“Azərbaycan regionda süni intellektin habına çevrilə bilər” Cəmiyyət

“Dövlət xidmətlərinin vətəndaşlar, eləcə də sahibkarlar üçün vahid platformadan təqdim olunması bir tərəfdən şəffaflığın artırılması, digər tərəfdən isə əlçatanlığın gücləndirilməsi baxımdan vacibdir. Çünki nəticədə vətəndaşlarımız, həmçinin sahibkarlar bir sıra hallarda bir neçə dövlət xidmətinə müraciət edirlər. Bir tərəfdən onların elektronlaşması və inteqrasiya olunması praktik olaraq xidmətlərin internet üzərindən alınmasına imkan yaradır. Digər tərəfdən isə vahid platforma nəticədə vaxta qənaət, əlçatanlıq deməkdir və sahibkarlar, eləcə də vətəndaşlarımız artıq vahid platforma vasitəsilə bir neçə xidməti qısa zamanda və ya eyni vaxtda almaq imkanına malik olur. Bu baxımdan təbii ki, bu, həm əlçatanlığı artırır, həm şəffaflığı gücləndirir, həm də zamana, həmçinin vəsaitə qənaət deməkdir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov söyləyib.
V.Bayramov qeyd edib ki, Rəqəmsal İnkişaf Şurasının ilk iclasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da qeyd etdiyi strateji məqamlardan biri məhz 3 illik yol xəritəsinə uyğun olaraq bu sahədə hüquqi bazanın daha da təkmilləşdirilməsi və yeni innovativ yanaşmaların tətbiq edilməsindən ibarətdir: “Vacib istiqamətlərdən biri qanunvericiliyin daha da təkmilləşməsi və xüsusən də rəqəmsal inkişaf və süni intellekt üçün güzəştlərin tətbiq edilməsi ola bilər. Əslində, bizim də təklifimiz ondan ibarətdir ki, Azərbaycanda startaplara dövlət dəstəyi haqqında qanun layihəsi hazırlanaraq qəbul olunsun. Çünki süni intellekt və rəqəmsal inkişafı dəstəkləyən əksər ölkələrdə belə qanun qəbul edilib və bu da startapların dövlət tərəfindən daha yaxından dəstəklənməsinə imkan verir. Xüsusən nəzərə alsaq ki, süni intellekt və rəqəmsal inkişaf daha çox startaplar vasitəsilə təqdim olunur, ona görə də bu istiqamətdə dövlət dəstəyinin gücləndirilməsi üçün yeni qanunun qəbul edilməsini məqsədəuyğun hesab edirik. Bu, bir tərəfdən dövlət dəstəyi, yəni fiskal dəstəyin güclənməsini, digər tərəfdən isə vergi güzəştləri daxil olmaqla digər təşviq alətlərindən istifadəni özündə ehtiva edə bilər”.
Deputatın fikirlərinə görə, vacib məqamlardan biri həm də rəqəmsal inkişaf üçün innovasiyanın və texnologiyanın cəlbidir: “Burada həm innovasiya, həm proqramların transfer edilməsi, eləcə də kibertəhlükəsizliyin gücləndirilməsi çox vacibdir. Bir tərəfdən qanunverici bazanın genişlənməsi, digər tərəfdən yeni rəqəmsal həllərin tətbiqi həm də kibertəhlükəsizliyin daha da gücləndirilməsini aktuallaşdırır. Çünki xidmətlər elektrondur və elektron olduğuna görə də bu xidmətlərin qorunması çox vacibdir. O baxımdan həm təsdiq olunan fəaliyyət planı, həm Mehriban xanım Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının müəyyənləşdirdiyi hədəflər və bu istiqamətdə atılan addımlar Azərbaycanı regionda süni intellektin habına çevirə bilər”.
Röya İsrafilova
12:32
735
Xəbər lenti


.jpg)

















.jpg)




































