Mədəniyyət nazirinin müavini: Kino Agentliyinin saxlanması üçün maliyyə təminatının ayrılması vacibdir Mədəniyyət

Mədəniyyət nazirinin müavini: Kino Agentliyinin saxlanması üçün maliyyə təminatının ayrılması vacibdir

Kino sənayesinin inkişafına dəstək verilməsi xüsusilə vacibdir.

APA xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.

Nazir müavini bildirib ki, son 2 ildə kino sənayesi sahəsində ölkəmizdə 71 film istehsalına başlanıb: “Bunların 50-si təhvil verilib. Çəkilən filmlərindən 15-i Vətən müharibəsinə həsr edilib. Hazırda Vətən müharibəsi ilə bağlı 5 böyük filmin çəkilişi davam edir. Beynəlxalq kino festivallarında son 5 ildə 30-a yaxın filmimiz iştirak edib. Artıq Kino Agentliyi tərəfindən 7 animasiya filmi çəkilir. Yeni istiqamətlərdən biri tarixi filmlərin çəkilməsidir. Bunun üçün Türkiyədəki tarixi filmlərin çəkildiyi poliqonlar ziyarət olunur. Kino sənayesinin inkişafı hər zaman dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunub. Xarici film istehsalçıları tərəfindən ölkəmizdə mədəniyyətimizi tərənnüm edən filmlər çəkiləndə xərclərin 40 %-i Azərbaycan tərəfindən qarşılanır. Bu gün Azərbaycan Respublikasının Kino Agentliyinin saxlanması üçün maliyyə təminatının ayrılması vacibdir”.