“Hərbi əməliyyatların dayandırılması xahişini təkcə Rusiyanın hərbi rəsmiləri etməyib” Siyasət

“Hərbi əməliyyatların dayandırılması xahişini təkcə Rusiyanın hərbi rəsmiləri etməyib”

Sahib Alıyev: "Çox ehtimal ki, zəng edənlərdən biri də Rusiyanın xarici işlər naziri Sergey Lavrov olub"

"Hərbi əməliyyatların dayandırılması xahişini təkcə Rusiyanın hərbi rəsmiləri etməyib". Bakıdan hərbi əməliyyatların dayandırılması barədə edilən xahişlərə münasibət bildirən millət vəkili Sahib Alıyev belə deyib: "Müdafiə naziri Zəkir Həsənovun Rusiyanın RİA Novosti agentliyinə verdiyi müsahibəni yəqin oxuyanlar var. Həm aprel döyüşlərinin niyə dayandığını, həm də təzədən döyüşlər başlanarsa, Azərbaycanın hansı addımları atacağını bilmək baxımından olduqca maraqlı müsahibədir. Fikir verin, cənab Həsənov deyir ki, döyüşlər zamanı Rusiyanın müdafiə naziri Sergey Şoyqu ona, həmən ölkənin baş qərargah rəisi Valeri Gerasimov da bizim baş qərargah rəisinə zəng edərək döyüşlərin dayandırılmasını istəyiblər. Mən fikirləşmirəm ki, döyüşlərin dayandırılması ilə bağlı bizə ancaq adı çəkilən bu iki adam zəng edib. Çox ehtimal ki, zəng edənlərdən biri də Rusiyanın xarici işlər naziri Sergey Lavrov olub. Ancaq döyüşlərin dayandırılması onun deyil də Şoyquyla Gerasimovun təkidli zənglərindən sonra baş tutub. Və nazirimizin dediklərindən o da aydın olur ki, Azərbaycan atəşı azacıq dayandıran kimi havadarlarını qabağa verən haylar bundan cəhbəyə yeni qüvvələr yeritmək üçün faydalanıblar. Təkidlə döyüşlərin dayandırılmasını belə deyək, istəyənlər bunu bilmirdilərmi? "Biz o zaman döyüşləri dayandırmamalı, axıradək getməliydik",- deyənlər müdafiə nazirimizin bu açıqlamalarından sonra yəqin anlayacaqlar ki, biz əks halda böyük təhlükələrlə üz-üzə qalacaqdıq. Həm də ona görə qalacaqdıq ki, sən demə Ermənistandakı "İsgəndər" raketləri də döyüş hazırlığı vəziyyətinə gətirilibmiş. Bu fakt da ilk dəfədir açıqlanır. Haylar bunu öz təşəbbüsləriyləmi etmişdilər? Zakir Həsənovun müsahibəsindən belə anlaşılır ki, yox. Eyni zamanda o da bəlli olur ki, o zaman bizim həmən raketləri məhv edəcək sistemimiz olmasa da, indi var. Üstəlik indi bizdə raketlərin sayı Ermənistandan 50 dəfə çoxdur". Millət vəkili qeyd edib ki, 50 dəfə çox olduğu üçün də Azərbaycan Rusiyanın Suriyada gerçəkləşdirdiyi hərbi əməliyyatları öyrənir və öz torpaqlarında oxşar addımlar ata bilər: "Bunu da general Həsənov çəkinmədən dilə gətirir. Müsahibədən anlaşılan bir də budur ki, yenidən geniş hərbi əməliyyatlara start veriləcəyi təqdirdə Azərbaycan ordusu axıradək gedəcək. Hayların havadarlarının ötən ilin aprelində etdikləri zənglər bu dəfə təkrarlansa belə əvvəlki qədər effektli olmayacaq. "İsgəndər" raketini zərərsizləşdirə bilən kompleksin əldə edilməsi, İsrail, Türkiyə, Pakistan və bir çox başqa ölklərələ hərbi əməkdaşlığa daha çox diqqət yetirilməsi, elə müdafiə naziri Zakir Həsənovun bu açıq ismarıclarla dolu intervüsünün özü də məhz bundan xəbər verir".