“Azərbaycan erməni terroru barəsində dünyaya çağırış edəndə aparıcı ölkələr susdu” Siyasət

“Azərbaycan erməni terroru barəsində dünyaya çağırış edəndə aparıcı ölkələr susdu”

Aydın Mirzəzadə: "Qərb ölkələrinin digər ölkələrin problemlərinə biganəliyi sonda özünün həmin problemlə üzləşməsinə gətirib çıxarır"

"Tanınmış Avropa dövlətləri də "Soros" Fondunun ayrı-ayrı ölkələrin müstəqilliyinə qarşı planlı şəkildə təxribat apardığının fərqinə varırlar. Avstriya və Macarıstanın adıçəkilən fondun fəaliyyətinin həmin ölkələrdə dayandırılması ilə bağlı atdığı addımlar onu göstərir ki, bu hələ başlanğıcdır". Bunu millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkilinin sözlərinə görə, ayrı-ayrı ictimai təşkilatların fəaliyyəti ancaq sosial və humanitar proqramların həyata keçirilməsinə dəstək verməkdən ibarətdir. Corc Sorosun təşkil etdiyi və maliyyəsinin haradan gəldiyi məlum olmayan fond axırıncı onilliklərdə birqayda olaraq müstəqil dövlətlərin daxili işlərinə qarışmağa, hakimiyyət çevrilişlərini maliyyələşdirməyə, bu və ya digər layihələri gözdən salmağa çalışır:
"Onun Azərbaycanda "gördüyü işlər" birbaşa müstəqilliyimizə qarşı yönəldiyinə görə, Soros fondunun fəaliyyətinə son qoyuldu. Beləliklə də ayrı-ayrı vətəndaşlarımızın fondun diqtəsi ilə "beşinci kolon" kimi formalaşdırılmasına qadağa qoyuldu. Təssüf ki, dünya, Avropa ölkələri bu məsələdə Azərbaycanı dəstəkləmədilər. Hətta Soros fondununun fəaliyyətini məhdudlaşdırdığına görə, rəsmi Bakını demokratiyanı, insan haqlarını, azad sözü pozmaqda ittiham etdilər".
Aydın Mirzəzadə onu da vurğulayıb ki, Qərb ölkələrinin özləri "Soros"un anti-bəşəri fəaliyyətlə məşğul olduğu qənaətinə gəlirlər:
"Vaxtilə Ermənistanın Azərbaycan ərazisində törətdiyi terror hadisələri barəsində dünyaya çağırış edəndə aparıcı ölkələr bu məsələyə susdu. Ancaq bu gün terror hadisələri Amerikanın, Avropanın gündəlik həyatına çevrilib. Qərb ölkələrinin digər ölkələrin problemlərinə biganəliyi sonda özünün həmin problemlə üzləşməsinə gətirib çıxarır. İkinci dünya münaribəsindən sonra dünyada dinc yaşamaq, bir-birinin daxili işlərinə qarışmamaq, insan hüquqları və demokratiya əsas prinsiplər kimi qəbul edildi. İndiyə qədər də bu prinsiplər öz müsbət bəhrəsini verməkdədir. Ancaq, "Soros"ların məqsədi bu cür bəşəri ideyaları kökündən dağıtmaqdan ibarətdir. Soros Fondu bu məsələdə tək deyil. Onun kimi bu cür dağıdıcı fəaliyyətlərlə məşğul olan digər mərkəzlər də var. Görünür, bu mərkəzlərə lazımi qiymətlərin verilməsinin vaxtı çatıb".
Qeyd edək ki, Avstriyada və ardınca Macarıstanda Avropanın nüfuzlu təşkilatlarından sayılan Soros Fondunun fəaliyyəti dayandırılıb. Corc Sorosun yaratdığı fondun məhz doğulduğu ölkədə - Macarıstanda fəaliyyətinin dayandırılmasına Qərb ölkələri hələlik münasibət bildirməyib. 5 dekabr 2011 –ci ildə adıçəkilən fondun Azərbaycandakı fəaliyyətinə qadağa qoyulub.