Uorlik “qaş düzəltdiyi yerdə yenə göz çıxarır” Siyasət

Uorlik “qaş düzəltdiyi yerdə yenə göz çıxarır”

Elmar Məmmədyarov: "Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil"
Elxan Şahinoğlu: "Amerikalı həmsədr masa üzərindəki bəndləri təkrarlayıb, əsas müddəanı isə İrəvanın istəyinə uyğun şəkildə dilə gətirib"

Cavid

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dövlət Departamentinin rəsmi bəyanatını açıqlayıb və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair təklifləri səsləndirib. O, sülhə nail olmaq üçün 6 elementin həyata keçirilməli olduğunu bildirib.
"news.am" saytının məlumatına görə, Uorlik Vaşinqtondakı Karnegi Fondunda (Carnegie Endowment for International Peace) çıxışında bildirib ki, bu elementlər həmsədr dövlətlərin prezidentləri Obama, Sarkozi və Medvedevin 2009-cu ildə Akvil və 2010-cu ildə Muskokada qəbul etdikləri birgə bəyanatlarda əksini tapıb.
C. Uorlik qeyd edib ki, həmin elementlər ABŞ-ın Minsk Qrupu çərçivəsində yeritdiyi siyasətin əsasını təşkil edir:
1. Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq tərəflər razılaşmalıdır ki, yekun statusun müəyyənləşdirilməsi gələcəkdə qarşılıqlı razılaşdırılmış və hüquqi qüvvəyə malik olacaq, öz iradəsini ifadə etmə əsasında həyata keçiriləcək. Aralıq variantlar müvəqqəti olacaq.
2. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Bakı tərəfindən nəzarət olunmayan ərazisinin aralıq statusu müəyyən olunmalı və həmin ərazinin təhlükəsizliyi və özünüidarəsi təmin edilməlidir.
3. Dağlıq Qarabağ ətrafında ələ keçirilmiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Azərbaycanın suverenliyinə hörmətin olmadığı bir şəraitdə problemin həlli mümkün deyil və Azərbaycanın həmin ərazilər üzərində suverenliyi bərpa olunmalıdır.
4. Ermənistanı Dağlıq Qarabağla əlaqələndirəcək dəhlizin olması vacibdir. Bu dəhliz təhlükəsiz gediş-gəliş üçün lazımi genişliyə malik olmalıdır, lakin bütün Laçın rayonunu əhatə edə bilməz.
5. Uzunmüddətli həll çərçivəsində qaçqın və məcburi köçkünlərin öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ tanınmalıdır.
6. Sülhməramlı əməliyyatı özündə ehtiva edəcək beynəlxalq təhlükəsizlik təminatları vacibdir. Bütün tərəflərin etimad etdiyi və yaxşı hazırlanmış sülhməramlı əməliyyat olmadan sülhün təmin olunmasına dair nümunə yoxdur.
Amerikalı həmsədrin təkliflərinə rəsmi Bakı dərhal reaksiya verib. Xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal etdikləri ərazidən çıxarılsa, bütün məsələlər həll oluna bilər. Nazir bildirib ki, Azərbaycan tərəfi Dağlıq Qarabağ probleminin həlli üçün sülh sazişi üzərində işlərə başlamağa razılığını verib.
Elmar Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində sülhməramlı qoşunlar həmin əraziyə yerləşdirilməlidir. Çünki münaqişə tərəfləri arasında inam yoxdur və məcburi köçkünlərin təhlükəsizliyi üçün sülhməramlılar yerləşdirilməlidir: "Siyasi baxımdan razılığa gəlsək, bu məsələni həll edə bilərik".
XİH rəhbəri onu da bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri mayın ortalarında regiona səfər edəcəklər. Nazirin sözlərinə görə, həmsədrlər əvvəlcə Ermənistana, daha sonra Dağlıq Qarabağa və sonra Bakıya gələcəklər.
E.Məmmədyarov deyib ki, həmsədrlərin səfərinin məqsədi faktaraşdırıcı missiyadır: "Əsas məqsəd ilk növbədə Dağlıq Qarabağdakı vəziyyətlə yaxından tanış olmaqdır. Bildiyiniz kimi, mən ATƏT sədrinə məktub göndərərək bildirmişəm ki, Suriyada olan xoşagəlməz hadisələrə görə, bəzi orada yaşayan Suriya erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşırlar. Mən xahiş etdim ki, həmsədrlər faktaraşdırıcı missiya ilə bu məsələyə də toxunsunlar və Qarabağa səfər etsinlər".
