Cenevrədə Qarabağ danışıqları Siyasət

Cenevrədə Qarabağ danışıqları

Xarici işlər nazirləri və həmsədrlər: Prezidentlərin görüşü konstruktiv mühitdə keçib

Cenevrədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.
Görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat yayıblar.
Bəyanatda deyilir: "Ermənistan Respublikasının Prezident Serj Sarkisyan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cenevrədə, İsveçrə zirvə görüşü keçirdilər. ATƏTMinsk Qrupunun həmsədrlərinin (İqor Popov Rusiya Federasiyası, Stefan Viskonti Fransa, Andrü Şofer Amerika Birləşmiş Ştatları) himayəsi altında keçirilən görüşdə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iştirak etdilər. Zirvə görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də qatıldı.
Görüş konstruktiv mühitdə keçdi. Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə etdilər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər".
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza həmsədrlərin bəyanatının müsbət olduğunu bildirib.
Onun sözlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın Cenevrədə keçirilən görüşündən sonra iki ölkənin XİN rəhbərlərinin və ATƏT Minsk qrupu həmsədrlərinin birgə bəyanatı uzun müddət ərzində verilən ən müsbət bəyanatdır. Bu bəyanat onu göstərir ki, tərəflər prosesi aktivləşdirmək istəyir və qoşunların qarşıdurma xəttində gərginliyin azaldılması üçün tədbirlər görmək niyyətindədir".
Brayza qeyd edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə işgüzar sessiyaların təşkil olunması növbəti məntiqi addımdır: "Əgər prezidentlər prosesi bərpa etməyə razılaşıbsa, əlbəttə ki, xarici işləri nazirləri ilə bu cür işgüzar görüşlərin təşkil edilməsi həmsədrlərin öhdəliyidir".