Qəzzada atəşkəs pozuldu: müharibə ehtimalı daha yüksəkdir Dünya

Qəzzada atəşkəs pozuldu: müharibə ehtimalı daha yüksəkdir

Oktyabrın 9-da HƏMAS və İsrail arasında atəşkəs qüvvəyə minsə də atəşkəs yenə də pozulub. İsrail Baş naziri Benyamin Netanyahu Qəzza zolağına güclü zərbələr endirilməsi əmrini verib.

Bildirilib ki, İsrailin Qəzza zolağında yaşayış binalarına və qaçqın çadırlarına endirdiyi zərbələr nəticəsində 24 uşaq da daxil olmaqla 63 nəfər həlak olub.

Məlumatına görə, çərşənbə günü gecə Xan Yunis, Beyt Lahiya, anklavın mərkəzi hissəsindəki Nuseyrat və Bureyc düşərgələri, həmçinin digər ərazilər hava hücumlarına məruz qalıb. İsrail Hərbi Dəniz Qüvvələrinin dəniz qayıqları və tankları da Rəfaha atəş açıb.

“Xalq Cəbhəsi” irəliləyən zamanda HƏMAS və İsrail arasında hadisələrin gedişinin necə olacağını politoloqlar, araşdırmaçılarla müzakirə edib.

“Yaxın Şərqdə sülhlər kövrəkdir”

Politoloq Kazım Kazımov qeyd edib ki, Yaxın Şərqdə sülhlər kövrəkdir: “Qəzza bölgəsindəki sülh isə daha kövrəkdir. Çünki Qəzzada asimmetrik müharibə aparılırdı. Yəni bir tərəf HƏMAS, bir tərəf İsrail idi. Ona görə də belə asimmetrik müharibələrdə atəşkəsin pozulması halları, ümumiyyətlə, sülhün kövrəkliyi tez-tez rast gəlinən haldır”.

Tərəflərin qarşılıqlı ittihamları

K.Kazımovun sözlərinə görə, İsrail elan edib ki, HƏMAS atəşkəsi pozub, lakin HƏMAS-ın da iddiaları tam əksinədir: “Onlar da bildiriblər ki, İsrail atəşkəsi pozub, bəhanə edib. Hətta keçdiyimiz günlərdə onlar 5 fələstinli mülki şəxsin İsrail qüvvələri tərəfindən öldürüldüyünü elan etdilər. Belə olan təqdirdə tərəflərin qarşılıqlı ittihamları əsasdır”.

O vurğulayıb ki, hər atəşkəs pozuldu iddiasının qarşılığında humanitar yardımların kəsilməsi doğru addım deyil: “Bu gün Qəzzada dramatik vəziyyət var. Onminlərlə, yüzminlərlə insan ətrafdan gələcək humanitar yardımlara möhtacdır. Çünki çox ciddi qıtlıq var, əhali aclıq çəkir, yaralılar, xəstələr çoxdur. Qəzzada bütün infrastruktur darmadağın edilib. Onun üçün də hesab edirəm ki, hər bəhanə ilə humanitar yardımı kəsmək sülhə olan ümidləri bir az da azaldır. Ümid edirik ki, tərəflər atəşkəs rejiminə riayət edərlər və bu, ən azından Qəzzada humanitar vəziyyətin düzəlməsinə qədər davam edər”.

“Atəşkəsin davam etməsi ABŞ Prezidentindən aslıdır”

Araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu deyib ki, İsrail ilə HƏMAS arasında atəşkəsin pozulmasında tərəflər bir-birini ittiham edir: “Netanyahu israilli girovları azad etdikdən sonra bu şəkildə razılaşmanı pozmağa çalışır. Çünki İsrailin baş naziri əvvəldə demişdi ki, HƏMAS məhv edilməyənə qədər müharibə dayanmayacaq. HƏMAS isə silahlıları təhvil verilməsi məsələsində razı deyildi”.

