“Azərbaycan Türkiyəyə hərbi yardım etsin”, təklifinin mahiyyəti nədir? Siyasət

“Azərbaycan Türkiyəyə hərbi yardım etsin”, təklifinin mahiyyəti nədir?

Qardaşın qardaşa, doğmanın doğmaya kiçicik köməyi, yardımı isə adətən daha şirin və unudulmaz olur

"Yeni Müsavat"ın siyasət şöbəsi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin Türkiyəyə hərbi yardımın təklif edilməsi ilə bağlı çağırışını şərh edib. Həmkərlarımızın şərhini oxucularımıza təqdim edirik:
"Türkiyəyə bir yaxşılıq etsək, bizə beşini edər: qardaşın yarasını biz də sarıyaq!
Yəqin ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə bunca yaxın, bunca bağlı başqa iki dövlət tapmaq mümkünsüzdür. Təkcə dövlətlərarası, ölkələrarası deyil, həm də və ən önəmlisi, toplumlararası, fərdlərarası yaxınlığı və bağlılığı, dil-mədəniyyət, tarix-tale oraqlığını özündə ehtiva edən mövcud durumu yalnızca ət-dırnaq kimi xarakterizə eləmək olar.
Türkiyə və Azərbaycan mübaliğəsiz-filansız artıq xeyri də, şəri də ortaq olan "bir millətin iki dövləti" halına gəlib. Bu status ilbəil daha da möhkəmlənməkdə, müxtəlif çaplı və çeşidli düşmənlərə göz dağına çevrilməkdədr. Elə təkcə üç gündür davam edən Türkiyə-Azərbaycan ortaq hərbi təlimləri özlüyündə çox şey deyir. Bu - qardaşlığın, daha dəqiqi, "ət-dırnaqlığın" növbəti parlaq təsdiqidir ki var!
Doğru, NATO üzvü Türkiyə Azərbaycandan qat-qat güclü dövlətdir, regional supergücdür, bölgənin vazkeçilməz ölkəsi, qlobal siyasətə təsir imkanlarına malik dövlətdir. Sanbalı, çəkisi, yeri olan, sayılıb-seçilən, sözü hər yerdə keçən dövlətdir. Yəni Türkiyə - bizim gücümüzə daha çox güc qatan qüdrətli ölkə, 1 saylı dost-müttəfiqdir, nəinki Azərbaycan onun gücünə güc qatan bir məmləkət.
Ancaq Azərbaycan da iqtisadi potensialı, əlverişli geosiyasi mövqeyi, Türkiyə maraqlarına yönəlik xarici siyasət kursu, zəngin enerji resursları ilə özünə görə regionda bir gücdür; daima qardaş ölkənin gücünə özünəməxsus güc qata biləcək və qatan önəmli bir məmləkətdir.
O da faktdır ki, Türkiyə-Azərbaycan ittifaqı və qardaşlığını pozmaq, aramıza nifaq salmaq, bizi təkləyib təntitmək üçün anti-Türk dairələri də daima ayaqdadır, daima dəridən-qabıqdan çıxmaqdadır. Son zamanlar Avropadan əsən anti-Türkiyə küləkləri bu qəbildəndir və qardaş ölkə kimi bizi də qayğılandırmağa, üzməyə bilməz.
Sözsüz ki, Türkiyə böyük dövlət olaraq, təkbaşına da bu həmlələrə qarşı duruş gətirmək iqtidarındadır. Ancaq bu, o demək deyil ki, bizim bu xüsusda görəcəyimiz heç bir iş yoxdur, bizlik bir şey qalmayıb. Ən azından, qardaş qarşısında bir vəfa borcumuz, qardaşa mənəvi dəstək vermək kimi bir görəvimiz var təbii ki.
Azərbaycandakı siyasi partiyalardan biri – deputat Qüdrət Həsənquliyevin sədri olduğu BAXCP bu xüsusda kifayət qədər maraqlı təklif irəli sürüb. Bələ ki, partiya Azərbaycanın müharibə vəziyyətində olmasına rəğmən, hökumətimizi Türkiyəyə hərbi yardım da daxil olmaqla, hərtərəfli köməyini təklif etməyə çağırıb.
Son vaxtlar Türkiyəyə münasibətdə Qərb dövlətlərinin sərgilədiyi mövqeyi müzakirə edən BAXCP İdarə Heyəti qardaş ölkəyə qarşı atılan addımları qətiyyətlə pisləyərək bəyan edib: "BAXCP İdarə Heyəti hesab edir ki, Qərb Türkiyə ilə terrorçular arasında hərbi qüvvələrini yerləşdirməklə onlara dəstək vermək əvəzinə PKK, YPQ, PYD və bu kimi terror qruplarına qarşı mübarizədə rəsmi Ankaranın yanında olmalı, müttəfiqini müdafiə etməlidir". Partiya daha sonra Azərbaycan hökumətinə də çağırış edib: "Hesab edirik ki, ölkənin müharibə vəziyyətində olmasına baxmayaraq, Azərbaycan hökuməti Türkiyəyə hərbi yardım da daxil olmaqla, hərtərəfli köməyini təklif etməlidir".
Əlbəttə, Türkiyə kimi bir dövlətin, ordusu dünyanın ilk onluğuna daxil olan, Avropada isə birinci olan bir dövlətin bizim hərbi dəstəyimizə ehtiyacı yoxdur. Qaradaş ölkə terrorçu PKK və onun bütün siyasi törəmələri ilə, İŞİD təhlükəsi ilə, irili-xırdalı digər daxil-xarici təhdidlərlə təkbaşına da bacarar. Şükür ki, bacarır da.
Azərbaycanın öz hərbi və qeyri-hərbi dəstəyi ilə qardaş ölkənin yanında olması isə - ən əvvəl qardaşa mənəvi güc vermək, onunla birgə, həmrəy olmaq deməkdir. Qardaşın qardaşa, doğmanın doğmaya kiçicik köməyi, yardımı isə adətən daha şirin və unudulmaz olur. Mənəvi dəyər anlamında yəni. Mənəvi kömək isə maddidən həmişə qiymətli olub. Azdır?
Üstəlik, Türkiyə kimi bizə etibarlı, sadiq, böyük qardaşa bir yaxşılıq eləsək, o, bizə beşini edər, artıqlaması ilə qaytarar! Buna şəkk edən var ki? Bu yerdə Türkiyənin keçmiş müdafiə naziri İşıqın vaxtilə Bakıda dediyi sözlər ibrətamizdir: "Azərbaycanın bizdən hərbi kömək istəməsi yetər ki, köməyə tələsək..."
Belədirsə, bölgədəki və dünyadakı mürəkkəb duruma nəzərən Azərbaycanın Türkiyəyə simvolik dəstəyi, onun hansısa balaca bir yarasını sarıması da tam yerinə düşməklə bərabər, öncə dünyaya bir mesaj olardı ki, iki qardaş ölkənin müttəfiqliyi sarsılmazdır, əbədidir! Eyni zamanda bu, təbii ki, iki ölkənin ictimai rəyinə ötürülən qiymətli və əvəzsiz dostluq mesajı olardı. Bu dostluq və qardaşlığın heç bir şərt altında və heç bir iqtidar dönəmində pozulmayacağı barədə çatdırış anlamı daşıyardı - ən əvvəl də Türk düşmənlərinə...