“Sarkisyan xalqı güllə altında saxlayır” Siyasət

“Sarkisyan xalqı güllə altında saxlayır”

"Cəbhədə erməni təxribatının davam etməsindən, Ermənistanın işğalçı siyasətinə ikili standartlar prizmasından yanaşılmasından, atəşkəsin intensiv pozulmalarına kifayət qədər ədalətli yanaşılmamasından narahatam".
"Ermənistan-Azərbaycan Sülh Platforması"nın təsisçilərindən olan Dağlıq Qarabağın Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev belə deyib.
Rövşən Rzayev bildirib ki, ATƏT-in Minsk qrupuna üzv dövlətlərin, xüsusilə həmsədr dövlətlərin rəhbərlərinin münaqişənin həllinə yanaşmaları obyektivlikdən çox-çox uzaqdır: "Başa düşürəm ki, erməni lobbisinin həm ABŞ-ın, həm Fransanın, həm də Rusiyanın siyasi durumuna təsiri var. Amma, inanmaq istəmirəm ki, dövlət siyasətlərinə erməni lobbisinin təsir gücü bu səviyyədə olsun. Bunlar narahatedici məqamlardır.
Bu gün təmas xəttindəki təxribatların kökündə Ermənistanda keçiriləcək parlament seçkiləri durur. Ermənistanın səhra komandiri düşüncəsinə sahib prezidenti Serj Sarkisyan Dağlıq Qarabağı işğal etməklə siyasi hakimiyyəti zəbt edib. İndi də işğalçı siyasətdən istifadə edərək qarşıdan gələn seçkiləri qazanmaq stəyir. Sarkisyan öz xalqını güllə altında saxlayır. O, hakimiyyətini qorumaq üçün cəbhədə təxribatlara əl atır.
Böyük dövlətlər ikili standartlardan əl çəkməli, işğalçını öz adı ilə çağırmalıdırlar. Ermənistanın işğalçı siyasətinə son qoyulmalıdır".
Deputat vurğulayıb ki, Azərbaycan daim sülhün tərəfdarıdır: "Azərbaycan sülhə nail olmaq üçün bütün imkanlarından istifadə edir. Danışıqlar prosesini aparan şəxs kimi prezident İlham Əliyev ədalətli mövqe sərgiləyir. Təəssüflər olsun ki, bu gün işğalçı siyasəti dəstəkləyən qüvvələr daha çoxdur. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması artıq neçə illərdir ki, erməni icmasının üzvləri ilə dialoq axtarışındadır. Lakin ermənilər bu sülhməramlı mövqeyə səs vermirlər. Azərbaycan sülh uğrunda mübarizənin istiqamətini bir az da artırıb. Bakıya könüllü olaraq gəlmiş erməni əsilli insanlarla bir yerdə "Ermənistan-Azərbaycan Sülh Platforması" yaratmışıq. Təəssüflər olsun ki, qarşı tərəfdən heç bir pozitiv siqnal ala bilmirik. Çünki, işğalçı, səhra komandiri düşüncəsində olan rəhbər təxribatçılıq və terrorçuluq düçşüncəsindən uzaqlaşa bilmir. Hesab edirəm ki, bir qədər də bu mövqedə qalsalar, Ermənistanın bir dövlət kimi varlığı sual altında olacaq. Xalqın səfalət içində yaşaması, iqtisadiyyatın çöküşü daha da dərinləşəcək".