Ekspert Fərhad Məmmədovun fikrincə, C.Uorlikin açıqladığı 6 sülh elementi əslində həmsədr ölkələrin prezidentləri tərəfindən hələ 2009-cu ildə qəbul edilmiş birgə bəyanatında ("Böyük səkkizlər"in Akvill sammiti) əksini tapıb. Ancaq bəzi yeniliklər də var. Amerikalı həmsədr aydın şəkildə bildirib ki, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər bölgənin yekun hüquqi statusunun müəyyən edilməsindən əvvəl boşaldılmalıdır: "Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsinin qeyri-müəyyən müddətə təxirə salınmalı olduğu bildirilir, ancaq statusun hansı formada müəyyən edilməli olduğu göstərilmir. Hərçənd ki, həmsədrlərin bundan əvvəlki bəyanatlarında yekun statusun referendumda müəyyən edilməli olduğu göstərilmişdi.
Eyni zamanda amerikalı həmsədr nizamlama prosesində həmişə ən mürəkkəb məsələ olan Laçın dəhlizi barədə nisbətən aydın danışıb. C.Uorlik bildirib ki, Laçın rayonu ərazisindən Ermənistanla Dağlıq Qarabağ arasında birbaşa əlaqə üçün dəhliz ayrılmalıdır, ancaq bu dəhliz bütün Laçın rayonunun ərazisini əhatə etməməlidir. Yəni müəyyən enlikdə dəhlizi çıxmaqla Laçın rayonunun qalan hissəsi də boşaldılmalıdır.
Həmçinin diplomat Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsinə qədər malik olacağı aralıq statusun limitini də göstərib".
Ekspert xatırladıb ki, Uorlikin qənaətinə görə, müvəqqəti status minimum təhlükəsizlik təminatını və bölgənin özünüidarəsini təmin etməlidir: "Eyni zamanda bölgədə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinin vacib şərt olduğu göstərilib. Amerikalı həmsədrin Qarabağa dair əsas sülh elementlərini açıqlaması Ukrayna ətrafındakı böhrana görə Minsk Qrupunun işlək vəziyyətdə olmadığı bir vaxtda baş verir. Hansı ki, Rusiyanın Ukraynadan sonra Moldovanın Dnestryanı bölgəsini özünə birləşdirəcəyi, daha sonra Qarabağla məşğul olacağı haqda çoxsaylı mülahizələr var. Söhbət Qarabağın Rusiyaya birləşdiriləcəyinə dair Rusiyadan səslənən ideyadan gedir. Eyni zamanda Birləşmiş Ştatlar Ukrayna böhranında kifayət qədər qətiyyətsiz davranaraq Rusiya ilə qonşu olan keçmiş sovet respublikalarında nüfuzunu, mövqelərini sürətlə itirməkdədir. Belə bir vaxtda ABŞ-ın Qarabağ nizamlanmasındakı rolu da zəifləyir və hətta Vaşinqtonun bu prosesdən ümumiyyətlə kənarlaşdırılması məsələsi gündəmə gəlir. Görünür, bu amillər ABŞ-ı Qarabağ məsələsində "sıçrayışa" sövq edib və Vaşinqtonda nəzərə alırlar ki, itirilmiş Ukraynadan sonra Azərbaycanda da mövqelərin əldən verilməsi ciddi geosiyasi məğlubiyyət olacaq".
Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Con Heffren dünən jurnalistlərə açıqlamasında səfir C.Uorlikin niyə məhz indi Vaşinqtonun Qarabağ münaqişəsinə dair yanaşmasını açıqladığını izah etməyə çalışıb. C.Heffren deyib ki, bunun birinci səbəbi mayın 14-də Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin elan edilməsinin 20 ilinin tamam olmasıdır. İkincisi, son bir neçə ay ərzində nizamlama prosesi dayanıb və amerikalı həmsədr öz çıxışı ilə prosesə yeni impuls verməyə çalışır: "Üçüncüsü, həmsədr ABŞ-ın siyasətini təqdim etməyə və bilavasitə Dağlıq Qarabağın statusu ilə ona bitişik ərazilərin statusu arasındakı fərqləri göstərməyə çalışıb. Çünki elə təsəvvür yaranır ki, Bakıda və İrəvanda, cəmiyyətdə, Dağlıq Qarabağın özündə bu ərazilər Dağlıq Qarabağ kimi vahid məqsəd kimi nəzərdən keçirilir. Ancaq onlar fərqlidir və bunlara münasibətdə danışıqların nəticələri də fərqli olmalıdır".
