“İclaslarda 11 məsələ müzakirə edilib” Siyasət

“İclaslarda 11 məsələ müzakirə edilib”

Milli Məclisin İnsan hüquqları komitəsinin 2017-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə 10 iclası keçirilib. Bu barədə məlumat verən komitə sədri Bahar Muradova bildirib ki, həmin iclaslarda 11 məsələ müzakirə edilib. Bu məsələlərdən yeddisi qanun layihəsi, biri isə ombudsmanın illik məruzəsi olub. Bunlar "İnformasiya əldə etmək haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Siyasi partiyalar haqqında", "Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında" qanunlara dəyişikliklər və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" və "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihələridir. Komitə bu müddət ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun nəşinin verilməməsi ilə bağlı bəyanat qəbul edib. Onun sözlərinə görə, ötən müddətdə komitəyə 827 sənəd daxil olub, komitə rəhbərliyi tərəfindən isə 168 vətəndaş fərdi şəkildə qəbul edilib. Aidiyyəti təşkilatlara göndərilən 181 müraciətdən 175-nə, yəni 97 faizinə cavab alınıb. Komitə sədri əlavə edib ki, 2017-ci il payız sessiyada komitənin iş planı səkkiz istiqamətdə həyata keçiriləcək. Bunlar Azərbaycan Respublikası Qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri, insan hüquqları sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsi, soyqırımı, təcavüz, etnik təmizləmə və digər beynəlxalq cinayətlərin cəzalandırılmasına nail olunması istiqamətində tədbirlərin təşkili, müvafiq təşkilatlarla bağlanmış anlaşma memorandumlarından irəli gələn məsələlərlə bağlı tədbirlərin keçirilməsi və digər məsələlərdir.