Bakı İrəvana verdiyi möhləti uzatdı Siyasət

Bakı İrəvana verdiyi möhləti uzatdı

İndiki şəraitdə Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin konkret gündəliyinin olması şərtdir.
Bu sözləri açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloq bildirib ki, Ermənistan xeyli vaxtdır bu istiqamətdə açıq-aydın pozucu fəlaiyyət aparır:
"Ermənistan işğalçı qoşunlarını Azərbaycan ərazilərindən çıxarmaqdan boyun qaçırır. İrəvan vaxt udmaqla Dağlıq Qarabağ məsələsinin əsas predmetlərini ikinci və üçüncü dərəcəli məsələlərlə əvəz etməyə çalışır. Rusiya, Azərbaycan və Ermənistanın müdafiə nazirlərinin Moskva görüşü ondan xəbər verir ki, artıq rəsmi Bakının xəbərdarlıqları ünvanına çatıb. Rusiya da anlayır ki, Azərbaycan daxildəki proseslərini həll etmək üçün Ermənistana kifayət qədər zaman verdi. Əgər İrəvan bundan sui-istifadə edəcəksə, onda döyüş meydanında vəziyyət həddindən artıq mürəkkəbləşəcək. Bunun alternativi yoxdur. Düzdür, Ermənistana verilən möhlət bir qədər uzadılıb, ancaq digər yandan da hərbi nazirlərin görüşündə əldə olunmuş razılıqlar əsasında danışıqlar davam etdiriləcək. Rəsmi diplomatiya çalışacaq ki, xarici işlər nazirləri bir araya gəlsin və danışıqlar ünvanlı xarakter daşısın. Yəni gündəliyin həlledici müddəaları ilə bağlı hansısa razılıqlar əldə edilməlidir ki, prezidentlərin də görüşü baş tutsun. Əgər görüşlər varsa, onda konkret gündəlik də olmalı, siyasi danışıqlarda əsas prinsip və qərarlar müzakirə edilməlidir. Bu olacaqsa, demək, siyasi iş və diplomatik fəaliyyət ünvanlı xarakter daşıyacaq".
Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bu il Rusiya və Azərbaycan prezidentlərinin bir neçə görüşünün olacağını bildirib. Ən yaxın görüşün Şanxay Əməkdaşlıq Sammiti çərçivəsində iyunun 8-9-da Astanada baş tutacağını qeyd edən Karasin eyni zamanda, liderlərin söhbət aparmaq üçün gözəl imkanının olduğunu da diqqətə çatdırıb.