“Azərbaycanın D-8 Zirvə Toplantısında iştirakı ölkəmiz üçün çox əhəmiyyətlidir” Siyasət

“Azərbaycanın D-8 Zirvə Toplantısında iştirakı ölkəmiz üçün çox əhəmiyyətlidir”

Tahir Kərimli: "Birləşmiş Millətlər Təşkilatı artıq D-8 formatını tanıyır"

"Azərbaycanın D-8 Zirvə Toplantısında iştirakı ölkəmiz üçün çox əhəmiyyətlidir". Bunu millət vəkili Tahir Kərimli deyib. Onun sözlərinə görə, əhalisi 100 milyon olan böyük müsəlman dövlətləri ilə yanaşı, Azərbaycanın səsinin beynəlxalq miqyasda eşidilməsi böyük nailiyyətdir: "Bir mühüm cəhət də ondan ibarətdir ki, Birləşmiş Millətlər Təşkilatı artıq D-8 formatını tanıyır və əhəmiyyət verir, D-8-in qəbul etdiyi qərar və qətnamələr BMT-də məcburi müzakirə ediləsi məsələlərə çevrilir. Düşünürəm ki, toplantı, digər ölkələrin rəhbərləri ilə təmaslar Azərbaycan üçün çox faydalı oldu". Azərbaycan Prezidenti İlham Əliyevin toplantıda çıxışının konkret hədəfə istiqamətləndiyini deyən deputat söyləyib ki, dövlət başçısı toplantıda çıxışının əsas hissəsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və münaqişənin həllinə mane olan tərəfə yönəltdi: "Prezident İlham Əliyev ən əsası onu qeyd etdi ki, özünü müsəlman dövlətlərinə dost kimi göstərmək istəyən Ermənistana heç vaxt inanmaq olmaz. Dövlət başçısı çağırış etdi ki, sözdə Ermənistanı təcavüzkar kimi pisləyən bəzi dövlətlər əslində həmin ölkə ilə dostluq edirlər və bu düzgün deyil. Bəzi müsəlman dövlətləri açıq-aşkar bu işlə məşğul olurlar".
Deputat Azər Badamov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşünə xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını göstərir. Deputat bildirib ki, Azərbaycan müstəqil ölkə olaraq dünya arenasında, siyasətində özünəməxsus rola malikdir: "Ona görə də Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə iştirak etməsinin həm dövlətimiz, həm də üzv ölkələr üçün böyük əhəmiyyəti var. Azərbaycan aktiv bir ölkə olaraq belə görüşlərə tez-tez dəvət olunur".
A.Badamov vurğulayıb ki, Azərbaycan Prezidentinin Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sözügedən görüşdə iştirakı bir daha onu göstərir ki, Azərbaycanla Türkiyə arasında böyük dostluq əlaqələri var: "Ümumiyyətlə bütün beynəlxalq təşkilatlarda Türkiyə ilə Azərbaycan birlikdədir. Heç bir xarici müdaxilə və yaxud kimlərsə bizim dostluğumuza xələl gətirə bilməz".
Millət vəkili Musa Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin İstanbulda keçirilən D-8 Zirvə Toplantısına dəvət edilməsi Azərbaycanın beynəlxalq nüfuzunun bir göstəricisidir. Millət vəkili bildirib ki, bu, həmçinin Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin mövqeyi ilə dünyanın aparıcı dövlətlərinin hesablaşmasından xəbər verir: "Prezident İlham Əliyevin sammitdə çıxışı bir daha göstərdi ki, Azərbaycan nəinki bölgə üçün, eyni zamanda dünya üçün çox əhəmiyyətli və nüfuzlu dövlətdir. İstər enerji ehtiyatlarına, istər yerləşdiyi regionun iqtisadi və beynəlxalq əhəmiyyətinə, istərsə də bir sıra transregional layihələrin müəllifi olmasına görə ölkəmiz bu gün vacib rola malikdir". M.Quliyev qeyd edib ki, Azərbaycan həm də multikultural dövlət kimi öz təcrübəsini dünyaya göstərib: "Prezidentin çıxışında dünya ölkələrinə müraciət etməsi, humanizmi, tolerantlığı önə çəkməsi əhəmiyyətli məsələdir. Azərbaycan Prezidentinin müsəlman ölkələrinə müraciəti də kifayət qədər cəsarətli və tarixi bir müraciət idi. Dövlət başçısı çıxışında bildirdi ki, məbədləri, tarixi abidələri, məscidləri dağıdan bir ölkə ilə müsəlman dövlətləri necə əməkdaşlıq edə bilər? Bu, bizim qonşularımıza da çox ciddi mesajdır. Eyni zamanda müsəlman birliyinə çağırış mühüm hadisədir".
Qeyd edək ki, ötən gün İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) "Əməkdaşlıq yolu ilə imkanları artırmaq" devizi altında IX Zirvə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.