“Bakı yağışa və qışa hazır: su infrastrukturu gücləndirilir” Gündəm

“Bakı yağışa və qışa hazır: su infrastrukturu gücləndirilir”

Payız-qış mövsümünə hazırlıq çərçivəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bütün tullantı və yağış xətlərində monitorinqlər aparır. Yağış kollektor quyularına və daşıyıcı xətlərə ayrı-ayrılıqda baxış keçirilir, tutulmalar müşahidə olunan xətlər texnika vasitəsilə yuyulur. Beləliklə, ərazidəki şəbəkələr payız-qış mövsümünə tam hazır vəziyyətə gətirilir.

ADSEA-nın mətbuat xidmətindən "Xalqcebhesi.az"a verilən məlumata görə, hər bir kollektorun müəyyən daşıma həcmi olduğundan intensiv leysan xarakterli yağışlarda kollektorlar həddindən artıq yüklənə bilər. Həmçinin, bəzi ərazilərdə su təchizatı sistemi mövcud olmadığından, intensiv yağışlar zamanı suyun ətrafa toplanması müşahidə edilir. Bu problemlərin aradan qaldırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Tullantı su şəbəkəsi mövcud olmayan ərazilərdə isə müvafiq sukanal idarələrinin qəza briqadaları cəlb edilərək yığılan suyun maşınlar vasitəsilə qismən və ya tam çəkilməsi təmin olunur.

Eyni zamanda, su və tullantı su təchizatının yaxşılaşdırılması və yeni infrastruktur təminatı məqsədilə ADSEA tərəfindən bir sıra iri həcmli layihələr icra olunur.

Günel Elxan