“ABAD insanlara qorxularını aşmaqda dəstək olur“ Siyasət

“ABAD insanlara qorxularını aşmaqda dəstək olur“

Rüfət Elçiyev:"Rusiya, İran, bir də ərəb ölkələrindən olan turistlər ABAD-çıların məhsullarına maraq göstərir"

Ailə Biznesinə Asan Dəstək (ABAD) publik hüquqi şəxsin direktoru Rüfət Elçiyevin "APA"-ya müsahibəsini ixtisarla təqdim edirik.

- Bu yaxınlarda prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində ABAD-ın yaradılmasından 1 illiyi qeyd olunacaq. Prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli fərmanı ilə yaradılan Ailə Biznesinə Asan Dəstək mərkəzlərinin birillik fəaliyyəti barədə nə deyə bilərsiniz?
- 2016-cı ilin 23 sentyabr tarixində cənab prezidentin fərmanı ilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ABAD publik hüquqi şəxsin yaradıldı. ABAD publik hüquqi şəxsin yaradılmasında əsas məqsəd vətəndaşların Azərbaycanın sosial-iqtisadi həyatında fəal iştirakını təmin etmək, iqtisadiyyatın, yəni kiçik və orta sahibkarlığın, ailə təsərrüfatlarının inkişafına əlavə təkan vermək və bununla da məşğulluq səviyyəsinin artırılmasına nail olmaqdır. Bildiyiniz kimi, inkişaf etmiş ölkələrin ümümdaxili məhsulun bir qayda olaraq 65, bəzən isə 75%-i kiçik və orta sahibkarlığın payına düşür. Bu gün yeni bir biznesin başlanması üçün Azərbaycanda əlverişli iqtisadi bir mühit formalaşıb, qanunvericilik bazası möhkəmlənib və günü-gündən təkmilləşir. Dövlət qurumları tərəfindən göstərilən elektron xidmətlərin sayı getdikcə artır. Proseslər "bir pəncərə" prinsipinə söykənərək həyata keçirilməyə başlanılır. Bir sıra imtiyazlar, güzəştlər tətbiq olunur. Burada vergi güzəştləri, gömrük güzəştləri, güzəştli kreditlərin verilməsi, investisiya təşviqi sənədini misal çəkə bilərik. Kənd təsərrüfatına gəldikdə, fermerlərə texnikaların verilməsi, motor və sürtgü yanacağına görə subsidiyaların, tinglərin, gübrələrin verilməsi və bu kimi digər dəstəklər göstərilir.
ABAD isə öz növbəsində kiçik və orta sahibkarlığa göstərdiyi xidmətlərlə bu sahənin inkişafına dəstək və dayaq olur. Məsələn, ABAD mərkəzləri müraciət edənlərə müasir tipli avadanlıqlardan istifadə və şəraitin yaradılmasına dəstəyini əsirgəmir, onlara marketinq, brendinq, dizayn, maliyyə-mühasibat, hüquqi yardım, biznesin planlaşdırılması, qablaşdırma, daşınma və nəhayət satışın təşkili istiqamətində köməklik edir.
- İndiyədək ABAD-a nə qədər müraciət daxil olub və bu müraciət əsasında neçə ailəyə biznesinin qurulması üçün köməklik edilib? Müraciət edənlər daha çox hansı sahələrdə istehsalla məşğul olmaq istəyir?
- İndiyədək ABAD-a 460 müraciət daxil olub. Müraciətlər əsasən bizim internet sayt və "Facebook" sosial şəbəkəsi üzərindən olur. Bundan başqa, telefon vasitəsi ilə də suallar daxil olur. Azərbaycan üzrə 11 "ASAN xidmət" mərkəzləri fəaliyyət göstərir. Minlərlə könüllü komandamız, məlumatlandırma vasitələrimiz var. Yəni, cəmiyyət kifayət qədər məlumatlandırılır. Bəlkə də bizim dekorativ xalq-tətbiqi sənətə üstünlük verdiyimizdəndir ki, daxil olan müraciətlərin 403-ü məhz dekorativ tətbiqi sənət ilə, 57 müraciət isə kənd təsərrüfatı istiqaməti ilə bağlı olub.

