Diaspor təşkilatları Avropa ölkələrində etiraz aksiyaları keçirəcəklər Siyasət

Diaspor təşkilatları Avropa ölkələrində etiraz aksiyaları keçirəcəklər

"Uşaq qatiləri cəzasız qalmasın"

Azərbaycan diaspor təşkilatları İyulun 4-də Füzulinin Alxanlı kəndində qətlə yetirlən 2 yaşlı Zəhra ilə bağlı etiraz aksiyaları keçirəcəklər.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Xalq Cəbhəsi"nə bildirilib ki, Avropa Azərbaycanlıları Konqresi (AAK) Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin öldürülməsinə etiraz əlaməti olaraq, Brüsseldə Avropa Parlamenti və Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirəcək. Aksiyada beynəlxalq ictimaiyyətdən işğalçı ölkənin cinayətkar əməllərinə lazımi qiymət verilməsini tələb edən şüarlar səsləndiriləcək. Aksiyanın keçirilməsi ilə bağlı artıq yerli orqanlara müraciət göndərilib.
Qeyd edək ki, artıq Avropa Azərbaycanlıları Konqresi (AAK) tərəfindən Avropa İnstitutlarına, beynəlxalq təşkilatlara, Ermənistanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə etiraz məktubları ünvanlanıb, bəyanatlar göndərilib. Bu qanlı cinayətin qəti şəkildə pisləndiyi məktub və bəyanatlarda Avropa azərbaycanlılarının baş verən hadisələrdən dərin narahatlıq hissi keçirdikləri ifadə olunub, belə halların beynəlxalq hüquq normalarına tam zidd olduğu vurğulanıb.
Eyni zamanda, erməni vəhşiliklərinin azərbaycanlılara qarşı aparılan məqsədyönlü siyasətin tərkib hissəsi olduğu qeyd edilib və bunun Ermənistan hakimiyyətinin terrorçu mahiyyətini göstərdiyi bildirilib. AAK dünya birliyini və beynəlxalq təşkilatları baş verən hadisəyə biganə qalmamağa və Ermənistan tərəfinin həyata keçirdiyi digər qanunsuz əməllər və Azərbaycan ərazilərini işğal etməsi faktı ilə bağlı daha sərt reaksiya verməyə çağırıb.
Niderland Krallığında yaşayan azərbaycanlılar da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması, Sahibə Quliyevanın və iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olmasına etiraz əlaməti olaraq, Ermənistanın Haaqa şəhərində yerləşən səfirliyi qarşısında etiraz aksiyası keçirəcək.
Aksiyada "Ermənistan, təcavüzə son qoy!", "Uşaq qatiləri cəzasız qalmasın", "Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir" kimi şüarlar səsləndiriləcək. Ermənistanın işğalçılıq və soyqırımı siyasəti, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması barədə məlumat dünya birliyinin diqqətinə çatdırılacaq.Niderland Avropalı Azərbaycanlıları Cəmiyyətininsədri Emil Əliyev digər ölkələrdə yaşayan azərbaycanlıları da aksiyaya qoşulmağa dəvət edib. Qeyd edək ki, artıq aksiyanın keçirilməsi ilə əlaqədar, icazənin alınması üçün müvafiq orqanlara müraciət olunub.

Əli