“Həmsədrlər qətiyyətli addımlar atmalıdır” Siyasət

“Həmsədrlər qətiyyətli addımlar atmalıdır”

Milli Məclisin sədri Oqtay Əsədov Rusiyanın Sankt-Peterburq şəhərinə səfəri zamanı bir sıra görüşlər keçirib.
Milli Məclisin sədri orada ATƏT Parlament Assambleyasının (PA) prezidenti xanım Kristine Muttonen ilə görüşüb.
Azərbaycan parlamentinin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivlərindən danışaraq təəssüflə vurğulayıb ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin davam etməsinə, Minsk qrupunun həmsədrlərinin daim dəyişməsinə baxmayaraq, münaqişə hələ də öz həllini tapmayıb.
Milli Məclisin spikeri qeyd edib ki, danışıqlar prosesi sonsuz davam edə bilməz və bu məsələnin həllinin həvalə olunduğu Minsk qrupu daha qətiyyətli addımlar atmalıdır. Beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı müzakirələrdə ikili standartlara yol verildiyini, özlərini insan haqlarının müdafiəçisi sayan qurumların Azərbaycanda bir milyon qaçqın və məcburi köçkünün taleyinə laqeyd qaldıqlarını vurğulayan Oqtay Əsədov deyib ki, işğalçı ölkə ilə əraziləri işğal edilmiş ölkə arasında bərabərlik işarəsinin qoyulması düzgün deyil.
ATƏT PA-nın prezidenti rəhbərlik etdiyi təşkilatın Azərbaycanla sıx əlaqələrindən məmnunluq ifadə edib, dünyada terrorizm dalğasının tüğyan etdiyi bir dövrdə bu əlaqələrin əhəmiyyətini vurğulayıb.
Kristine Muttonen Minsk qrupu həmsədrlərinin görüşünün keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Görüşdə Azərbaycan ilə ATƏT-in Parlament Assambleyası arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
ATƏT PA-nın yeni seçilmiş vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev görüşdə iştirak edib.