““Azərbaycan Respublikasının suverenliyi bölünməzdir” müddəası artıq reallıqda tam təsdiqini tapıb” Siyasət

““Azərbaycan Respublikasının suverenliyi bölünməzdir” müddəası artıq reallıqda tam təsdiqini tapıb”

“1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyası dövlət suverenliyinin hüquqi və siyasi əsasını formalaşdırdı. Bu sənədin qəbulundan sonra müstəqil idarəetmə, milli təhlükəsizlik və beynəlxalq subyektlik prinsipləri dövlət siyasətinin əsas dayağına çevrildi”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

Politoloq bildirib ki, son otuz ildə Konstitusiyada əksini tapan “Azərbaycan Respublikasının suverenliyi bölünməzdir” müddəası artıq reallıqda tam təsdiqini tapıb: “2020-ci ildə ərazi bütövlüyünün bərpası ilə Azərbaycan öz suveren hüquqlarını bütün ərazilərində təmin etdi və milli dövlətçilik ideyası praktik məzmun qazandı. Bu dövrdə suverenliyin möhkəmlənməsi yalnız hərbi və siyasi sahədə deyil, həm də hüquqi, diplomatik və iqtisadi müstəvilərdə özünü göstərib. Azərbaycanın beynəlxalq arenada bərabərhüquqlu tərəfdaş kimi tanınması, milli maraqlara əsaslanan xarici siyasət yürütməsi və regional proseslərdə müəyyənedici rola malik olması Konstitusiya ilə təsbit olunmuş suverenlik prinsipinin real nəticəsidir. Beləliklə, Konstitusiyanın qəbulundan bu günə qədər Azərbaycanın suverenliyi təkcə qorunmayıb, həm də müasir beynəlxalq sistemdə güclənmiş, siyasi və hüquqi baxımdan tam bərqərar olub”.

Röya İsrafilova