Moskvada Azərbaycan-Rusiya münasibətləri müzakirə olunub Siyasət

Moskvada Azərbaycan-Rusiya münasibətləri müzakirə olunub

Dünən Moskvada Azərbaycan-Rusiya münasibətlərinə dair beynəlxalq konfrans keçirilib. "Moskva-Bakı oxu- Qafqazın yeni geosiyasətinə doğru" adı altında keçirilən konfransda çıxış edən Geosiyasi Ekspertiza Mərkəzi sədri Aleksandr Duqin bildirib ki, tədbir Rusiyada Azərbaycan, Azərbaycanda isə Rusiya obrazının müəyyən olunmasında mühüm rol oynayır.
Qarabağ münaqişəsinin həlli yollarına toxunan rusiyalı ekspert bu münaqişənin Moskva-Bakı əməkdaşlığına mane olduğunu söyləyib.
Azərbaycanın regionda yeni baxış formalaşdığını söyləyən İzborskiy Klubun sədri, yazıçı-publisist Aleksandr Proxanov isə Bakının müstəqil xarici siyasət yürütməsinin Moskva üçün çox önəmli olduğunu vurğulayıb. O qeyd edib ki, bu məqam Azərbaycanın Rusiya ilə münasibətlərində mühüm rol oynayır.
Aleksandr Proxanov deyib ki, Azərbaycan bu gün regionda yeni baxış formalaşdırır: "Regionda vəziyyət çox mürəkkəbdir. Lakin Azərbaycan öz harmonik yerini tapmağa nail olub. Bakı bu və ya digər ittifaqlara qoşulmur. Azərbaycan Rusiya və Türkiyə, o cümlədən Rusiya və İran münasibətlərində vacib rol oynayır. Azərbaycan bu gün bütün dünyanın asılı olduğu regionda çox uğurlu fəaliyyət göstərir".
Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli isə iki ölkə arasında münasibətlərin inkişafından danışıb. O, iki ölkə arasında möhkəm tərəfdaşlığın olduğunu söyləyib: "Bu gün keçirilən konfrans nadir formatdır. Bu gün Azərbaycan və Rusiya vətənpərvərləri ümumi tapşırıqların yerinə yetirilməsi üçün səylərini birləşdirirlər".
Azərbaycanlı millət vəkili Moskva ilə Bakı arasında hərbi-texniki sahədə əməkdaşlığın regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edib.
Ümumrusiya Azərbaycan Konqresinin Rusiya-Azərbaycan münasibətlərində gördüyü işlərdən danışan Əli Hüseynli bildirib ki, ÜAK-ın ləğv olunması ilə bağlı qərar Azərbaycan ictimaiyyətini və Rusiyada yaşayan azərbaycanlıları çox narahat edir: "Ümid edirik ki, ÜAK-ın ləğvi ilə bağlı qərardan verilən apelyasiya şikayətinə ədalətli baxılacaq. ÜAK fəaliyyətini davam etdirəcək".
Rusiya kommunistlərinin lideri Gennadi Zyuqanov isə Azərbaycanın İkinci Dünya müharibəsində əldə olunan qələbədə böyük payının olduğunu söyləyib: "Faşizm üzərində qələbədə məhz Bakı neftinin böyük rolu var".
Müasir Azərbaycanın inkişafında Heydər Əliyev və hazırkı prezident İlham Əliyevin gördüyü işləri yüksək qiymətləndirən rusiyalı siyasətçi bu gün Azərbaycanın dünya üçün önəmli regionda çox önəmli oyunçuya çevrildiyini qeyd edib.
Milli Məclisin deputatı, Azərbaycanın Dağlıq Qarabağ İcmasının üzvü Rövşən Rzayev isə çıxışında Ermənistanın 25 ildir işğalçılıq siyasətini davam etdirdiyini söyləyib: "Mən Dövlət Dumasının MDB məsələləri üzrə iş komitəsinin keçmiş sədri Leonid Slutskinin sözlərini xatırlatmaq istəyirəm. O, görüşümüzdə bildirmişdi ki, Qarabağ münaqişəsini özümüz həll etməliyik, heç bir halda regiona dəxli olmayan ölkələr bu problemə müdaxilə etməməlidir. Rusiya, işğalçı Ermənistan və ərazisi işğal altında olan Azərbaycan var. Biz özümüz bu problemi həll etməyə borcluyuq. Konfransda təklif edərdim ki, Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq başlasın. Biz nə edə bilərik? Bu gün bu konfransda çox yüksək nüfuzlu siyasətçilər, ictimai-siyasi xadimlər iştirak edirlər. Onlar Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun qurulmasına yardımçı ola bilərlər. MDB çərçivəsində Azərbaycan və Ermənistandan olan gənclər arasında dialoqun qurulması da vacibdir. Biz bütün bunları Rusiyadan, bu ölkənin ziyalılarından gözləyirik. Ümid edirəm ki, Rusiya prezidenti Vladimir Putin nəhayət öz sözünü deyəcək və ədalət bərpa olunacaq".
Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesindən danışan Rövşən Rzayev bildirib ki, Azərbaycan münaqişənin nizamlanması prinsipləri ilə razıdır: "Güc və silah tətbiqinin yolverilməzliyi prinsipi ilə razıyıq, baxmayaraq ki, Qarabağda azərbaycanlılara qarşı silah tətbiq olunub, onlar güc yolu ilə yurdlarından qovulublar. Öz müqəddəratını təyin etmə prinsipi ilə də razıyıq. Ermənilər artıq müqəddəratlarını təyin ediblər. Onların Ermənistan adlı dövləti var. Üçüncü isə ərazi bütövlüyü prinsipidir. Bu, ən əsas prinsipdir. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Onda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində referendum keçirilsin və bu referendumun nəticəsinə baxılsın".
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının üzvü, Bakı Musiqi Akademiyasının rektoru, bəstəkar Fərhad Bədəlbəyli bildirib ki, ATƏT-in Minsk qrupunun yaradılması ən böyük səhvdir. ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edən Fərhad Bədəlbəyli bu qrupun 25 ildə Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində heç bir iş görmədiyini vurğulayıb: "Mən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvüyəm. 25 ildir ki, həmsədrlərlə görüşürük. Onlar bu müddət ərzində heç bir iş görməyiblər. Ancaq biznes klassda gəlib, beş ulduzlu hotellerdə qalıblar. Yüksək maaş alıblar. Lakin bütün bunların qarşılığında bir addım belə qabağa atılmayıb. Minsk qrupunun yaradılması çox böyük və dəhşətli səhvdir. Çünki ABŞ və Fransanın münaqişənin həllində öz maraqları var. Onlar bu ölkələrdəki erməni diasporunun maraqlarını təmin edirlər. Əminəm ki, Rusiya, Azərbaycan və Ermənistan birlikdə bu münaqişəni həll edə bilərdilər".
Digər rusiyalı deputat və senatorlar, siyasi ekspertlər və ictimai xadimlər çıxışlarında Dağlıq Qarabağ probleminin siyasi yolla nizamlanmasını xüsusi diqqət ayırıblar. İki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq, Moskva ilə Bakı arasında əlaqələndirici həlqə olan Azərbaycan diasporunun rolu, Rusiya və Azərbaycanın intellektual və vətənpərvər elitası arasında dialoq və mübadilə məsələlərinə toxunublar.