Artıq bizim sıralarda 140 ABAD-çı var. Onu da qeyd edim ki, ABAD-çı artıq bizim təşkilatda formalaşmış bir termindir. Digər tərəflərdə də ABAD-çı termini artıq istifadə olunmaqdadır. ABAD-çı əslində nədir? Bu, bir sahibkarlıq subyektidir. Bir ailənin "ABAD"çı olması üçün bizimlə müqavilə bağlanılır. Müqavilə komisyon əsaslarda imzalanmış bir müqavilədir. Müqaviləyə əsasən həmin şəxsin VÖEN-i açılır, bank hesabı açılır. "ABAD Mərkəz" tərəfindən qeyd etdiyim xidmətlərin ən əsası maliyyə və mühasibatlığın aparılması ilə bağlıdır ki, biz bu sahədə onlara dəstək oluruq. Azərbaycanda kiçik və orta sahibkarların içində vergi və maliyyə intizamının gücləndirilməsində də "ABAD"ın xüsusi rolu olur. Faktiki olaraq fəaliyyətimiz dövründə 140 yeni sahibkarlıq subyekti yaranıb
- Hər kəs "ABAD Mərkəz"ə müraciət edə bilərmi? Yoxsa burada da hansısa tələblər, meyarlar var?
- Heç bir meyar yoxdur. Hər kəs "ABAD Mərkəz"ə müraciət edə bilər. Sadəcə olaraq biz də təhlil aparırıq, tərəfimizdən müraciət edənlərin biznes qurmaq potensialı qiymətləndirilir. Əslində ABAD-a müraciət üçün müəyyən bir çərçivə mövcud deyil. Biz hələlik pilot layihə olaraq yalnız dekorativ xalq sənətkarlığı ilə məşğul olan sənətkar ailələri və kənd təsərrüfatı istehsalı ilə məşğul olan ailələrə öz bizneslərini qurmağa kömək edirik. Kənd təsərrüfatında işlər daha mürəkkəbdir. Buna görə də bu sahə ilə bağlı müraciət edənlərin potensialı daha dərindən araşdırılır. Çünki, bilirsiniz ki, bazara çıxmaq elə də asan iş deyil və məhsulun davamını gözləmək lazımdır. Başqa sözlə, keyfiyyətlə yanaşı, həcmlər də daimi olmalıdır. Yəni, rəflər boş qalmamalıdır.
- "ABAD Mərkəz"ə daha çox kimlər müraciət edir? Daha çox hansı yaş qrupundan olan insanlar Mərkəzin xidmətlərindən yararlanmaq istəyir?
- Dəqiq təhlil etsək, deyə bilərəm ki, bərabərdir. Bundan başqa, mən bir məsələni xüsusi qeyd etmək istəyirəm. "ABAD Mərkəz" əl işləri üzrə sənətkarlıqla məşğul olan fiziki məhdudiyyətli vətəndaşlarımıza üstünlük verir, çünki, bu, oturaq bir işdir. Onlar evlərində bu işlə məşğul olur. Bizə bu sahə ilə bağlı müraciət etmiş 116 nəfərin tərkibində fiziki məhdudiyyətli insanlar da müəyyən paya malikdir. Bilirsiniz ki, hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiilə də sıx əməkdaşlıq edirik. Onların da çox müsbət layihələri var. Bu layihələrdən ən əsası və ABAD-ın layihələrinə oxşar olanı özünü məşğulluğun inkişafı ilə bağlıdır. Bu baxımdan biz Əlillərin Reabilitasiya Mərkəzi ilə də çox sıx əməkdaşlıq edirik. Bu mərkəzdə əsasən oymaçılıq sənəti, rəssamlıq, xalçaçılıq üzrə treninqlər təşkil olunur. Yəni, ABAD-çıların sıralarında fiziki məhdudiyyətli vətəndaşlarımız da çoxdur.
