“Ukraynanın XİN rəhbərinin Bakı səfəri məhsuldar oldu” Siyasət

“Ukraynanın XİN rəhbərinin Bakı səfəri məhsuldar oldu”

"Ukraynanın xarici işlər naziri Pavel Klimkinin Bakıya səfəri məhsuldar oldu. Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib. P.Klimkinin Ukraynanın Bakıdakı səfriliyində jurnalistlərlə keçirilən görüşündə də iştirak edən politoloqun sözlərinə görə, Ukrayna ilə Azərbaycan arasında bir yeni mühüm layihələr həyata keçiriləcəyi ehtimal edilir: "Birincisi, Kiyev Bakı ilə əməkdaşlığın indiki səviyyəsindən razıdır və yeni layihələr üzərində iş gedir.
İkincisi, Kiyev Azərbaycan prezidentinin Ukraynaya rəsmi səfərinə ciddi hazırlaşır və xeyli sənədin imzalanacağı proqnozlaşdırılır.
Üçüncüsü, Klimkin GUAM-ın işini canlandırmaq istəyir və bir maraqlı nüansa toxundu: "Nyu-Yorkda GUAM ölkələrinin xarici işlər nazirlərinin görüşünə Yaponiyanın xarici işlər naziri də qatılmışdı. Bu təşkilatımıza olan maraqdan irəli gəlir".
Dördüncüsü, Klimkin üçlü formatlar haqqında sualıma cavab olaraq dedi ki, Türkiyə-Ukrayna-Azərbaycan formatının təsis olunması realdır, böyük ehtimalla bu haqda Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın Kiyevə səfəri zamanı danışılacaq".
E.Şahinoğlunun sözlərinə görə, ukraynalı nazir Donbas və Dağlıq Qarabağ problemlərinin eyni kökdən qaynaqlandığına etiraz etməyib: "Klimkin Dağlıq Qarabağla Donbas arasında detallı paralellər aparmaq istəməsə də ona etirazımı bu şəkildə bildirdim: "Cənab nazir hər ikisi də eynidir, sizdə də işğal var, bizdə də, sizdə ərazi bütövlünə qəsd var, bizdə də, nə fərq var ki?". Nazirdən sözlərimi təkzib edən fikir eşitmədim".
Qeyd edək ki, ukraynalı nazir Dağlıq Qarabağ və Donbas arasında paralellik aparmaq istəməyib: "Qarabağ məsələsi başqa siyasi şərtlərdə baş verib. Qarabağ məsələsi real dondurulmuş münaqişədir ki, bu da yalnız Rusiyanın marağındadır".