“ÜAK-ın ləğvi qərarı....” Siyasət

“ÜAK-ın ləğvi qərarı....”

Rauf Əliyev: "Rusiya vətəndaşları olan milyonlarla azərbaycanlının hüquqlarının pozulmasına səbəb olub"

"Ümumrusiya Azərbaycanlıları Konqresinin (UAK) qeydiyyatının ləğv edilməsi barədə çıxarılan qərarın böyük bir hissəsi artıq Rusiya vətəndaşları olan milyonlarla azərbaycanlının hüquq və azadlıqlarının pozulmasına səbəb olub". Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib. Qərarın Azərbaycan ictimaiyyəti tərəfindən narahatlıqla qarşılandığını deyən deputat bunun təsadüf olmadığını dilə gətirib: "Azərbaycanla Rusiya arasında çoxəsrlik əlaqələr mövcuddur. Müstəqillik illərində bu əlaqələr daha da inkişaf edərək dostluq və strateji əməkdaşlıq səviyyəsinə çatıb. İki dövət başçılarının qarşılqlı səfərləri, onların arasındakı şəxsi dostluğu münasibətlərin bu səviyyəyə çatdırılmasında mühüm rol oynayıb. Azərbaycanla Rusiya münasibətlərinin yüksək sürətlə inkişaf etməsindən, ümumiyyətlə Azərbaycanın regionda əsas siyasi oyunçulardan birinə çevrilməsindən narahat olan, Rusiyada fəaliyyət göstərən ermənipərəst, antiazərbaycan qüvvələr belə bir qərarın qəbul edilməsində fəal surətdə iştirak ediblər. ÜAK-ın ləğvi qərarı böyük bir hissəsi artıq Rusiya vətəndaşları olan milyonlarla azərbaycanlının hüquq və azadlıqlarının pozulmasına səbəb olub. Bu, eyni zamanda, iki dövlət və xalq arasında mövcud olan ənənəvi dostluq münasibətlərinə kölgə salır. Hesab edirəm ki, sağlam düşüncə qalib gələcək, iki dövlət və xalq arasında dostluq münasibətləri qorunub saxlanacaq və gələcəkdə daha da inkişaf edəcək".
Hərbi ekspert Üzeyir Cəfərov isə deyib ki, Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) ilə bağlı məsələ hələ də tam qapanmayıb: "Çox yaxşı olardı ki, bizim ölkənin müvafiq rəsmi və qeyri-rəsmi qurumları narahatçılığımızı və narazılığımızı Rusiyanın mümkün olan bütün alt və üst qatlarına çatdırmaqda davam edərdilər. Çünki, indi ard-arda rusiyalı rəsmlər qeyd etməyə çalışırlar ki, guya bu qərar siyasi qərar deyil, bu tamam başqa məsələdir və sair. Amma, biz yaxşı bilirik ki, bu təşkilat 10 ildən artıqdır ki, RF ərazisində normal fəaliyyət göstərib və heç bir qanunsuzluğa və özbaşınalığa yol verməyib. Birdən-birə Rusiya Ədliyyə Nazirliyini hansı "ilan sancdı" ki, bunlar ÜAK-ın sənədlərini yada saldılar və hansısa "səhvı"aşkar etdilər. Qurum Ədliyyə Nazirliyində qeydiyyatdan keçəndən sonra öz Nizamnaməsinə heç bir dəyişiklik etməyib, hansısa düzəliş və ya əlavə etməyibsə, indi hansı səhvdən söhbət gedə bilər? Ona görə də, ən azından özlərinin dedikləri "səhvləri" düzəltmək lazımdır ki, iki ölkə arasında olan münasibətlərə təsir göstərməsin. Mən o fikri də bölüşürəm ki, bu qərarın verilməsində Rusiyadan daha çox kənar qüvvələrin rolu və iştrakı olub. Bu isə təkzibedilməz faktlarla və sübutlarla ortalıqdadır. Düşünürəm ki, yaxın günlərdə biz bir daha bu narazılığımızı Rusiya rəsmilərinin diqqətinə çatdrımalıyıq ki, onlar yol verdikləri yanlışlıqları düzəltsinlər. Yox əgər bu məsələdə onlar doğru-düzgün addım atmayacaqlarsa, zərbənin ən böyüyü elə RF-nın özünə və regionda, ölkəmizdə təmsil olunan qurumlarına dəyəcək".

Əli