- ABAD tərəfindən dəstəklənən neçə ailə təsərrüfatının məhsulları satışa çıxarılıb? Bu məhsulları haradan qalmaq olar?
- Əvvəlcə onu qeyd edim ki, ailə təsərrüfatlarının yaradılmasında müəyyən xoflar var. Yəni, vətəndaşlar bu gün də ailə təsərrüfatlarında çalışırlar. Məsələn, biz bilirik ki, həftənin müəyyən günlərində kənddə yaşayanlar vətəndaşlarımız həyətlərindəki məhsullarını Bakı şəhərində satırlar. Amma onlar bu işi daha da böyük həcmlərə çatdırmağa, artırmağa cürət etmirlər. VÖEN-lərin açılması, vergi qanunvericiliyinin izlənməsi, mühasibatlığın yaradılması onlarda müəyyən xoflar yaradır. ABAD publik hüquqi şəxs belə insanlara bu fobiyaları, qorxuları aşmaqda dəstək olur. Bu günə qədər Masallı regionu üzrə 9 ABAD-çının məhsulu satışa çıxarılıb, Balakən üzrə 12 ailəyə dəstək göstərilib ki, onlardan da beş ailənin məhsulu artıq satışdadır. Digərlərinin də məhsulları satışa hazır vəziyyətə gətirilir. Bu yaxınlarda biz supermarketlərə çıxmaq ərəfəsindəyik. Amma hazırda satışa çıxarılan kənd təsərrüfatı məhsullarından danışırıqsa, suvenir xarakterli cem-mürəbbələr və ballar istehlakçılar tərəfindən böyük məmnuniyyətlə alınır. Biz kiçik qablaşdırmada olan bu məhsulları digər suvenir əşyalarla birlikdə bizim satış sərgi mərkəzlərimiz vasitəsi ilə satışa çıxarmışıq. İndi bizim 3 satış-sərgi mərkəzimiz fəaliyyətdədir. İlk mərkəzimiz Novruz bayramı ərəfəsində İçəri Şəhər Dövlət Tarixi Memarlıq Qoruğunda istifadəyə verilib və çox uğurlu olub. İkinci sərgi-satış mərkəzimiz Hava limanında, "duty-free" ərazisində yerləşir. Üçüncü sərgi satış mərkəzimiz isə Bakı şəhərində "Dəmir yolu vağzalı"nda yerləşir. İndiyə qədər bütün satışlarımız yalnız bu 3 sərgi-satış mərkəzi vasitəsilə həyata keçirilib. Amma hal-hazırda qeyd etdiyim kimi, məhsulların supermarketlər şəbəkəsi vasitəsi ilə satıçının təşkili istiqamətində işlər aparılır.
- Yardım etdiyiniz ailə təsərrüfatları tərəfindən yaradılan məhsullara tələbat böyükdürmü? Gələcəkdə ixracyönümlü məhsulların istehsalı mümkündürmü? Çünki, mütəmadi və davamlı qazanc əldə etdiyini görən və sizin dediyiniz kimi xofu üzərindən atmağı bacaran ailə təsərrüfatları daha geniş bazara çıxmağı hədəfləyəcək. Belə bir potensial görürsünüzmü?
- Hələlik "ABAD Mərkəz" tərəfindən yardım alan 140 ailənin istehsal etdiyi məhsullar xaricə ixrac olunmur. İlk vaxtlarda, ən əsası da sənətkarlıq sahəsində işləyən ABAD-çılarımız deyirdilər ki, məhsullarımızı bizdən nağd alın. Yəni, onlar "Mənim pulumu verin, sonra da məhsulu alın" deyirdilər. Biz onları öz qaydalarımıza uyğunlaşdırdıq. Dedik ki, yox. Sizin VÖEN, bank hesabınız var. Mallar satılacaq, sonra vəsait sizin hesabınıza ödəniləcək. İndi onlar vəsaitlərin hesablarına daxil olub-olmadığı ilə maraqlanmırlar. Yəni, insanlarda bu sistemə əminlik yaranıb. Vəsaitlərin bank hesabına oturulması bütün proseslərin şəffaf getməsinə imkan verir. Potensiala gəlincə, təbii ki, belə bir imkan görürük. Nəticə etibarilə hər şey ixracla nəticələnməlidir. Çünki, Azərbaycan bazarı elə də hədsiz bir bazar deyil. Əsas bazar da Bakı şəhəridir. Yəni, mütləq qaydada məhsullarımızın sayı artdıqca, bu bizi ixraca aparacaq. Bu gün biz Bakı şəhərinin tələbatını belə ödəyə bilmirik. Ona görə də böyük potensial hələ daxili bazarda qalmaqdadır.