O qeyd edib ki, atəşkəsin davam etməsi ABŞ Prezidentindən aslıdır: “Çünki İsrailə təzyiq etmək imkanına malik yeganə dövlət ABŞ-dir. Trampın mövqeyi Qəzzada atəşkəsin davam edib-etməməsində həlledici rol oynayacaq”.

“Heç bir şərtə əməl olunmadı”

Politoloq Arzuman Muradlı deyib ki, bu gün dünyanın qaynar nöqtələrindən biri olan bu bölgədə uzun müddətdir qanlı hadisələr baş verir: “Dünya İsrailin özbaşınalıqğına göz yumur. İsrail heç bir əsas olmadan beynəlxalq konvensiyaları pozaraq, Fələstinin ona təhlükə yaratdığını əsas gətirərək Qəzza bölgəsini bombalayır, nəticədə dinc əhali qurbana çevrilir. Fələstin heç bir halda İsrailə təhlükə yaratmadığı halda rəsmi Təl-Əviv bu bölgədə qan tökür, özünü demokratik adlandıran dövlətlər isə buna göz yumur. Sözün kökündə guya HƏMAS-ın İsrailə hücumu əsas göstərilir. İsrail də bunu əsas götürərək HƏMAS-ı zərərsizləşdirmək planını həyata keçirir. Bu plan əslində çoxdan hazırlanıb. ABŞ başda olmaqla oktyabrın 9-10-da tərəflər arasında atəşkəslə bağlı razılıq əldə olundu. Ancaq buna baxmayaraq İsrail bir neçə saatdan sonra yenidən Qəzzanı vurmağa başladı. İsrailin özündə əhali bu hücumlara etiraz bildirib. İsrail İrana, Yəmənə də hücum edib. Dünyanın demokratik qüvvələri İsrailin bu təcavüzünə göz yumurlar. Atəşkəs şərtlərinə görə İsrail qoşunları geri çəkiləcək, humanitar dəhlizə yol açılacaq və əsir mübadiləsi baş verəcək. Heç bir şərtə əməl olunmadı. İsrail yenidən təcavüzünü davam etdirdi. İsrailin Qəzzaya hücumunun kökündə HƏMAS-ı ləğv etmək dayanır. Fələstini bütünlüklə HƏMAS idarə edir. Bu gün HƏMAS Fələstin dövləti daxilində bir dövlətdir”.

“İsrail Fələstinin torpaqları hesabına öz ərazisini genişləndirib”

A.Muradlının sözlərinə görə, HƏMAS İsrailin işğalçılıq siyasəti ilə barışmır və zaman-zaman İsrailə qarşı döyüşüb: “Bu təşkilat müasir dövlətçiliyə uyğunlaşmaır. Sivil dünyada belə təşkilatlara yer yoxdur, təşkilatın daimi yaşaması mümkün deyil. Qəzzanın 53 faizindən çoxu İsrailin nəzarətindədir. İsrail işğal etdiyi bu ərazini geri vermək istəmir. Nə geri çəkilir, nə də atəşkəs rejimi prinsiplərinə əməl edir. İsrail Fələstinin torpaqları hesabına öz ərazisini genişləndirib. Çox güman ki, ABŞ, Avropa Şurası, elə BMT-nin razılığı ilə İsrail Qəzzanın böyük hissəsini ələ keçirərək onun iki hissəyə bölünməsinə nail olacaq. Belə davam edərsə gələcəkdə İsrail bütövlüklə Fələstini işğal edəcək”.

“Supergüclər Ankaranın mövqeyini nəzərə ala bilərlər”

O bildirib ki, Türkiyənin bu münaqişənin həllinə gəlincə, Ankaranın dünyada mövqeyi güclənir, bölgədə, xüsusən Suriyada Əsəd rejiminin devrilməsində Ankaranın gücü onun aktiv rol oynadığına sübutdur: “Türkiyə iqtisadi və hərbi cəhətdən çox güclüdür. O, Yaxın Şərqdə baş verən bu kimi hadisələri kənardan sonadək izləyə bilməz. Türkiyə İsrailin işğalçılıq siyasəti ilə bağlı mövqeyini ortaya qoyub. Çox güman ki, supergüclər bu məsələdə də Ankaranın mövqeyini nəzərə ala bilərlər”.

