“Terror qruplaşmalarını radikal islamçı qismində yaradan ABŞ-dır” Siyasət

“Terror qruplaşmalarını radikal islamçı qismində yaradan ABŞ-dır”

Natiq Miri: "Bu, dünya dövlətlərində artıq heç bir şübhə doğurmur"

"ABŞ Rakkanı azad etməklə bütün dünyaya terrorla mübarizə apardığını nümayiş etdirmək istəyir". Bunu Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib. O qeyd edib ki, əsas məqsəd təkcə terrorun bitirilməsi deyil: "Bu terror qruplaşmalarını lap əvvəldən radikal islamçı qismində bilavasitə yaradan dövlət ABŞ-dır. Bu, dünya dövlətlərində artıq heç bir şübhə doğurmur. Ona görə də Rakka əməliyyatını terrorla mübarizədə dönüş nöqtəsi kimi qiymətləndirmək düzgün olmazdı. Əksinə, düşünürəm ki, ABŞ-ın regionu yenidən şəkilləndirmək oyunu hələ də davam edir. Fikir verirsinizsə, Türkiyə yenidən Suriyaya hərbi müdaxilə edərək İdlib şəhərinə girdi və onun ətrafındakı bir çox strateji nöqtələri götürməklə əslində, ABŞ-ın dəstək verdiyi başqa bir terror qruplaşmasını mühasirəyə aldı. Söhbət PKK-nın Suriya qolu olan PYD-YPG kürd güclərindən gedir. Bir terrorçu ilə başqa bir terrorçunu zərərsizləşdirmək və bunu bütün dünyaya anlatmaq açığı, absurd olduğu qədər də gülüncdür. Bundan başqa ABŞ-ın həmin terror qruplaşmasına minlərlə TIR həcmində göndərdiyi yardımı kimsə gözardı edə bilməz. Bu silahların sabah məhz Türkiyəyə qarşı istifadə edilməyəcəyinə kimsə zəmanət verə bilməz". N.Miri bu kontekstdə düşünmək üçün belə bir sual qoyur: "Türkiyə İdlibə müdaxilə edən kimi Rakka əməliyyatı bitirildi və PKK-nın İŞİD terrorçuları ilə bir həftə ərzində apardığı danışıqların nəticəsi ondan ibarət oldu ki, bütün İŞİD terrorçuları tamamilə təhlükəsiz şəkildə Rakka şəhərini tərk etdilər. PYD-YPG gücləri Rakkaya çox asanlıqla daxil oldular. Bəs İŞİD terrorçuları hara getdi? Məsələ ondadır ki, İŞİD terrorçuları artıq Rakkadan məhz Türkiyə ordusu ilə döyüşmək üçün İdlib bölgəsinə göndərildi. Məsələnin mahiyyəti budur. Bu, bir daha göstərir ki, ABŞ-ın regionda qurduğu böyük oyun hələ də davam edir".
Politoloq qeyd edib ki, İraq ordusu Türkiyə və İranın da müəyyən dəstəyi ilə Kərkük əməliyyatı keçirən kimi İŞİD Məsud Bərzanini qorumaq üçün hərəkətə keçdi və peşmərgə ilə İraq ordusu arasındakı qarşıdurmadan istifadə edərək Kərkük ətrafında iki kəndi yenidən işğal etdi: "Bu o anlama gəlir ki, İŞİD məhz ABŞ-ın göstərişi ilə hərəkət edir və Vaşinqton İŞİD kartından istifadə etməklə prosesi növbəti dəfə öz istədiyi kimi yönəltmək istədi. Ancaq bu dəfə alınmadı. Çünki regionda gözardı edilə bilməyəcək qədər güclü Türkiyə dövləti var. Bu gün regionda Türkiyəni nəzərə almadan hansısa prosesi başladıb sona çatdırmağa kimsə nail olmayacaq. Rusiya zamanında bunu anladığı üçün Türkiyə ilə razılaşdı və Türkiyə-İran-Rusiya üçlüyü Suriya ərazilərinin artıq 97 faizdən çoxunu terrorçulardan təmizləyib. Bu, bilavasitə Türkiyənin iştirakı ilə olub. Ona görə də ABŞ-ın dəstəklədiyi PKK-nın davamçıları olan PYD-YPG gücləri ilə Rakkanın azad edilməsini bir dönüş nöqtəsi kimi dəyərləndirmək lazım deyil. Rakka sadəcə olaraq simvolik bir paytaxt olaraq düşünülmüşdü və Türkiyənin dəstəyi ilə şəhəri istənilən zaman çox asanlıqla azad etmək mümkün olardı. Ancaq ABŞ bunu istəmədi və Suriyada bu qədər qüvvələr olmasına rəğmən, yalnız PKK-nın davamçısı olan PYD-YPG terrorçularını seçdi ki, bununla da əslində regionda bir kürd dəhlizinin yaradılmasını hədəflədilər. Həmin dəhliz Şimali İraqdan tutmuş Suriyanın şimalından keçməklə İdlib şəhərini də öz əhatəsinə alaraq Aralıq dənizinə çıxmağı nəzərdə tuturdu ki, məhz bu qaçaq yolla gələcəkdə enerji daşıyıcılarını Avropaya çox asanlıqla daşımaq mümkün olsun. Bu layihənin həyata keçirilməsinə yeganə əngəl dövlət Türkiyədir ki, Ankara məhz Moskva ilə anlaşma çərçivəsində bu layihəni tamamilə darmadağın etdi".