Pentaqon dronlarla mübarizə sistemləri üçün 500 milyon dollarlıq müqavilə imzalayıb​​​​​​​ Gündəm

Pentaqon dronlarla mübarizə sistemləri üçün 500 milyon dollarlıq müqavilə imzalayıb​​​​​​​

Pentaqon pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə sistemlərinin satın alınması üçün 500 milyon dollar dəyərində müqavilə imzalayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Kaliforniya ştatının Simi-Valli şəhərində yerləşən "AeroVironment" şirkəti kommersiya təyinatlı PUA-larla mübarizə vasitələrinin və kiçikölçülü pilotsuz aparatlara qarşı sistemlərin tədarükü üçün sabit qiymətli 500 milyon dollarlıq müqavilə əldə edib", — deyə ABŞ hərbi qurumunun məlumatında bildirilir.

Müqavilə 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub. Konkret tədarük həcmləri, işlərin icra olunacağı yerlər və maliyyələşmə mənbələri növbəti fərdi sifarişlər yerləşdirildikcə müəyyən ediləcək.

"AeroVironment" ABŞ müdafiə sənayesinin iri podratçılarından biridir. Şirkət PUA-ların və dronlara qarşı mübarizə sistemlərinin yaradılması üzrə ixtisaslaşıb.

Məryəm Quliyeva