Əflatun Amaşov QDİƏT-in İstanbulda keçirilən sessiyasında çıxış edib Siyasət

Əflatun Amaşov QDİƏT-in İstanbulda keçirilən sessiyasında çıxış edib

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov iyulun 4-dən 6-dək İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 49-cu sessiyasında, 56-cı Büro və 49-cu Daimi Komitələrinin iclaslarında iştirak edib.
Deputat sessiyada təşkilata üzv ölkələrdə yeni və bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı məruzə edib. Əflatun Amaşov çıxışında qaldırılan məsələnin qurumun hələ ötən iclaslarında gündəmə gətirildiyini xatırladıb. Qara dənizin strateji əhəmiyyətindən söz açan deputat bildirib ki, enerji daşıyıcılarının dünya bazarlarına çıxarılmasında başlıca həlqə kimi qiymətləndirilən region onu əhatə edən təşkilatın daha effektiv fəaliyyət göstərməsini bir növ zərurətə çevirib. Mövcud xüsusda Azərbaycanın oynadığı rolu qabardan Əflatun Amaşov ölkəmizin dünya enerji siyasətindəki mövqeyini qabardıb.
Deputat həmçinin bildirib ki, regionun təbii imkanları neft və qaz kimi ənənəvi enerji resursları ilə yanaşı alternativ mənbələrə də müraciət üçün imkan verir. Ancaq dünya ictimaiyyətini iqlim dəyişikliyi, ekoloji problemlər, yaşıllıqların qırılması və sair məsələlər də ciddi şəkildə narahat etməyə başlayıb. Mövcud amil Avropa Birliyi və digər mötəbər təşkilatların hesabatlarında əksini tapır.
Əflatun Amaşov, onu da bildirib ki, energetika sahəsindəki qlobal tendensiyalar regionun, ümumilikdə isə Avrasiya materikinin yeni enerji xəritəsinin formalaşmasını zərurətə çevirməkdədir. Ancaq perspektiv planların tam şəkildə reallaşması üçün bölgənin ekoloji təmizliyinin təminatı da mütləqdir. Bütün bunlar enerji siyasətinin insan rifahına zərər gətirməyən yeni texnologiyalardan bəhrələnməklə həyata keçirilməsini mühüm vəzifə kimi müəyyənləşdirməkdədir. "Dünyanın demək olar, əksər ölkəsində qeyri-ənənəvi enerji mənbələrinin praktik istifadəsi reallaşdırılır. 2050-ci ilədək həmin mənbələrin qlobal enerji balansındakı payının 35 faiz arması gözlənilir. İnkişaf etmiş ölkələrdə bu enerji mənbələrindən istifadənin artım sürəti o qədər böyükdür ki, 2050-ci ilədək onların ənənəvi enerji təminatının 70 faizini əvəzləyəcəyi proqnozlaşdırılır. Ümumən hazırda qeyri-ənənəvi enerji mənbələrindən istifadəyə üstünlük verilir. Çünki onların min illik insan tələbatını ödəyəcəyi nəzərdə tutulur. Buna görə də dünyanın aparıcı ölkələrində mövcud istiqamətdə layihələr reallaşdırılmaqdadır. Ancaq yenə də bildirirəm ki, bu layihələr ilk növbədə ekoloji tarazlığın qorunmasını prioritet seçməlidir. Faydalılıqda vacib amil budur", - deyə Əflatun Amaşov vurğulayıb.
Qeyd edək ki, sessiyada Əflatun Amaşovla yanaşı QDİƏTPM-dəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, QDİƏTPM-in sədr müavini Musa Quliyev, deputat Jalə Əliyeva da iştirak ediblər.