyəti o qədər ürəkaçan deyil, ABŞ-la münasibətlər gərgin olaraq qalmaqdadır. Düzdür, Moskva İrəvanla müttəfiqlik münasibətlərini qırmayacaq. Ancaq son zamanlar hiss olunur ki, Rusiya Ermənistanı birmənalı şəkildə dəstəkləmir. Hətta sırf buna görə ölkənin siyasi elitası və erməni dairələrində narazılıq dalğası var. Bu da ona görə baş vermir ki, ortada Azərbaycan amili var. Bakı-Moskva münasibətlərinin yüksək səviyyədə olması bu gün Moskvanı İrəvana açıq dəstəkdən çəkindirir".
Yeri gəlmişkən, Sarkisyanın Moskva səfərinin vaxtı bilinib. Ermənistan Prezidenti Serj Sarkisyan martın 14-də Moskvaya səfər edəcək.
"İzvestiya" qəzeti xəbər verir ki, Sarkisyanın səfəri iki gün davam edəcək. Səfər zamanı erməni lider Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Qeyd edək ki, bir müddət öndə Sarkisyanın Moskva səfərini şərh edən erməni politoloq Musa Mikaelyan erməni liderin bununla öz hakimiyyətini qorumağa çalışdığını bildirib:
"Ermənistan və Rusiya liderlərinin görüşü işgüzar prosesdir, ona görə də burada təəccüblü heç nə yoxdur. Lakin Sarkisyanın budəfəki səfəri ölkənin daxili inkişafı baxımından mühüm ola bilər. Səfərin parlament seçkisindən öncə və ya sonra olması önəmli deyil. Burada əsas məqam bu səfərin daxili siyasi və hakimiyyətdaxili status-kvo üçün mühüm rol oynayacağıdır. Sarkisyanın budəfəki səfəri Baş nazir Karen Karapetyanın yanvardakı Moskva səfərinə cavab olacaq. Məsələ ondadır ki, Karapetyan Moskvada həm Rusiya hökuməti, həm də erməni biznesmenlər tərəfindən çox isti qarşılanıb. Bütün bunlar, şübhəsiz, Karapetyanın hökumət daxilində dayaqlarını gücləndirib. Karapetyanın mövqelərini gücləndirməsini Sarkisyan özünün hakimiyyətini qorumaq məsələsində əsas problem kimi görür. Sarkisyan heç bir halda Karapetyanı özünün xələfi saymır. Görünür, Moskva üçün Karapetyan xələf kimi görünür. Sarkisyan Moskvada məhz Karapetyanın nüfuzunu salmağa çalışacaq. Hazırda Sarkisyan üçün əsas varis müdafiə naziri Vigen Sarkisyandır".