ABŞ səfiri bununla nə demək istəyir? Diplomatın dediklərinin izahı budur ki, Azərbaycan işğal altındakı əraziləri ətraf rayonlar və Dağlıq Qarabağla birlikdə geri qaytarmağa ümid etməməlidir, ən azından ətraf rayonların boşaldılmasının əvəzində Dağlıq Qarabağın aralıq statusunu qəbul etməli və yekun statusun gələcəkdə müəyyən edilməli olduğunu tanımalıdır.
Eyni zamanda onun mövqeyincə, Ermənistan ətraf rayonların boşaldılması məsələsini birbaşa Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsinə bağlamalı deyil və bu, hər iki tərəf üçün məqbul daha optimal həll yoludur.
ABŞ səfiri ümid etdiyini bildirib ki, yaxın aylarda Azərbaycan və Ermənistan prezidentlərinin yeni, məzmunlu görüşü olacaq. Bəs Amerika tərəfinin bəyanatı Rusiyanın münaqişənin nizamlanmasında lider rolunu üzərinə götürməsinə imkan verilməyəcəyi kimi başa düşülə bilərmi?
Səfir Heffren bu suala birbaşa cavab verməsə də deyib ki, tərəflər həmsədrləri prosesdə daha fəal olmağa çağırıblar.
"Biz Minsk Qrupu çərçivəsindəki öhdəliklərimizə sadiq qalırıq" deyə səfir vurğulayıb".
Politoloq Elxan Şahinoğlu isə açıqlamasında Uorlikin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni heç nə demədiyini vurğulayıb: "Uorlik "Dağlıq Qarabağ: həll yollarının əsasları" mövzusundakı konfransda sülhə nail olmaq üçün 6 elementin həyata keçirilməli lazım olduğunu bildirib. Burada yeni heç nə yoxdur. Həmin prinsiplər Madrid planında da yer alıb. Uorlik olanı təkrar edib. Amerikalı həmsədrin sadaladığı 6 prinsipdən 5-i həqiqətən bu və ya digər şəkildə Azərbaycanın xeyrinədir. Problem ondadır ki, onun birinci sadaladığı prinsip digər 5 prinsipin üstündən qara bir xətt çəkir. Uorlik deyir ki, Dağlıq Qarabağın müvəqqəti statusu müvəqqəti olmalıdır. O bununla erməni separatçılarının istəyini təkrarlayıb".
Politoloq qeyd edib ki, bəli, Dağlıq Qarabağın aralıq statusu mövcud olduğu dönəmdə problemin həllində xeyli irəliləyiş əldə etmək mümkündür və məhz buna görə də vasitəçilər bu təklifi Madrid planına salıb: "Ancaq İrəvan dirənərək aralıq statusun müddətinin sülh sazişində göstərilməsini istəyir. Yəni bu müddət bitdikdən sonra Dağlıq Qarabağda referendum keçiriləcək. Bu isə Azərbaycanın maraqlarına ziddir. Əgər Uorlik desəydi ki, müvəqqəti və ya aralıq status indiki vəziyyətdən yeganə çıxış yoludur, onda bilinərdi ki, amerikalı həmsədrin yanaşmasında müsbət yenilik var. Ancaq Uorlik masa üzərindəki bəndləri təkrarlayıb, əsas maddəni isə İrəvanın istəyinə uyğun şəkildə dilə gətirib. O sanki Azərbaycan hakimiyyətinə və cəmiyyətinə xoş gəlmək üçün deyib ki, işğal altındakı torpaqlar qaytarılmalıdır, qaçqınlar geri dönməlidir. Ancaq bunun müqabilində Azərbaycanın Dağlıq Qarabağın öz müqəddəratının təyin etməsinə hazır olması gərəkliyini vurğulayıb. Çevir tatı, vur tatı".
E.Şahinoğlunun fikrincə, ümumiyyətlə, Uorliki kim bu vəzifəyə təyin edibsə, böyük səhvə yol verib: "Bu diplomat artıq tərəflərdən birinin inamını itirib, indi də özünü sanki yaxşı göstərmək üçün Madrid planının maddələrini açıqlayır. Ancaq qaş düzəltdiyi yerdə yenə göz çıxarır".