Latviyadan Azərbaycana dəstək Siyasət

Latviyadan Azərbaycana dəstək

Prezident İlham Əliyevin səfəri çərçivəsində Azərbaycanla Latviya arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə imzalanıb

Dünən Latviya prezidentinin iqamətgahında – "Riqa" qəsrində Azərbaycan prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı qəsrin qarşısında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Latviya prezidenti Raymonds Veyonis Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.
Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Latviyanın dövlət və hökumət nümayəndələri Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Latviya prezidenti Raymonds Veyonisə təqdim olunub.
Azərbaycan prezidenti İlham Əliyev "Riqa" qəsrinin "Gerblər" salonunda Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Sonra hədiyyələr təqdim edilib.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Latviya prezidentlərinin təkbətək görüşü olub. Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycan prezidentinin Latviyaya rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb, bu əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə edilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

"Latviya Azərbaycanın ərazi bütövlüyünü bundan sonra da dəstəkləyəcək"

Daha sonra Azərbaycan prezidenti İlham Əliyevin və Latviya prezidenti Raymonds Veyonisin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində, o cümlədən Şərq-Qərb, Şimal-Cənub dəhlizlərində, Asiya ilə Avropa arasında yükdaşımalarda önəmli rolu qeyd edilib.
Dövlət başçısı Azərbaycanın beynəlxalq nəqliyyat əməkdaşlığı sahəsində gördüyü işlərdən danışıb.
Söhbət zamanı Azərbaycan-Latviya münasibətlərinin Azərbaycan-Avropa İttifaqı münasibətləri çərçivəsində önəmi qeyd edilib. Hökumətlərarası Komissiyanın fəaliyyəti müzakirə olunub, ticarət dövriyyəsinin artırılması üçün imkanların araşdırılması, ixrac-idxal potensialının müəyyənləşdirilməsi, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq məsələlərindən danışılıb.
Prezident Raymonds Veyonis vurğulayıb ki, Latviya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Latviya dövlətinin başçısı ölkəsinin gələcəkdə də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının möhkəmləndirilməsi işinə töhfə verəcəyini vurğulayıb.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Latviya prezidenti Raymonds Veyonisin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Prezident İlham Əliyev və prezident Raymonds Veyonis "Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə"ni imzalayıblar.
"Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Latviya Respublikasının Nəqliyyat Nazirliyi arasında beynəlxalq kombinə edilmiş yükdaşımaları haqqında Anlaşma Memorandumu"nu Azərbaycan tərəfdən İqtisadi, Elmi-Texniki və Mədəni Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Latviyanın nəqliyyat naziri Uldis Auqulis imzalayıblar.
"Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Latviya Respublikasının İqtisadiyyat Nazirliyi arasında tikintidə təhlükəsizliyə dövlət nəzarəti sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan tərəfdən İqtisadi, Elmi-Texniki və Mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Latviyanın təhsil və elm naziri Karlis Şadurskis imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Latviyanın təhsil və elm naziri Karlis Şadurskis imzalayıblar.

"Avropa ilə strateji əlaqələrimiz daha da yüksək pilləyə qalxacaq"

