“Bütün qaçqın və məcburi köçkünlərimizin mənzil şəraiti yaxşılaşdırılacaq” Siyasət

“Bütün qaçqın və məcburi köçkünlərimizin mənzil şəraiti yaxşılaşdırılacaq”

"Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələn gündən ölkəmizdə qaçqın və məcburi köçkünlərə dövlət qayğısı ən yüksək səviyyədə olub. Ümummilli Liderin hakimiyyəti dövründə Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək, onların mənzil məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çoxsaylı fərman, sərəncam və qərarlar verilib. 2003-cü ildən indiyədək bu məsələ Prezident İlham Əliyevin hər zaman diqqət mərkəzindədir". Bunu deputat Elman Məmmədov deyib.
Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi zaman söylədiyi fikirləri xatırladan deputat qeyd edib ki, Dövlət başçısının söylədiyi kimi çox qısa müddətdə həqiqətən də Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmadı, qaçqın və məcburi köçkünlər mənzillərlə təmin olunmağa başladılar: "Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə ərazisinə səpələnən bütün çadır şəhərcikləri, vaqonlar, daxmalarda yaşayış ləğv olundu".
E. Məmmədov qeyd edib ki, bu illər ərzində ölkəmizdə qaçqın və məcburi köçkünlər üçün müxtəlif rayonların ərazisində 96 böyük qəsəbələr salınıb: "Bu müddət ərzində eyni zamanda işğal olunmuş Füzuli, Ağdam, Cəbrayıl, Goranboy və digər yerlərdə qaçqın və məcburi köçkünlər üçün qəsəbələr salınıb. Bundan başqa onlar üçün Bakı və Bakı ətrafı, Sumqayıt və Sumqayıt ətrafı rayonlarda çoxmərtəbəli yaşayış binaları tikilib".
Bu günlərdə Abşeron rayonunun Masazır qəsəbəsində qaçqın və məcburi köçkünlərin yeni mənzillərlə təmin olunmasına toxunan deputat söyləyib ki, həmin mənzillərə köçürülənlər ən qəzalı vəziyyətdə yaşayanlar idi: "Bu proses davam edəcək. Bütün qaçqın və məcburi köçkünlərimizin mənzil şəraiti yaxşılaşdırılacaq. Nə qədər ki, qaçqın və məcburi köçkünlərimiz öz yurd-yuvalarına qayıtmayıblar, Azərbaycanda onlara qarşı qayğı diqqət hər zaman yüksək səviyyədə olacaq. Təbii ki, bu diqqət onlar öz yurd-yuvalarına qayıtdıqdan sonra da davam etdiriləcək. Qaçqın və məcburi köçkünlərimiz Cocuq Mərcanlı nümunəsində olduğu kimi, işğaldan azad olunan torpaqlarımızda da yüksək şəraitlə təmin olunacaqlar".