Təhlükəsizlik Şurası: Azərbaycanın sülhməramlı missiyalarda fəaliyyətinin inkişaf istiqaməti indidən planlaşdırılmalıdır Hadisə

Təhlükəsizlik Şurası: Azərbaycanın sülhməramlı missiyalarda fəaliyyətinin inkişaf istiqaməti indidən planlaşdırılmalıdır

Azərbaycanın sülhməramlı missiyalarda fəaliyyətinin hansı istiqamətdə inkişaf etdiriləcəyi indidən planlaşdırılmalıdır.

Bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin Hərbi təhlükəsizlik məsələləri şöbəsinin müdiri general-mayor Elman Səmədov "Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat"ın təqdimat mərasimində bildirib.

O qeyd edib ki, hər hansı bir ölkənin sülhməramlı missiyalarda iştirakı elə də asan deyil: "Müharibə aparmış dövlətin öz hərbi qulluqçularını ölkə hüdudlarından kənarda sülhməramlı əməliyyatlara göndərməsi mühüm və məsuliyyətli addımdır".

General-mayor bildirib ki, hesabat hazırlanarkən NATO-da tətbiq olunan ən qabaqcıl təcrübə və standartlardan istifadə edilib: "Əməliyyatların planlaşdırılması, müxtəlif bölmələr arasında qarşılıqlı fəaliyyətin təşkili, missiya komandanlığı və digər istiqamətlər NATO meyarları əsasında təhlil olunub".

Elman Səmədov vurğulayıb ki, müasir dövrdə yeni təhlükələr meydana çıxır: "Kiber təhlükəsizlik, informasiya müharibəsi, pilotsuz uçuş aparatlarından istifadə kimi amillər müasir əməliyyatların ayrılmaz hissəsinə çevrilib. NATO da bu istiqamətlər üzrə fəaliyyətini və konseptual yanaşmalarını daim təkmilləşdirir".