“Toqquşmaların olacağı gözlənilən idi”

Hərbi jurnalist Səxavət Məmməd deyib ki, Qəzza sammitindən sonra İsrail HƏMAS arasında toqquşmaların olacağı gözlənilən idi: “Bunun çox sadə səbəbləri var. Birinci səbəb ondan ibarətdir ki, İsrail qarşısına qoyduğu məqsədə çatmadı. Nə Qəzzanı aborigen xalqdan təmizləyə, nə HƏMAS-ı silahsızlaşdıra bildilər. Hətta ABŞ-nin, daha dəqiqi Trampın Qəzza ilə bağlı planı baş tutmamış sayılır. Yeri gəlmişkən, bir neçə həftə əvvəl Qəzzanı ABŞ şirkətlərinin tikəcəyini bəyan edən Tramp, Qəzza sammiti ərəfəsində Qəzzanı Yaxın Şərq ölkələrinin tikəcəyini bildirdi. Dolayısı ilə Qəzza ilə bağlı heç bir tərəfin istəyi baş tutmuş sayılmır. Ona görə də, təxribatların törədiləcəyi, bunun İsrail üçün bəhanəyə yola açacağı və yenidən Qəzzaya ağır zərbələrin vurulacağı mümkün variant kimi görünürdü və baş verənlər də onu göstərir. Maraqlısı ondadır ki, təxribatların törədilməsində HƏMAS yox, hansısa adı bilinməyən radikal qruplar günahkar sayılır”.

“Müharibələrin dayanmasını istəməyən qüvvələr çoxluq təşkil edir”

S.Məmmədin bildirdiyinə görə, maraqlısı ondadır ki, İsraildə müharibənin bitməsini istəməyən qrupların olduğunun da şahidi oluruq: “Açıq şəkildə nazirlər, siyasətçilər dövlətə müraciət edirlər ki, genişmiqyaslı əməliyyatlara start verilsin. Bu düşüncə tərzinin çoxluq təşkil etdiyi dövlətin isə dayanacağı inandırıcı deyil. Dünyada baş verən proseslərə baxanda açıq şəkildə demək olar ki, müharibələrin dayanmasını istəməyən qüvvələr çoxluq təşkil edir. Bunu təkcə İsrail HƏMAS toqquşmasına aid etmək olmaz. Rusiya-Ukrayna müharibəsi ilə bağlı da məsələ eynidir. ABŞ və Rusiya müharibənin dayanmasında maraqlı görünsə də, Qərbdəki bir çox dövlət əksinə bu müharibənin davam etməsini istəyir”.

“Dünya sülhdən çox uzaqdır”

O qeyd edib ki, münaqişələr dalğası təkcə Yaxın Şərq, Şərqi Avropa, Cənubi Asiyanı əhatə etmir: “Artıq Amerika qitəsində də münaqişələr mövcuddur. Amerika qitəsindəki münaqişələrin xarakteri bir qədər fərqlidir. Amerika qitəsinin bəhanəsi isə kartellərdir. Bunu Venesuela, Kolmbiya, Ekvador, Boliviyanın timsalında görə bilərik. Amerika qitəsində qarışıqlığın olmasında maraqlı ölkələr də var. Bunların başında şübhəsiz ki, Çin gələcək. ABŞ-nin özündə də müəyyən problemlərin olduğu görünür. Bəzi ştatlara ordu yeridilib, mitinqlər keçirilir. Görünən odur ki, dünya sülhdən hələ çox uzaqdır. Əksinə, ağır müharibələrin olma ehtimalı daha yüksəkdir”.

Röya İsrafilova