Dağlıq Qarabağ problemini güclü ordu həll edəcək Siyasət

Dağlıq Qarabağ problemini güclü ordu həll edəcək

Ziyafət Əsgərov: "Minsk qrupunun fəaliyyəti keçən illər ərzində heç bir nəticə verməyib"
Bahar Muradova: "ATƏT-in Minsk qrupunun fəaliyyətini hər zaman tənqid etmişik"

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtondakı Karnegi Fondunda çıxış edəcək. "Dağlıq Qarabağ: həll yolları" mövzusunda məruzə ilə çıxış edəcəyini qeyd edən Uorlik vurğulayıb ki, o, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində yeritdiyi siyasəti izah edəcək.
Ümumiyyətlə Minsk Qrupu həmsədrlərinin açıqlamaları artıq ictimaiyyət tərəfindən qeyri ciddi qarşılanır. Onqların hər açıqlaması belə ictimaiyyət nümayənələri, siyasilər, millət vəkilləri tərəfindən sərt reaksiya ilə qarşılanır. Bu da həmsədrlərin proöblemin həlli ilə yox, bundan yararlanaraq sadəcə öz maraqlarını təmin etməyə çalışmaları ilə bağlıdır.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, Dağlıq Qarabağ problemini beynəlxalq hüquq prinsipləri çərçivəsində Azərbaycanın güclü iqtisadiyyatı və güclü ordusu həll edəcək. Ziyafət Əsgərov Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupu ölkələrinin fəaliyyətinə münasibət bildirərək, bu istiqamətdə heç bir irəliləyişin olmadığını vurğulayıb: "Çox təəssüf edirəm ki, münaqişənin həlli ilə əlaqədar yaranan Minsk Qrupunun fəaliyyəti keçən illər ərzində heç bir nəticə verməyib. Minsk Qrupuna daxil olan ölkələrin səfirləri Azərbaycana gəldilər-getdilər, bəyanat verdilər, hətta dedilər indi vaxtdır, bu münaqişəni həll etmək lazımdır. Amma çox təəssüf edirəm ki, Minsk Qrupu üzvlərinin hər iki ölkəyə səfəri heç nəyi həll etmədi. Ona görə də biz o fikirdəyik ki, bu problemin həllini beynəlxalq hüquq prinsipləri çərçivəsində Azərbaycanın güclü iqtisadiyyatı və güclü ordusu həll edəcək".
Milli Məclisinin vitse-spikeri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib ki, ATƏT-in Minsk qrupunun fəaliyyət göstərdiyi 20 il Dağlıq Qarabağ münaqişəsinin həlli üçün itirilmiş illərdir: "ATƏT-in Minsk qrupunun fəaliyyətini hər zaman tənqid etmişik. Atəşkəsin əldə olunmasının 20 illiyi ərəfəsində yenə də başqa cürə danışa bilmirik. Çünki təəssüf ki, böyük ümidlər doğuran, münaqişənin həlli üçün imkanlar yaradan bu müddətdən səmərəli istifadə olunmadı və bu illər ərzində görülmüş müsbət işlər barədə bir-birimizi təbrik edə bilmədik" Bahar Muradova vurğulayıb ki, bu müddət ərzində bəlkə də döyüşlərdən sonra bir az dincəlmək, ölkədaxili, beynəlxalq məsələlərlə məşğul olmaq imkanı yarandı, amma ölkə üçün ən önəmli, vacib olan Dağlıq Qarabağ münaqişəsinin həllidir: "Bu da bizi narahat edir. Atəşkəsin 20 illiyi ərəfəsində nə onu əldə edənləri, nə onun qorunub saxlanması üçün çalışanları, nə də həm Ermənistan, həm Azərbaycanda sülhün intizarında olan vətəndaşları təbrik edə bilirik".
Bahar Muradovanın sözlərinə görə, bu məsələ ATƏT-in sessiyalarında müzakirə olunur. Ölkələri də, beynəlxalq ictimaiyyəti də, insanları da qeyri-müəyyən vəziyyətdə saxlayan vaxtın uzanması qeyri-məqbul hesab edilir. ATƏT-in Bakıda keçirilən 23-cü illik sessiyasında mövcud durum nəzərə alınaraq bu məsələ ətrafında müzakirələr aparılacaq.
Millət vəkili Qənirə Paşayeva isə Bolu Türk Ocaqlarında Şuşada və digər işğal olunmuş torpaqlarımızda Ermənistanın dağıtdığı tarixi və mədəniyyət abidələrimiz barədə çıxış edib. Konfransda iştirak edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva "bir millət, iki dövlət" olan Azərbaycan ilə Türkiyə arasında yüksək səviyyədə əlaqələrin olmasının məmnuniyyət verici olduğunu bildirib. Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlığın daha genişləndirilməsinin vacibliyini qeyd edən millət vəkili bu əməkdaşlığın bütün türk dünyasının birliyi üçün bir təməl rolunu oynadığını və oynaya biləcəyini deyib.
Onun sözlərinə görə, Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən "Şərq tərəfdaşlığı" konfransı çərçivəsində Prezident İlham Əliyevin Ermənistan prezidenti Serj Sarkisyanın qondarma "erməni soyqırımı" ilə bağlı əsassız iddialarına "Türkiyə burda yoxdur, amma mən varam" cavabı verməsi və verdiyi tutarlı cavab türk dünyasının tarixinə yazılan və Azərbaycan-Türkiyə dostluğunun möhkəmliyini göstərən, iki qardaş dövlətin ümumi maraqlarını və beynəlxalq aləmdə vahid cəbhədən çıxış etməsinin bariz nümunəsi oldu: "Prezident İlham Əliyevin bu çıxışı təkcə Azərbaycan gəncliyi üçün deyil, bütün Türkdilli dövlətlər və Türk dünyası üçün örnəkdir".
Azərbaycanın qədim mədəniyyət beşiyi olan Şuşanın Ermənistan tərəfindən işğalından 22 il ötdüyünü diqqətə çatdıran Qənirə Paşayeva Ermənistanın işğal etdiyi Şuşada və digər Azərbaycan torpaqlarında Azərbaycan türklərinə qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti, millətimizə məxsus mədəni-tarixi abidələri, məscidləri, qəbirstanlıqları dağıtması, türk millətinin Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda tarixi izlərini silmək siyasəti yürütməsi haqqında məlumatlar verib.
O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir türk Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Şuşada və digər Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.
Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb.
Onun sözlərinə görə, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər: "Bu yalanların qarşısının alınmasının tək bir yolu - türk dünyası birlikdə mübarizəsini daha da gücləndirməli və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymağa çalışmalıdır. Biz, Türk milləti olaraq ortaq problemlərimizi birləşərək birlikdə həll etməliyik. Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə, Qarabağ həqiqətlərinin yayılması, Xocalı soyqırımının tanıdılması, Ermənistanın işğal etdiyi Şuşada daxil olmaqla digər Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması harada doğulub, harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq". Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva söyləyib ki, harada doğulmasından və yaşamasından asılı olmayaraq böyüyən gəncliyimizə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər.

Əli