Prezident İlham Əliyev Monteneqro Ali Məhkəməsinin sədrini qəbul edib Siyasət

Prezident İlham Əliyev Monteneqro Ali Məhkəməsinin sədrini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Monteneqro Ali Məhkəməsinin sədri xanım Vesna Medenitsanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Monteneqro prezidenti Filip Vuyanoviçlə bu yaxınlarda Nyu-Yorkda görüşdüklərini məmnunluqla xatırlayıb, eyni zamanda, özünün Monteneqroya səfərinin uğurlu keçdiyini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycan ilə Monteneqro arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edib, iqtisadi əlaqələrimizin, o cümlədən investisiya qoyuluşu sahəsində əməkdaşlığımızın uğurla inkişaf etdiyini deyib. Dövlət başçısı digər sahələrdə də əlaqələrimizin genişləndirilməsinin vacibliyini bildirib, Monteneqro Ali Məhkəməsinin sədri Vesna Medenitsanın səfərinin Azərbaycan və Monteneqronun hüquq-mühafizə orqanları arasında əməkdaşlığın genişlənməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu qeyd edib.

Monteneqro Ali Məhkəməsinin sədri Vesna Medenitsa bildirib ki, ölkəmizdə gördükləri böyük inkişaf prosesləri nümayəndə heyəti üzvlərində dərin təəssürat yaradıb. Azərbaycanın iqtisadi sahədə qazandığı uğurların ölkəsində böyük maraqla izlənildiyini deyən qonaq vurğulayıb ki, bütün bu uğurlara zəngin təcrübəyə malik olan prezident İlham Əliyevin rəhbərliyi sayəsində nail olunub. İki ölkənin ali məhkəmə orqanları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edən V. Medenitsa ölkəmizə bu səfəri zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı faydalı müzakirələrin aparıldığını deyib.