Sənədlərin imzalanmasından sonra Latviya prezidenti ilə birgə mətbuata açıqlama verən Azərbaycan prezidenti İlham Əliyev deyib ki, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrdə enerji məsələləri ön plandadır: "Burada da Azərbaycan etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və oynayacaqdır. Azərbaycan qazı Avropa məkanına çatdırılacaq yeganə yeni qaz mənbəyidir, yeni marşrutdur və yeni mənbədir. Bizim üstünlüyümüz, bax, bundan ibarətdir".
O qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "Cənub Qaz Dəhlizi" layihəsi uğurla icra edilir: "Dəhlizin yaradılması üçün 40 milyard dollar vəsait tələb olunur. Onun böyük hissəsi qoyulub. Azərbaycan milyardlarla dollar sərmayə qoyub və qoyur ki, bu dəhliz tezliklə reallaşsın. Əminəm ki, birinci mərhələ gələn il, ikinci və sonuncu mərhələ isə 2020-ci ildə başa çatacaq. Beləliklə, bizim Avropa ilə strateji əlaqələrimiz daha da yüksək pilləyə qalxacaq".
Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bütün dünya tərəfindən dəstəkləndiyini bildirib : "Siz də qeyd etdiniz ki, Azərbaycanın ərazi bütövlüyü məsələləri Latviya tərəfindən dəstəklənir, deyə bilərəm ki, bütün dünya tərəfindən dəstəklənir".
O qeyd edib ki, Latviya ilə Azərbaycan arasında imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox önəmli məsələlər əksini tapıb: "Burada qeyd olunur ki, bu məsələ BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, Azərbaycan sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır. Bu, ədalətli mövqedir, bu mövqeyə görə mən sizə minnətdaram. Biz bu gün, əlbəttə ki, regional problemlərə də toxunduq, təhlükəsizlik məsələləri müzakirə edildi. Biz indi strateji tərəfdaşlar kimi, əlbəttə ki, bütün məsələləri çox açıq, səmimi şəkildə müzakirə edirik".
Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan əlaqələrinə də diqqət çəkib və bildirib ki, bu əlaqələr uğurla inkişaf edir.
Dövlət başçısı bu ilin əvvəlində Brüsellə uğurlu səfər etdiyini xatırladıb. O bildirib ki, səfərdən bir gün sonra Avropa Komissiyasıilə Azərbaycan arasında yeni saziş üzərində işlər başlayıb: "Əlbəttə, strateji tərəfdaşlıq haqqında bu gün imzalanan Birgə Bəyannamə hesab edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sənəd üçün də gözəl əsas yaradır. Onu da qeyd etməliyəm ki, Avropa İttifaqının üzvü olan 11 ölkə ilə artıq Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənədləri var. Bu, əslində bizim strateji əməkdaşlığımızı əks etdirir".
Prezident qeyd edib ki, Latviyanın Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında çox böyük rolu var.

"Əməkdaşlığımız çoxtərəflidir"

Prezident Raymonds Veyonis isə öz növbəsində deyib ki, Latviya bu iki tərəf arasında –Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsinə hər zaman öz dəstəyini verib - bu, müxtəlif formatlarda olub: "Həm Şərq tərəfdaşlığı çərçivəsində, həm də digər çərçivələrdə. Biz bilirik ki, bu ilin sonunda "Şərq tərəfdaşlığı" proqramı ilə bağlı növbəti toplantı keçiriləcək və bununla əlaqədar müxtəlif çevik yollar tapılacaq ki, bizim məhz tərəfdaşımızla, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq daha da genişləndirilsin".
"Bildiyiniz kimi, bu ilin noyabrında bu məqsədlə sammit keçiriləcək və bu, bizim qarşılıqlı əməkdaşlığımızın uzunmüddətli perspektivlərini müəyyənləşdirəcək, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələr bütövlükdə müəyyən olunmuş daha konkret formasını tapacaq. Azərbaycanın bu istiqamətdə göstərdiyi səylər yüksək dəyərləndirilməlidir. Mən səmimiyyətlə ümidvaram ki, bu ilin noyabrında Estoniyada keçiriləcək tərəfdaşlıq üzrə sammit çərçivəsində Azərbaycan və Avropa İttifaqı ilə əməkdaşlıq edən digər tərəfdaş ölkələr nəqliyyat və iqtisadiyyat sahələrində daha böyük imkanlar əldə edəcəklər", - deyə o vurğulayıb.
Latviya prezidenti Azərbaycanın "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsində, təbii qazın Avropa İttifaqındakı istehlakçılara çatdırılmasında göstərdiyi səyləri, apardığı işi yüksək dəyərləndirdiyini bildirib: "Zənnimcə, biz daha sıx işləməliyik ki, bu istiqamətdə daha böyük irəliləyiş əldə edə bilək. Bizim əməkdaşlığımız çoxtərəflidir. Biz Azərbaycanda insan hüquqlarını müzakirə etdik, qanunun aliliyinə toxunduq və qeyd etdik ki, bu sahələr hər hansı bir ölkənin inkişafı üçün mühüm amillərdir. Mən, həmçinin qeyd etmək istəyirəm ki, əslində ölkəmiz Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da inkişafına öz töhfəsini verməkdə davam edəcək".