- Mövcud layihələr çərçivəsində araşdırmalar aparırsınızmı? İqtisadiyyatın hansı sahəsində məşğuliyyət ABAD-çılar üçün daha rentabelli olar? Və yaxud onların bacarıqları və imkanları ilə müqayisə edirsinizmi?
- Bizim publik hüquqi şəxsdə iki əsas şöbə, yəni iki istiqamət olduğu üçün, dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsi ilə məşğul olan şöbələr fəaliyyət göstərir. Bu şöbələrdə daim təhlillər aparılır. Bu təhlillərin nəticəsində biz treninqlər təşkil edirik. Elə sənətkarlar var ki, əl işləri çox gözəldir, amma məhsulun həcmi böyükdür. Məsələn, böyük bir qartal düzəldir, qiyməti də baha olur, heç kim də almır. Məhz bu səbəbdən araşdırma aparırıq, onlara treninq keçirik. Hətta bizim 3 satış-sərgi mərkəzimiz artıq yarım ildir ki, fəaliyyət göstərir. Bu mərkəzlərdən də biz bir çox şeylər öyrənib, nəticələr çıxarmışıq. Biz bilirik ki, hansı məhsullara hansı ölkənin vətəndaşları daha çox üstünlük verir. Yeri gəlmişkən qeyd edim ki, bizim sərgi-satış mərkəzlərində satılan məhsulların 80%-i xarici turistlər tərəfindən alınır ki, yerdə qalan 20%-də azərbaycanlıların payına düşür. Bunu da xüsusi qeyd etmək lazımdır. Bu da xarici vəsaitin Azərbaycanda akkumulyasiya etməsidir. Təbii ki, treninqlər keçirilir. Biz ABAD-çıları daha çox satışın olduğu məhsulları istehsal etməyə çağırırıq.
- Yeri gəlmişkən, daha çox hansı ölkələrin vətəndaşları ABAD-çıların məhsullarını alır?
- Müşahidələr göstərir ki, Rusiya, İran, bir də ərəb ölkələrindən olan turistlər ABAD-çıların məhsullarına maraq göstərir və həvəslə bu məhsulları alırlar.
- ABAD mərkəzləri tərəfindən ailə əməyi təsərrüfatlarının formalaşdırılması üçün daha hansı layihələr həyata keçiriləcək və gələcəkdə mərkəzlərin sayının artırılması gözlənilirmi? Hansı bölgələrdə, rayonlarda açılması planda var?
- İlk mərkəzimiz qeyd etdiyim kimi Masallıda açılıb, Masallı "ASAN Həyat Kompleksi"nin tərkibindədir. Bu, bildiyiniz kimi, ilk "ASAN Həyat Kompleksi"dir. 10 "ASAN xidmət" mərkəzi mövcuddur ki, bunlar sadəcə olaraq "ASAN xidmət" funksiyalarını yerinə yetirmək üçün yaradılıb. "ASAN Həyat Komplekslər"i isə özündə bank, kinoteatr, digər iaşə obyektləri və "ABAD Mərkəz"lərini birləşdirir. Bu mənada gələcəkdə 4 "ASAN Həyat Kompleksi"nin açılması nəzərdə tutulur ki, bunların da hər birinin tərkibində "ABAD Mərkəzi" olacaq. Bu komplekslər Quba, Mingəçevir, İmişli və Şəkidə yerləşəcək.